“Sülh davamlı prosesdir. Davamlı sülh isə daimi səy tələb edir. Biz hamımız buna nail olmaq üçün bütün imkanlarımız çərçivəsində birlikdə çalışmalıyıq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumuna videomüraciətində deyib.
Migel Angel Moratinosun sözlərinə görə, sülh mədəniyyətinin inkişafı bir-birini tamamlayan prosesdir:
“Mədəniyyətlərarası və dinlərarası dialoq qarşıdurmaya qarşı mühüm alətdir. Mədəniyyət naminə sülhün məqsədi BMT-nin Sivilizasiyalar Alyansının məqsədinə uyğundur. Bizim Alyans 2008-ci ildə Bakı prosesinin də əsas dəstəkçilərindən biri olub. Mədəniyyət naminə sülh konsepsiyası bu regionda davamlı sülhə nail olmaq üçün mühüm alətdir.
BMT-nin qətnaməsində mədəni irsin silahlı münaqişə zamanı dağıdılması, o cümlədən terrorçu qruplar tərəfindən daşınması pislənir. Bununla yanaşı BMT-nin baş katibi tərəfindən 2016-cı ildən işə salınmış dini abidələrin qorunması ilə bağlı fəaliyyət planı da var. Bu da dini yerlərin universallığını qorumaq üçün nəzərdə tutulub”.