Cəbhəyanı kəndlərin su problemləri həll edilir
Noyabrın 17-də Füzuli rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində növbəti "Kompleks Təlim Proqramı"nın açılışı olub.
“Azərsu” Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Horadiz şəhərində təşkil olunmuş tədbirdə öncə Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib. O, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət və rayonda aparılan abadlıq quruculuq işlərindən, danışıb. Bildirib ki, cəbhəyanı bölgə sakinlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər nəticəsində sakinlər keyfiyyətli içməli su ilə təmin olunub.
"Azərsu" ASC sədrinin müavini Mahir Məmmədov istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində regionlarda həyata keçirilən layihələr barədə məlumat verib və qeyd edib ki, layihələrin icrası ilə yanaşı, kadrların peşəkarlığının artırılmasına da xüsusi diqqət yetirilir: “Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilib. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək”.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə cəbhəyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Cəbhə xəttində yerləşən və içməli sudan əziyyət çəkən kəndlərin problemlərinin həlli istiqamətində işlər surətlə davam etdirilir. Yerli icra strukturlarının dəstəyi ilə Füzuli rayonun cəbhə bölgəsində yerləşən kəndlərinin içməli su problemi köklü şəkildə həll edilib”.
Tədbirə dəvət olunmuş Fransanın “Suez Environment” şirkətinin layihə direktoru Alen Karbonel keçirilən təlimləri yüksək qiymətləndirib və “Azərsu” ASC ilə əməkdaşlığın faydalı olacağını bildirib.
"Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə Füzuli rayonunda keçirilən 6-cı regional təlimdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, İmişli, Laçın, Tərtər, Xocavənd və Zərdab sukanal idarələrinin 224 nəfər əməkdaşının iştirak etdiyini bildirib: “Seminar və praktiki məşğələlər formasında keçirilən təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.
Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcək”.
Açılış mərasimindən sonra “Azərsu” ASC-nin rəhbərliyi Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, şəxsi heyətlə görüşərək onlara müxtəlif hədiyyələr təqdim ediblər.
Sevil HİLALQIZI