Səbail Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirilib.
Rayon icra hakimiyyətindən Teleqraf.com-a bildiriblər ki, tədbirdə rayonun rəhbərliyi, qəsəbə və ərazi nümayəndəliklərinin, bələdiyyələrin, təsərrüfat və kommunal xidmətlərin rəhbərləri, aidiyyəti idarə və təhsil müəssisələrinin, Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşları iştirak ediblər. Müşavirəni Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev açaraq tədbirin məqsədi barədə məlumat verib.
Bildirilib ki, artıq dördüncü ildir ki, rayon icra hakimiyyətində payız-qış mövsümünün başlanması ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirlər keçirilir, yanğın təhlükəsizliyi və onların profilaktikası ilə bağlı məsələlər müzakirə olunur, çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Y.Allahverdiyev yay aylarında rayonda görülən işlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.
Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşlarının “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında məruzələri dinlənilib. Səbail rayonunun mənzil-kommunal təsərrüfatı birliyi, qaz istismar sahəsi, enerji təchizatı və satışı, eləcə də sukanal idarələrinin, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası rəhbərlərinin hesabatları dinlənilib, mövcud problemlər və onların həlli istiqamətində vacib addımlar barədə məlumat verilib.
Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev Səbail rayonunda 2013-2014-cü illərin müvafiq dövrlərində yanğın və dəm qazından zəhərlənmələrlə bağlı müqayisəli statistika, eləcə də rayon ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mövcud problemləri tədbir iştirakçılarının nəzərinə çatdırıb, mərkəz əməkdaşları tərəfindən aparılan reydlərin nəticələri ilə iştirakçıları tanış edib.
O, hər bir idarə və təşkilat rəhbərinin, bələdiyyə üzvünün, vətəndaşın yanğın təhlükəsizliyi və onun profilaktikası ilə bağlı görməli odluqları işlərindən, ən əsası isə əhalinin maarifləndirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar nümayiş etdirilib.