13 Yanvar 2022 21:28
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“30 noyabrda hərbi helikopterimizin qəzaya uğraması nəticəsində 14 nəfər şəhid oldu, mən və zabit yoldaşım möcüzə nəticəsində sağ qaldıq”.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov deyib.

O bildirib ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün məlum müsahibəsində helikopter qəzası nəticəsində yaralanmaqlarını şübhə altına alıb: “Bu fikirlər öncə qəza zamanı həlak olmuş zabit yoldaşlarımızın ruhuna hörmətsizlikdir. Biz Vətən müharibəsinin iştirakçılarıyıq. Hər zaman da canımızı, qanımızı vətənimiz, torpaqlarımız naminə qurban verməyə hazır olmuşuq. Qəza zamanı keçirdiyimiz fiziki və psixoloji travmalara baxmayaraq gücümüzü toparlayaraq verdiyimiz səmimi müsahibənin yaxınlarımızın, eləcə də hadisəyə görə üzülən bütün vətəndaşlarımızın ağır qəzadan sağ qalanlar üçün sevinməsini gözləyirdik. Əvəzində isə Əli Əliyevin həqiqətə uyğun olmayan fikirlər irəli sürməsi öncə vətənimizə hörmətsizlikdir”.

E.Cəfərov deyib ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin məlum müsahibəsində onun və zabit yoldaşının helikopter qəzası nəticəsində yaralanmağını şübhə altına alması, əsassız və cəfəng ehtimallar səsləndirilməsini qəbuledilməz hesab edir.

Polkovnik-leytenant özünün Emil Cəfərov və kapitan Ramin Edilov şərəf və ləyaqətlərinin alçaldılmasına imkan verməyərək ədalətli qərar çıxardığı üçün məhkəməyə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub.

Hökmə əsasən, Ə.Əliyev barəsində 5 ay həbs cəzası verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər