Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi”, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı, Maliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək “Sığortalı Gənclik” layihəsinin açılış mərasimi olub. Teleqraf.com-un məlumatına görə, tədbirdə sözü gedən təşkilatların rəsmiləri tərəfindən layihənin təqdimatı keçirilib.
Layihə barədə məlumat verən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır: “Layihə çərçivəsində həyata keçiriləcək tədbirlər planına ənənəvi “Respublika Gənclər Debat Forumu”nun sığorta sektoruna həsr olunması, sığorta sahəsi ilə bağlı qısamüddətli və uzunmüddətli kursların keçirilməsi daxildir. Bundan başqa, sığorta şirkətlərinin rəhbər şəxslərinin və sığorta mütəxəssislərinin iştirakı ilə universitetlərdə mühazirə xarakterli toplantılar təşkil olunacaq, sığorta şirkətlərinin iştirakı ilə əmək yarmarkası keçiriləcək. Gənclərin sığorta sektorunda işlə təmin olunması və ya onların bu sahədə təcrübə keçməsi də layihəyə daxildir”.
ASA rəhbəri layihənin bu tədris ilinin sonunadək davam edəcəyini və Bakı şəhərinin bütün ali təhsil ocaqlarından olan 1000 nəfər tələbəni əhatə edəcəyini açıqladı.
Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə belə bir layihəyə dəstək vermələrinin məqbul olduğunu dedi: “Bu bir sosial layihədir, eyni zamanda gənclər arasında sığorta mədəniyyətinin yüksəldilməsinə xidmət edir. Ona görə də belə bir layihəyə dəstək verməyə hazır olduğumuzu bəyan etdik”.
Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov layihənin əsasən ali məktəbləri əhatə edəcəyini deyib və bunun sığorta sahəsində çalışan gənclərin fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıb.
Tədbirin sonunda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Naibə QURBANOVA