"Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
Agentlik sədri bildirib ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub: "Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq, bu il Nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır.
Həmçinin 2021-ci ilin 10 ayı ərzində Agentlik tərəfindən 7615 nəfər əlilliyi olan şəxsə 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaq verilib. Son iki ildə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib. Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib".