27 Yanvar 2022 10:15
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşalılardan xatirə” layihəmizdə bu dəfə Azərbaycan Cümhuriyyəti tələbələrindən Hilal Münşinin həyatının bəzi maraqlı tərəflərindən bəhs edəcəyik.

***

Hilal Münşizadə 12 aprel 1899-cu ildə Şuşada doğulub. 1907-1917-ci illərdə Şuşada edadi məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib.

1920-ci ildə Rusiyanın Azərbaycanı işğalından sonra Hilal Münşi geri qayıtmağı düşünməyib, ömrünü mühacirətdə keçirərək Azərbaycanın istiqlal mübarizəsinə qoşulub. Berlində Azərbaycan İstiqlal Komitəsinin sədri olan (1934-cü ildən) Münşi mühacirətdə Məhəmmədəmin Rəsulzadə cəbhəsində yer alıb, milli mübarizənin Almaniya qanadının təmsilçisi olub. Mühacirət mətbuatında onun 28 May günü ilə bağlı tədbirlər keçirdiyi, nitqlər söylədiyi qeyd edilib. Onun Almaniyadakı ən aktiv fəaliyyəti II Dünya müharibəsi illərinə təsadüf edib. Amma bundan öncə onun taleyinə Almaniyada ulduzu parıldayan, Məhəmməd Əsəd bəy imzası ilə romanlar yazan, avropalıları məst edən həmyerlisi ilə qarşıdurma yaşamaq yazılıb. Əsəd bəyin yazdığı “Şərqdə neft və qan” əsəri bu qarşıdurmanı yaradan əsas səbəb olub.

Əsəd bəyə qarşı çıxır

Münşi Rəsulzadənin redaktoru olduğu “Odlu Yurd” jurnalının 1930-cu il mart sayında ““Şərqdə neft və qan” ünvanlı əsərin müəllifi kimdir?” adlı məqalə yazıb. Məqalədən məlum olub ki, 1921-ci ildə Münşi Berlində “Eden” adlı hoteldə qalarkən sonralar Əsəd bəy kimi tanınan Leo Nussimbaum və atası Abraham onun yanına gəliblər: “Bu ziyarətdə məqsəd atanın 14 yaşlı oğluna mənim vasitəmlə Azərbaycan hökumətindən təhsil üçün pul təmin etmək idi”. Lakin Hilal Münşi Abrahamın verdiyi qəribə cavablara görə onlara inanmayıb. Çünki Abraham gah özünü Rusiya yəhudisi kimi göstərib, gah da Gürcüstan pasportuna sahib olduğunu deyib. Kiyevdə yəhudi qətliamından sonra Bakıya gəldiyini, burada yaşadığını, ona görə də azərbaycanlı sayıldığını bildirib. Lakin söhbət zamanı Abrahamın Gürcüstan təbəəsi olduğu aşkara çıxıb, ona görə də əvvəlcə gürcü mühacirətinə müraciət etdiyi, lakin oradan mənfi cavab aldığına görə bu dəfə bəxtini Azərbaycan mühacirətində sınamağa qərar verdiyi məlum olub. Hətta Abraham Münşiyə əgər lazımdırsa, oğlunun azərbaycanlı ola, islamı qəbul edə biləcəyini də deyib. Bu durum Münşini daha da şübhələndirib və o, açıq şəkildə Azərbaycan hökumətinə müraciətdən vaz keçmələrini bildirib. 1930-cu ildə Hilal Münşi ilə Leo Nussimbaum yenidən qarşılaşıblar: “...Berlinin Fazanen küçəsindəki Aleksandr fon Humboldt cəmiyyətində rastladım. Artıq Leo böyümüş, daha sağlam vücuda malik idi. Məni görən kimi gülərüzlə yanıma gəldi və dərhal ötən 9 ildəki tərcümeyi-halından danışmağa başladı. Berlin Universitetindəki təhsilinin yaxşı nəticə vermədiyindən şikayətləndi, lakin bununla yanaşı, maddi vəziyyətinin yaxşılaşdığını, müxtəlif alman qəzetlərində kiçik hekayələr, romanlar yazdığını başdan sona qədər danışdı”. Leo Münşiyə Əsəd bəy imzasını götürdüyünü, almanların bu imzaya daha diqqətli yanaşacağını deyib. Hətta universitetdə Türkiyyat şöbəsinə müraciət etdiyini, lakin türk dilini yaxşı bilmədiyi üçün davam etdirə bilmədiyini bildirib.

