"Bir sıra beynəlxalq təşkilatlar manipulyativ hərəkətlərlə məşğuldurlar və onlar guya insan, söz və ifadə azadlıqları ilə əlaqədar hesabat hazırlayan təşkilatlardır. Bu təşkilatlar bəzi ölkələri qaralamaqla, bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldərək demokratik ölkələr kimi təqdim etməyə çalışırlar".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bu təşkilatların sırasında beynəlxalq QHT-lər də var və onların fəaliyyəti müəyyən mənada anlaşılandır:
"Çünki bunlar QHT-lərdir və bır sıra məsələlərə subyektiv yanaşa bilərlər. Təəssüf ki, biz bu cür qeyri-məqbul, ikili standartlarla yanaşmanı bəzən dövlətlərarası təşkilatların da fəaliyyətində müşahidə edirik.
Bu yaxınlarda məlum oldu ki, bəzi bexnəlxalq dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində olmasa da, sosial şəbəkələrdə olan öz şəxsi hesablarında Azərbaycan dövlətinin rekvizitləri haqqında aşağılayıcı ifadələr işlədirlər. Düzdür, bu sözügedən təşkilatların özünün mövqeyi və bəyanatı səviyyəsində deyil. Lakin istənilən halda dünya ictimaiyyətində çaqınlıq yaradır. Çünki onlar konkret qurumların əməkdaşlarıdır və ona görə onların fikirləri təşkilatın fikirləri imiş kimi imic yarada bilir".
M.Ələsgərlinin sözlərinə görə, bu baxımdan bizim QHT-lər təşəbbüs göstərdilər ki, həmin beynəlxalq təşkilatlara adbaad müraciət göndərsinlər və onların hansı əməkdaşlarının bu cür monipulyativ və pozucu əməllərlə məşğul olması barədə rəhbərliklərinə məlumat versinlər: "Konkret olaraq bugünkü müraciətimiz BMT rəhbərliyinə ünvanlanacaq. Bundan sonra da bu cür statuslu təşkilatlara müraciətlər olunacaq ki, onlar öz əməkdaşlarının məsuliyyətini müəyyən edib, onların açıqlamalarına aydınlıq gətirsinlər".