Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Və bu il Gənclər Gününün təsisi olunmasından 25 il ötür. Biz gənclərə sabahımız, dövlətimizin gələcəyi deyirik! Təsadüfi deyil ki, Azərbaycan dövləti, hakimiyyəti gənc nəslin təhsilinə, inkişafına, sosial problemlərinin yoluna qoyulmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına, bir sözlə, cəmiyyətdə özünü təsdiq etməsinə xüsusi diqqətlə yanaşır. Bu mənada ağsaqqallar bizim üçün nə qədər qiymətlidirsə, gələcəyimiz olan gənclər də bir o qədər dəyərlidirlər.
Biz dövlətimizin gələcəyini məhz gənclərin simasında görürük. Gənclərimiz isə təhsilə, müasir biliklərə yiyələnməklə, texnoloji yenilikləri mənimsəməklə, dövlətin diqqət və qayğısından layiqincə bəhrələnməklə yanaşı, dövlətçiliyimizin qurulmasında, respublikamızın və cəmiyyətimizin inkişafında dəyərli xidmətləri olan müdrik ağsaqqallarımızdan çox şey öyrənməlidirlər.
Bugünkü gənclərimiz əsl nümunəni də məhz Heydər Əliyevdən götürməlidirlər! Hər bir xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Heydər Əliyev irsini öyrənmək və təbliğ etmək üçün ilk növbədə bu dəyərlərə yiyələnmək lazımdır. Heydər Əliyev şəxsiyyəti üçün ən vacib şərtlərdən biri məhz milli-mənəvi dəyərlərə sahib olmaq idi. Heydər Əliyev irsinin iki əsas istiqaməti olan prinsiplər - milli-mənəvi dəyərlər və azərbaycançılıq hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir! Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Ağsaqqallarla gənclər arasında təmaslar mütəmadi xarakter daşımalıdır.
Prezident İlham Əliyev deyib: "Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların böyük rolu vardır". Göründüyü kimi, dövlət başçısı ağsaqqalların cəmiyyətdə roluna böyük qiymət verir və onların gənc nəslin formalaşmasında xüsusi rolunu qeyd edir.