Şirvan Şəhər Polis Şöbəsində respublikanın Cənub, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanları rəislərinin xidmət üzrə müavinlərinin və qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib.
DİN mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Toplantıda daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev görülən işlər, xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Daha sonra məruzə ətrafında müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran İ. Əliyev son naziryanı əməliyyat müşavirəsində daxili işlər naziri Ramil Usubovun qeyd etdiyi iradları xatırladaraq, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların, polisin cəmiyyət arasında yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirən neqativ halların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildirib.
Nazir müavini xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyyələrini çatdırıb, hər bir əməkdaşdan üzərinə düşən vəzifələri yüksək səviyyədə və layiqincə yerinə yetirməyi tələb edib.