22 Yanvar 2022 15:56
2 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Türkiyənin məşhur onlayn satış platforması olan Trendyolun satış şəbəkəsini genişləndirərək, məhsullarını xaricdəki ünvanlara karqo şəbəkələri olmadan çatdıracağı xəbəri yayıldı. İki ölkə arasındakı sıx əlaqələrə də nəzər yetirsək, platformanın alıcı kütləsinin bir qismi də azərbaycanlılardır. Lakin Trendyolun yeni layihəsi ilə bağlı məlumatlar təhrif olunaraq çatdırıldığına görə, ideya insanlar arasında birmənalı qarşılanmadı. Nəticədə vətəndaşlar yerli karqo şirkətlərinin bağlanacağını, şirkətin Azərbaycanda depo açacağını düşündülər. Bəs Trendyolun məqsədi nədir? Yeni layihə nələri vəd edir? Trendyol həqiqətən Azərbaycanda məntəqə açacaqmı?

Teleqraf.com olaraq mövzunu araşdırdıq.

“Trendyolun hədəfi sata bilmədiyi yerdə satmaqdır”

“Carry” yükdaşıma şirkətinin nümayəndəsi, onlayn ticarət və logistika üzrə mütəxəssis Nurlan Əhmədlinin fikrincə, satış platformasının məqsədi yerli istehsal məhsullarını Türkiyədən avropaya daşımaqdır:

“Xəbər yayılanda Trendyolun baş direktoru Çağlar Çətinin müsahibəsinin orijinalını və yerli xəbər portallarında olan versiyasını oxudum. Təəssüf ki, bizim jurnalistlərin əksəriyyəti mövzunu elə yazırlar ki, insan onu fərqli başa düşür. Çağlar Çətin deyir ki, qarşıdakı 5 il ərzində külli miqdarda vəsait ayırıb, Avropa, Dubay və Riyadda Trendyolun məhsullarını satmaq istəyirik. Hədəflərini açıq şəkildə bildirirlər - Berlin, Dubay, Riyad. Bu nə deməkdir? Onların satmaq istədikləri məhsullar bizim tanıdığımız bütün geyim mağazaları demək deyil. Məqsəd yerli istehsal olan məhsullarını Türkiyədən xaricə daşımaqdır. Bu gün Trendyol platformasında yüzlərlə rəsmi mağazalar var. Həmin mağazalar rəsmi saytları ilə yanaşı, Trendyol üzərindən də satış aparır.

Bu o demək deyil ki, Trendyol sabah Azərbaycanda birbaşa ünvana məhsul çatdıracaq. Burada mövzu iki cürdür. Birinci variant odur ki, şirkət Azərpoçt ilə müqavilə bağlayıb, daşıma edəcək. Məsələn, 500 ton məhsulu hər vətəndaşın qapısına Azərpoçt vasitəsilə çatdırmağa çalışırlar. Azərpoçtun daşıma tarifləri karqodan ucuz olmaması ilə yanaşı, karqolar qədər sürətli və operativ deyil. Buna hardasa real baxıram, sistem olaraq isə olmasına inanıram”.

Ekspertin sözlərinə görə, şirkət Azərbaycanda satışa keçərsə, bütün mağazalar təmsil olunmayacaq:

“Trendyol Azərbaycanda depo açacaq, tətbiqdə gördüyümüz məhsulları trendyolda sifariş verilərək ölkə daxilində 1-2 gün ərzində ünvana çatdırılma edəcək. Deyək ki, Trendyol bu variantı həyata keçirdi. Trendyol bizə "Mango", "Stradivarius", "Koton", "Defakto", "ADL" və sairə mağazalarının məhsullarını sata bilməyəcək. Çünki həmin mağazaların böyük qismi rəsmi şəkildə Azərbaycanda fəaliyyət göstərir. Bununla yanaşı, Trendyolun hədəfi niyə Azərbaycan olmalıdır? Hansı mütəxəssis Trendyolun hədəfinin Azərbaycan olduğu səbəbini məntiqli açıqlaya bilər?

Biz daşıyıcı şirkətlər Trendyolun işini görürük. Şirkət Azərbaycana potensial müştəri kimi baxır, ən yüksək ehtimalda vəsait ayırıb, Azərbaycanda reklam edər, özünü daha çox insana tanıdar. Deyək ki, bu gün bizim (karqolar) vasitəmizlə Azərbaycana məhsul sata bilir. Amma heç kim Berlində bizim kimi logistika şirkəti açıb, İstanbulda anbar götürüb, Almaniya vətəndaşına ünvan verib, xidmət göstərmir. Trendyol öz ölkəsində satdığı qiymətə bizə sata bilir, amma oraya sata bilmir və buna görə də həmin coğrafiyaya çıxmaq, işini artırmaq istəyir. Bu çox normaldır və mükəmməl layihədir. Amma Azərbaycanda Trendyolun məntəqə açması məntiqsizdir. Satış edə bildiyi halda nə üçün yenidən milyonlarla pul ayırmalıdır”.

“Azərbaycanda məntəqə açılarsa, qiymətlər dəyişəcək”

Nurlan Əhmədli hesab edir ki, məntəqə açıldığı təqdirdə artan rüsumlar birbaşa olaraq qiymətlərə təsir göstərəcək: “Əgər Trendyol Azərbaycanda depo açsa, müştəri məhsulu karqo vasitəsilə sifariş etdiyi qiymətə ala bilməyəcək. Bu gün 50 tl-yə karqo vasitəsilə aldığımız köynəyi Trendyol Azərbaycana gətirəndə daşıma haqqı ödəyəcək, gömrük rüsumu ödəyəcək, vergi verəcək və bununla həmin məhsul 3-4 qat baha qiymətə satılacaq. Vətəndaşa karqo ilə gətirmək sərf edir. Əgər bu ideya Azərbaycanda da həyata keçirilərsə, Hepsiburada, Çiçek Sepeti, N11, Morhipo, Boyner kimi satış platformalarının da ölkəyə yolunu açacaq. "LC Waikiki", "HM", "Zara" və sair kimi markalar Trendyolda olmasalar da, Azərbaycana yüksək miqdarda satış edirlər. Türkiyədə olan "Zara" ilə Azərbaycandakı məntəqəsi arasındakı qiymət fərqi dünya qədərdir.

Təkcə ötən il “LC Waikiki” Trendyol üzərindən satış edəndə Azərbaycandan xeyli sifariş gəlirdi. Ölkəmizdəki "LC Waikiki" şəbəkəsi İqtisadiyyat Nazirliyinə "Biz Bakıda satış edə bilmirik" çağırışı ilə 90-a yaxın məktub göndərmişdi. Dövlət bunun qarşısını almır, çünki Nazirlər Kabinetinin qərarına əsasən, qanunla hər bir Azərbaycan vətəndaşı 300 dollar miqdarında şəxsi istifadə üçün xaricdən istədiyi məhsulu ala bilər. Əgər bizimkilər düşünürsə ki, Azərbaycan-Türkiyə arasındakı münasibətə görə Azərbaycan Trendyola güzəşt edəcək, bu olmayacaq. Dövlət ona güzəşt edərsə, məcburdur ki, digər mağzalara da bunu etsin. Bu günə qədər mollarda olan mağazalara hansı rüsum tətbiq edilirsə, Trendyoldan da o rüsum alınacaq”.

“Yerli yükdaşıma şirkətlərinin gələcəyi parlaq deyil”

“Safex” yükdaşıma şirkətinin əməkdaşı, onlayn ticarət və logistika üzrə mütəxəssis Ramin Həsənzadə isə vətəndaşların karqoların bağlanacağı xəbərinə “sevinməsinə” münasibət bildirdi. Onun sözlərinə görə, Trendyolun satış edib-etməməsindən asılı olmayaraq yerli yükdaşıma şirkətlərinin gələcəyi çox parlaq deyil: “Bunu sahibkarlar da təsdiq edir və bu baxımdan investorlar çox sərmayə ayırmırlar. Çünki işin gələcəyi qaranlıqdır – daşıyıcı şirkətlərin sayı çoxalır, işdə xeyir olmaya bilər. Bazardakı karqo şirkətlərinin 90 faizi zərərə işləyir. Bunun əsas səbəbi qiymətlərin çox aşağı olması, sahibkarın gəlir əldə edə bilməməsidir. Bu gün ölkə ərazisində dövriyyə etməli olan pullar xaricə çıxır. Bu da birbaşa olaraq ölkə iqtisadiyyatına ziyandır və əminəm ki, bir neçə il sonra mütləq bunun qarşısı alınacaq”.

“Trendyolun gələcəyini görmürəm”

Logistika ekspertinin fikrincə, Türkiyənin məşhur platforması planladığı layihəni reallaşdıra bilməyəcək: “Trendyol 2 il əvvəl batmaq üzrə idi və Alibaba platformanın 80 faizini satın alaraq şirkəti iflasdan xilas etdi. Bu gün Alibaba şirkətin dəyərini artırmağa çalışır, başqa ölkələrdə şirkətin marketinqini gücləndirir. Onlar Avropadakı həmyerlilərinə məhsulları çatdırmaq istəyirlər, lakin bu da çətin məsələdir. Çünki, hər ölkənin özünəməxsus gömrük sistemi və qaydaları var. Əgər layihə baş tutarsa, Trendyol bu gün Türkiyədə 5 tl-yə satdığı məhsulu həmin layihə ilə Almaniyada 10 avroya satmalı olacaq. Mən Trendyolun gələcəyini görmürəm. Yeni ideyaları Türkiyə və Azərbaycanda, eyni zamanda Asiya ölkələrində özünü doğrulda bilər. Çünki Asiya ölkələrində qiymət fərqi var”.

“Trendyol keyfiyyətsiz məhsul satır”

Avropa vətəndaşının keyfiyyətə önəm verdiyini deyən Ramin Həsənzadə məhsulların həmin ölkələrdə satılmayacağını bildirir:

“Trendyol və Avropa məhsulları arasında keyfiyyət baxımından ciddi fərq var. Trendyolda satıcıların çoxu metro çıxışındakı satıcılardır. Belə ki, satıcı vöen açır, peşəkar fotoqrafa məhsulları çəkdirir. Müştəri metro çıxışında gördükdə o ayaqqabını almır, amma Trendyoldan alır. Bu gün Trendyol səhv, zədəli, keyfiyyətsiz, səhv məhsulları adətən bilərəkdən göndərir. Satıcı daşıyıcı şirkət adı görəndə bilir ki, məhsul xaricdən sifariş olunub və müştəri onu geri qaytara bilməyəcək. Müştəri də belə olduqda eyni satıcıdan təkrar sifariş vermir. Trendyol satıcıları monitorinqdən keçirməsə, bu nöqsanları həll etmək baxımından inkişaf etməsə, insanlara əvvəlki kimi maraqlı olmayacaq və iflasa uğrayacaq. Mağaza vergi ödəyir, işçiyə əmək haqqı verir. Müştəri mağazada məhsulu geyinib, baxa bilir. Amma onlayn ticarətdə bu komfort yoxdur. Riskli olduğuna görə də məhsulu daha aşağı qiymətə təklif etməlidir ki, sənin marağını çəksin. Bu gün trendyolun satış rəqəmləri hər gün aşağı enir. Trendyol hər bir satıcıdan 20 faiz gəlir əldə edir. Bununla yanaşı, məhsulu satılan kimi ödənişi satıcının hesabına köçürmür. Məsələn, 30 gün ərzində satıcı nə qədər satış edibsə, ay sonu həmin məbləği onun balansına köçürür. Buna görə də keyfiyyətli satıcılar trendyola daxil olmaqdan imtina edirlər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər