“Məşğulluq” altsistemində 110 min vakansiyanın qeydiyyata alınıb, hazırda 14 min aktiv vakansiya var.
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Sahil Babayev məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərini, “Məşğulluq” altsisteminin əhəmiyyətini qeyd edib.
Əsas hədəflər olaraq “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması və sair işlərini diqqətə çatdırıb. Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında dəstək olduğunu bildirən S.Babayev bu xidmət sahəsində bir sıra yeni layihələri - “Alo Karyera”, “CV yarat”, “Mobil Peşə”, “Bacar” platformalarını qeyd edib:
"Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması və sair işlər də davam edir. Gələcək fəaliyyətə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyinin genişləndirilməsi və digər tədbirlər də daxildir".
Nazir bildirib ki, bu Forum peşəyönümü məsləhət xidmətinin önəmini və zəruriliyini hədəf qruplarına çatdırmaq, əmək bazarının hazırki durumu, əmək bazarında gələcəyin ən vacib bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artımaq, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmaq baxımından imkan verir.