2021-ci ilin dekabr ayı ərzində 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib.
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İTSDA-ya təqdim edilən ilkin hesabatlara əsasən ötən ilin dekabr ayı ərzində 58 şəhər və rayonda 383 847 vətəndaşa 1 393 882 tibbi xidmət göstərilib: "Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 624 085 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 201 415-i ambulator, 192 467-si isə stasionar şəraitdə göstərilib".
Aynurə Əhmədova 2021-ci ilin dekabr ayı üzrə sözügedən regionlara dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən statistik göstəriciləri açıqlayıb: "Əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan şəhər və rayonlar arasında Mingəçevir (446), Gəncə (244), Beyləqan (202), Yevlax (193), Şirvan (171), Göyçay (161), Qəbələ (161), Xocavənd (157), Balakən (157) və Qax (155) yer alır.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunda isə Gəncə Şəhər Birləşmiş Xəstəxanası (150 677), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (134 606), Yevlax (61 830), Xaçmaz (61 010), Quba (56 325), Göyçay (44 894), Bərdə (44 021), Şəki (41 418), Zaqatala (40 255) və Ağdaş (37 941) rayon mərkəzi xəstəxanaları yer almaqdadır".
Qurum rəsmisi bildirib ki, ən çox ambulator xidmət göstərmiş tibb müəssisələri Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Yevlax, Xaçmaz, Quba, Göyçay, Bərdə, Zaqatala, Beyləqan və Şəki rayon mərkəzi xəstəxanalarıdır: "Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələri Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Quba, Xaçmaz, Ağdaş, Şəki və Bərdə rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Qusar rayon mərkəzi xəstəxanalarıdır".