Osmanlı zabiti və Türkiyə Cümhuriyyəti siyasətçilərindən Behiç Erkinin xatirələrində Azərbaycan Cümhuriyyətinin Gəncə dövrü ilə bağlı maraqlı məlumatlar var.
Osmanlının Hərbiyyə naziri Ənvər paşanın əmri ilə Azərbaycana gələn Erkin aldığı təlimatları yerinə yetirmək üçün Gəncədəki hökumət nümayəndələri ilə müzakirələr aparıb. Bu görüşlərin ən maraqlı mövzusu isə Türkiyə ilə Azərbaycanın konfederasiya şəklində birləşməsi olub. Doğrudur, Erkinin xatirələrinə görə, əslində, Osmanlı dövlətinin Azərbaycanı özünə birləşdirmək planı olub, lakin müttəfiqi Almaniya buna qarşı çıxdığına görə konfederasiya şəkli gündəmə gəlib. Hər halda bunlar Erkinin yazdıqlarıdır, başqa mənbələrlə müqayisə edilməsi vacibdir.
Behiç Erkin 1876-cı ildə İstanbulda doğulub. 1898-ci ildə hərbi məktəbi, 1901-ci ildə isə hərbi akademiyanı bitirib. 1912-ci ildə Balkan müharibəsində yunanlara əsir düşüb. Çanaqqala müharibəsindəki müvəffəqiyyətinə görə Almaniya imperatorluğu tərəfindən Dəmir Xaç medalı ilə mükafatlandırılıb. 19 iyul-28 avqust 1918-ci il tarixlərində Azərbaycanda fəaliyyət göstərib. 1920-ci ildə Mustafa Kamal paşanın başlatdığı Qurtuluş hərəkatına qatılıb, fəaliyyətinə görə İstiqlal medalına layiq görülüb. Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yollarının milliləşdirilməsi onun adı ilə bağlıdır. Türkiyənin Budapeşt və Paris səfiri olub. Erkin soyadını ona Atatürk verib. 1961-ci ildə 85 yaşında İstanbulda vəfat edib.
“Mənə kiçik bir villa hazırlamışdılar”
Xatirələrinin “Azərbaycana vəzifə səyahəti” adlı hissəsində Behiç Erkin Ənvər paşanın onu Azərbaycana təlimatla göndərdiyini qeyd edib. Erkin bu vəzifəsini yerinə yetirmək üçün Ənvər paşadan bu əmrləri aldığını yazıb: “Sülhdən sonra Osmanlı və Azərbaycan dövlətlərinin Avstriya-Macarıstan şəklində bir hökmdar əmri altında birləşmələri şəklini müzakirə etmək (təsəvvür Azərbaycanın birbaşa Türkiyəyə iltihaqı idi; fəqət Ənvər paşa almanların buna müxalifət etdiklərini mənə söylədi. Union Personell şəkli də bu müxalifətə görə düşünülmüşdür); Azərbaycanda ordu, polis və jandarma təşkilatı əsaslarını qurmaq üçün müvəqqəti hökumətlə anlaşmaq”.
Behiç Erkin 24 iyul 1918-ci ildə Batuma gəlib. 26-sı Batumdan qatarla yola düşüb və bir gün sonra Tiflisə çatıb. Daha sonra Azərbaycana yola düşüb: “28 iyul saat 9-da Gəncə (Yelizavetpol) şəhərinə vardım və İslam Ordusu komandanı Nuri paşa ilə görüşdüm. Mənə kiçik bir villa hazırlamışdılar, oraya yerləşdim”.
“Xalq birbaşa Türkiyəyə iltihaq etmək istəyir”
Erkin xatirəsində Gəncədə Əhməd Ağaoğlu ilə qarşılaşdığını və yerli ləhcəni başa düşməkdə ona kömək etdiyini qeyd edib. Ardınca Ənvər paşanın ona verdiyi konfederasiya əmrini Azərbaycan hökuməti ilə müzakirə etdiyini yazıb: “Yerli hökumət ərkanı ilə görüşdüm. Yuxarıda söylədiyim kimi, Avstriya-Macarıstan şəklində bir Osmanlı-Azərbaycan dövlətinin təşkili haqqındakı fikrimizi izah etdim. Baş nazir buna cavab olaraq, “xalq birbaşa Türkiyəyə iltihaq etmək istəyir. Madam ki, Almaniya bu şəkli qəbul etmir, o halda sizin təklif etdiyiniz ən münasib şəklin qəbul edilməsinə heç bir maneə yoxdur”. Bundan sonra ordu, jandarma və polis təşkilatı haqqında da tədqiqat apardım, nazirlərlə görüşdüm. Bir neçə gün içində işimi bitirdim”.
Erkinin xatirəsinə inansaq, onun Gəncədə Fətəli xan Xoyski ilə görüşdüyünü qəbul etməliyik. Yada salaq ki, Qafqaz İslam Ordusu formalaşdıqdan sonra Azərbaycanın Osmanlıya birləşməsi kimi fikirlər açıq şəkildə ifadə edilirdi. Çünki Azərbaycanın bir sıra bölgələrindən o dövrdə Osmanlı sarayına bu mövzuda məktublar göndərilmişdi. Nuri paşanın siyasi müşaviri Əhməd bəy Ağaoğlu da bu görüşdə idi.
Yada salaq ki, Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Tiflisdən Gəncə şəhərinə köçdüyü zaman Gəncədə real hakimiyyət Nuru paşanın əlində idi. O, bəzi qüvvələrin təsiri altında Azərbaycan Milli Şurası və hökumətinin nüfuz və fəaliyyətinə şübhə ilə yanaşdı. Onunla və ordunun siyasi müşaviri Əhməd bəy Ağaoğlu ilə aparılan danışıqlardan sonra belə ümumi razılıq əldə edildi ki, Milli Şura buraxılsın və bütün idarəçilik yeni yaradılacaq hökumətə həvalə edilsin. Məsələnin müzakirəsi üçün 17 iyun 1918-ci ildə Məhəmmədəmin Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirildi. İclasda Osmanlı hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbay¬ca¬nın daxili işlərinə qarışmayacağı, ancaq Milli Şuranın yeni hökumət yaradaraq özünü buraxmasının tələb edildiyi bildirildi. Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qərar qəbul edildi. Baş nazir Fətəli xan Xoyski Milli Şura üzvlərindən Tiflisdə təşkil etdiyi hökumətin istefasını qəbul etməyi xahiş etdi. İstefanı qəbul edən Milli Şura yeni kabinənin təşkilini də Xoyskiyə tapşırdı.
Görünür, birləşmə ideyası sonrakı günlərdə də qüvvədə olub.
Xatirələrdən aydın olur ki, Behiç Erkinin bu təşəbbüsləri Nuri paşanın xoşuna gəlməyib: “Nuri paşa mənim birbaşa nazirlərlə təmasımdan narazı qalmışdı. Bunu mənə eşitdirdi. Mən də “Qardaşınız Ənvər paşanın əmrlərini yerinə yetirirəm, istəyirsiniz, özündən soruşun” deməklə kifayətləndim”.
Xatirəsində Erkin Əhməd Ağaoğlu, Kılıç Əli paşa və Akif bəylə birlikdə Hacıkənddə qonaq qaldıqlarını, həmin günü içki içərək gözəl keçirdiklərini qeyd edib. Amma onların bu davranışı Nuri paşanın xoşuna gəlməyib. Xatirələrin yer aldığı kitabda Hacıkənddə keçirdikləri günün xatirəsi olan bir fotoşəkil də dərc edilib.
Erkin alman kəndlilərin yaşadıqları bölgələri də ziyarət edib, oranı çox bəyənib, adətlərini və dillərini mühafizə etmələrini qeyd edib. Gəncənin özünü isə rusların tikdiyi rəsmi binalar xaricində bəyənməyib.
Vəzifəsini yerinə yetirdikdən sonra İstanbula qayıdan Erkin Ənvər paşanın yanına gedib: “29 avqustda Ənvər paşa ilə görüşdüm. Etdiklərimi danışdım. Mənə “qardaşım Nuri paşa vəzifəsinin öhdəsindən gələ bilirmi?” deyə soruşdu. Müşkül vəziyyətdə qaldım. Nuri paşanın ərkani-hərbiyyə rəisi Nazim bəyin söylədiklərini anlatdım”.
Xatirələrin bu görüşdən öncəki qismində verilən məlumata görə, Nazim bəy Erkinə Nuri paşanın yanında başqa zabit olmasından xoşu gəlmədiyini, ona görə də onu müxtəlif yerlərə göndərməsindən şikayət etmişdi...
Beləliklə, Erkin avqust ayının sonlarında Azərbaycandakı vəzifəsini tamamlayıb və ömrünü yeni qurulan Türkiyə Cümhuriyyətinin inkişafına həsr edib.