Münşi məqaləsində daha sonra “Şərqdə neft və qan” əsərinin təhlilinə keçib, Əsəd bəyin burada həm öz həyatı ilə bağlı yalan məlumatlar verdiyini, həm də Azərbaycanın, Qafqazın, Şərqin tarixini təhrif etdiyini yazıb. Hətta Almaniyada nicat tapan Leonun əsərində alman ordusunun Qafqazda qətliam törətməsini qeyd etməsini Münşi ikiüzlülük adlandırıb, əsərində müxtəlif xalqlar haqqında deyilən məlumatların uydurma olduğunu yazıb: “Heç bir vaxt Qafqaz Azərbaycanı “Əsəd bəy Nussimbaum” adlı vətəndaşa malik olmayıb. Bu şəxs əsərində Azərbaycan türk ləhcəsindən bəhs etdiyi halda, heç bir vaxt türkcə danışmayıb. Onun bildiyi yeganə dil əvvəl rusca, indi isə almancadır”. Beləliklə, Münşi əsərdə özünü təhqir edilmiş hesab edən digər xalqların nümayəndələri ilə birgə etiraz yayımlayıb: “Biz bütün bəşəriyyətə elan edirik ki, “Əsəd bəy”in Şərqi təsvir etməkdə məqsədi Şərqi avropalıların nəzərində təhqir etməkdir... Qətiyyətlə elan edirik ki, “Əsəd bəy”in bu təsviri həqiqətdən çox uzaqdır. Əsər böhtandır, məmləkətimizi, millətimizi təhqirdən başqa bir şey deyildir. Biz bu “bulvar pamflet”ini və onun naşirini şiddətlə protest edirik”. Bəyanatda Alman Qafqaz Ordusunun 60 min nəfəri qətl etməsinə dair iddianın da yalan olduğu bildirilib. Bu bəyanat Əsəd bəyin fəaliyyətinə müəyyən qədər təsir etsə də, onun Almaniyada, daha sonra isə Avropa və Amerikada sayılıb-seçilən bir yazıçı olmasının qarşısını ala bilməyib. Münşi isə həm Əsəd bəyə cavab olaraq, həm də Azərbaycanın tanıdılması məqsədilə 1930-cu ildə Berlində “Azərbaycan Cümhuriyyəti. Tarixi, siyasi təsvir” adlı kitabını almanca nəşr etdirib. Bu illərdə o, Rəsulzadənin Almaniyada nəşr etdiyi “Qurtuluş” jurnalında müxtəlif mövzulu məqalələr dərc edib.

II Dünya müharibəsi illərində

Münşinin II Dünya müharibəsi illərindəki fəaliyyətini krımlı mühacirlərdən Müstəcib Ülküsalın xatirələrindən öyrənirik.

7 yanvar 1942-ci ildə Humboldt klubunun binasında Türküstan lideri Mustafa Çokayoğlu ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə Azərbaycanı Hilal Münşi təmsil edib, mərhumla bağlı çıxış edib. Bu dövrdə maddi imkanı çətin olub. Ülküsal 1942-ci il 21 fevral tarixli qeydində yazıb: “... Məhəmmədəmin bəygilə getdim. Günorta yeməyini birgə yedik. Hilal Münşiyə çatdırmağım üçün bir məktub və iki cüt corab verdi”. Ülküsalın xatirələrindən anlaşılır ki, Münşi mütəmadi Rəsulzadə ilə məktublaşıb. 1942-ci il 24 yanvar qeydində yazıb: “Axşam Hilal Münşi bəyi evində ziyarət etdik. Burada azərbaycanlı, İstanbul Universitetinin tarix bölümünü bitirmiş Məryəm adlı bir xanımla tanış olduq. Kübar bir xanım idi. Məhəmmədəmin bəyə Rumıniyaya çatdığım zaman təslim etməyim üçün mənə bir məktub verdi”. Bu qeydin davamında Hilal Münşinin təyyarədən Qırmızı ordudakı azərbaycanlılara atılmaq üçün hazırladığı broşürdən bəhs edib. Həmin ilin 27 fevral tarixli qeyddən öyrənirik ki, Münşinin almanlarla əməkdaşlığındakı məqsədi Azərbaycanın azadlığı olub. O, ölkəsinin istiqlalından ancaq bir şərtlə vaz keçə biləcəyini bildirib: “... Saat 16-da Hilal Münşi bəylə görüşdük. Azərbaycan Müsavat firqəsinin Azərbaycan üçün istiqlal istədiyini, Almaniyanın bu haqqı tanıyıb-tanımayacağını indidən öyrənmək istədiyini bildirdiyini söylədi. Bununla bərabər Azərbaycanın uzun illər Alman dövlət təşkilatının təcrübələrinə və köməyinə ehtiyacı olduğunu söylədiyini dedi. Hilal Münşi bəy bunu qətiyyətlə bəyan etdi: “Azərbaycanın istiqlal ideyası yalnız bir tezisin gerçəkləşdiyi halda qüvvədən düşə bilər: Azərbaycan Türkiyəyə qatılsa və ya ilhaq edilərsə...”

1942-ci il 7 mart qeydində Ülküsal yazıb: “Günortadan sonra Edige ilə birlikdə Hilal Münşi bəyə getdik. Məhəmmədəmin bəydən gətirdiyim məktub və hədiyyəni verdim. Saat 19:30-a qədər qaldıq. Gürcülər və ermənilər haqqında danışdıq. Qırmızı ordudakı azəri əsgərlərinə atılmaq üçün hazırladığı və Şərq nazirliyinə verdiyi iki bəyannaməni oxudu. Yaxşı yazmışdı”. 1942-ci il 6 aprel tarixli qeydində isə bunu bildirib: “... Saat 17-də bizə azərbaycanlı Hilal Münşi bəy gəldi. Şərq Nazirliyində cərəyan edən bayraq məsələsini anlatdı: “Almanların, gürcülərin və ermənilərin bayraqlarını olduqları kimi buraxdıqları halda, Azərbaycan və Şimali Qafqazın milli bayraqlarını dəyişdirmək istədiklərini, çünki bunlarda pantürkizm və panislamizm işarətləri olduğunu söylədiklərini, amma buna şiddətli və məntiqli etirazı və açıqlaması nəticəsində almanların bu düşüncələrindən vaz keçdiklərini söylədi. Hilal Münşi bəy almanların, əvvəlcə yazıb vermiş olduğu bir bəyannamədəki “istiqlal” sözünü çıxardıqlarını, beləcə almanların rus əsirliyindəki millətlərə və türklərə istiqlal vermək fikrində olmadıqları anlamını çıxardığını söylədi. Hilal bəyin bu qənaətinə qatıldığımı açıqladım”. Bir qeydində isə Ülküsal maraqlı bir fakta toxunub: “... Saat 17:30-da Şarlottenburq stansiyasına gəldim. Burada Hilal Münşi bəy gözləyirdi. Məhəmmədəmin Rəsulzadə bəyə çatacaq bir məktub verdi və bunları söyləməyimi rica etdi: “Aldığım son xəbərə görə, bolşeviklər İran Azərbaycanında bir neçə azəri millətçisini tutub öldürüblər”.

Nuri paşa ilə birgə

1942-ci ilin 12 aprelində Hilal Münşi, İdris Alimcan, Əhməd Temir, Əbdürrəhim Gökçəay (azərbaycanlı), miralay Kazım, Edige Kırımal və Müstəcib Ülküsal Berlində Nuri paşanın qaldığı hotelin salonunda görüşüblər. Bu toplantıda aşağıdakı qərarlar qəbul edilib:

  • Bütün türk lider və təmsilçilərinin tək cəbhə halında “dildə, fikirdə, işdə birlik” şüarını əsas tutaraq hərəkət etmələri;
  • Əzəli və böyük düşmən Rusiyanın və bolşevikliyin məhvi yolunda almanlara hər cür yardım etmək;
  • Türk dünyasının Almaniya üçün yararlı və gərəkli olduğunu, türklərlə almanların slavyan dünyası qarşısında həm mənfəət, həm təhlükə baxımından eyni vəziyyətdə olduğunu almanlara izah etmək;
  • Qurtulacaq və böyük bir güc meydana gətirəcək Türk ellərinin ortaq türk-alman mənfəətlərinə və qayələrinə daha böyük və təsirli kömək edəcəyini almanlara izah etmək;
  • Hər cümə axşamı axşam saat 20-də Berlindəki Türk Klubunda yığışmaq;
  • Eşitdikləri və öyrəndikləri xəbərləri və bilgiləri bir-birilərinə söyləmələri və sistemli proqram şəklində həyata keçirmələri;

Amma bu toplantı almanları narahat edib. Çünki almanların SSRİ-dən qurtarılacaq türk diyarlarına azadlıq vermək kimi bir düşüncələri heç bir zaman olmayıb. Türk təmsilçiləri ilə şəxsi dostluğu da olan fon Mende açıq şəkildə liderlərə deyib: “Nuri paşa ilə nələr danışdığınızı, nələr etmək istədiyinizi heyrətlə öyrəndik. Berlinin Türkiyədə deyil, Almaniyada olduğunu unutmamalısınız. Nuri paşaya bütün qapılarımız qapanmışdır. Sizə bu gündən sonra onunla görüşməməyi tövsiyə edirik”.

Lakin toplantıda alınan qərara uyğun olaraq cümə axşamında (16 aprel) qərarlaşdırdıqları kimi Türk Klubunda heyət toplanıb. Yığıncaqda bütün Türk ellərinin latın əlifbasını qəbul etmələrinə qərar verilib. Çünki o zamana qədər Türküstan, Krım mühacirəti hələ də ərəb əlifbasından istifadə edirdi.

Münşinin bilinməyən həyatı

II Dünya müharibəsindən sonra Hilal Münşinin fəaliyyəti hələ ki tədqiqatçılara məlum deyil. Professor Ədalət Tahirzadə onun ömrünün ahıl çağlarına aid fotoşəkillərini əldə edib, 1990-cı ildə Bonn şəhərində vəfat etdiyini yazıb. Qəribədir ki, müharibədən sonra çıxan mühacirət mətbuatında da onunla bağlı məlumat yoxdur. Maraqlıdır ki, “Azərbaycan” dərgisinin Rəsulzadənin 70 yaşına və vəfatına həsr etdiyi xüsusi buraxılışlarda da Hilal Münşiyə aid təbrik və başsağlığı teleqramlarına rast gəlinmir. Amma Rəsulzadənin yaxın silahdaşı Mirzəbala Məhəmmədzadənin 1959-cu ildə vəfatı münasibətilə hazırlanmış jurnalın özəl sayında teleqram mövcuddur: “Xanım Bahirə Qutluq. Dərin kədərlə ağrınızı bütün qəlbimizlə bölüşürük. Mirzə bəyin şəxsində çox böyük bir sima və qüvvətli bir mürşid itirdik. Əsərləri ilə daim yaşayacaq mərhumun ruhu şad olsun. Cənabi-Haqdan sizə təsəlli diləyir, dərin hörmətlərimizi bildiririk. H.Müşni və xanımı. Ankara”.

Mirzəbala Məhəmmədzadənin xanımına göndərilmiş bu teleqramdan məlum olur ki, Hilal Münşi o illərdə Ankarada yaşayıb. Onun Almaniyanın Ankaradakı səfirliyində işləməsi barədə də ehtimallar mövcuddur. Görünür, oradakı işinə görə Münşinin adına sonrakı mühacirət mətbuatında rast gəlmirik. Ədalət Tahirzadənin yazdığına görə, dirijor Niyazi 1970-ci illərdə Münşinin yaşadığına dair məlumatı Azərbaycandakı ailəsinə çatdırıb. Böyük ehtimalla Münşi Ankaradakı vəzifəsi bitdikdən sonra yenidən Almaniyaya qayıdıb və orada da vəfat edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər