AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Ağasəlim Həsənovun “The problem of coexistence in Azerbaijani and Armenian societies: historical and contemporary realities” ("Azərbaycan və Ermənistan cəmiyyətlərində birgəyaşayış problemi: tarixi və çağdaş reallıqlar") adlı elmi məqaləsi Vyanada nəşr olunan nüfuzlu “European Science Review” jurnalında dərc olunub.
Bu barədə Teleqraf.com-a Ağasəlim Həsənov özü məlumat verib.
Alim məqaləni şəhidlərə ithaf etdiyini bildirib. O qeyd edib ki, məqalənin məqsədi Azərbaycan və Ermənistan cəmiyyətlərində birgəyaşayış problemini tarixi və çağdaş reallıqlar kontekstində müqayisəli-sosioloji aspektdən araşdırmaqdan ibarətdir: “Məqalədə etnik-dini baxımdan bir-birindən kəskin fərqlənən iki ölkənin birgəyaşayış təcrübəsi müqayisəli şəkildə təhlil edilib, fərqli xüsusiyyətlər müəyyənləşdirilib.
Məqalədə Azərbaycanın birgəyaşayış modeli geniş təhlil edilib. Azərbaycanın birgəyaşayış təcrübəsi göstərir ki, müxtəlif etnik-dini qrupların dinc birgəyaşayışı mümkündür və etnik konfliktlərin həlli heç də monoetnik cəmiyyətin yaradılmasında deyil. Multikulturalizm siyasətini dəstəkləyən Azərbaycanda etnik müxtəlifliyin təmin edilməsi, qarşılıqlı hörmət və tolerantlıq mühitinin qorunması, etnik-dini qrupların dinc birgəyaşayışı və təhlükəsizliyi kimi zəruri məsələlər daima diqqətdə saxlanılır.
Həmçinin, tolerantlıq və mədəni müxtəlifliyə hörmət ekstremizmə, müxtəlif növ sosial gərginliyə, zorakılığa və vətəndaş müharibəsinə qarşı ən yaxşı vasitə kimi qəbul edilir. Məhz bu siyasət nəticəsində Azərbaycan öz polietnik mənzərəsini qoruya bilib, onu inkişaf etdirib. Azərbaycanda multikulturalizm dövlət siyasətinə və həyat tərzinə çevrilib. Ölkədə hər bir etnik qrup öz dilini, folklorunu, mədəniyyətini inkişaf etdirmək imkanlarına sahibdir. Həmçinin, Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların dialoqunu təbliğ edən böyük forumların keçirildiyi məkana çevrilib və ölkədə din-dövlət münasibətləri arzuolunan xətt üzrə inkişaf edir”.
Ağasəlim Həsənov deyir ki, Ermənistan Azərbaycan kimi bir təcrübəyə malik deyil və orada monoetnik cəmiyyətin yaradılması baş verə biləcək etnik konfliktlərin həll yolu kimi dəyərləndirilir: “Ermənistan isə etnik-dini seperatizmi dəstəkləyən, öz ərazisində etnik deportasiyalar reallaşdıran və nəticədə öz monoetnlikliyi ilə fərqlənən ölkəyə çevrilib. Bu ölkədə faşist, milliyyətçi ideologiyalar hakimiyyətə iddialı olan müəyyən siyasi dairələr tərəfindən dəstəklənir. Ermənistanda din öz humanist mahiyyətindən uzaqlaşaraq əslində erməni milliyyətçiliyi ilə vəhdət təşkil edir və uydurulmuş "Böyük Ermənistan" ideyasının gerçəkləşməsinə xidmət edir".