21 Noyabr 2014 11:00
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2014-cü ilin 19-21 noyabr tarixlərində Roma şəhərində keçirilən İkinci Beynəlxalq Qidalanma Konfransında iştirak etmək üçün İtaliya Respublikasında səfərdədir.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə konfransın açılışında çıxış edən BMT-nin baş katibi, FAO və ÜST-ün baş direktorları dünyada hazırda və gələcəkdə ərzaq və qidalanma təhlükəsizliyinin təmin edilməsi, insanların sağlam qida əldə etmək imkanlarının gücləndirilməsi və bu hədəflərə ətraf mühit, sosial və iqtisadi baxımdan davamlı vasitələrlə nail olmağın vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində nazir Heydər Əsədovun FAO-nun baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqi ilə görüşü keçirilib. Görüşdə FAO ilə ölkəmiz arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, həmçinin FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi ilə bağlı danışıqlar aparılıb. FAO-nun baş direktorunun xüsusi müşaviri Məhəmməd Ruiqi bu Ofisin yaradılmasında Azərbaycan tərəfinin səylərinə görə təşəkkürünü bildirib və Azərbaycanın inkişaf etməkdə olan ölkə kimi aclığa qarşı qlobal alyansa verdiyi töhfəni yüksək qiymətləndirib.

Nazir Heydər Əsədov Azərbaycan Respublikası Prezidentinin cari ilin iyul ayında FAO rəhbərliyi ilə görüşünün bu məsələnin həllində xüsusi töhvə olduğunu bildirmiş, habelə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatı sahəsinin davamlı inkişafına nail olunmasının prioritet məsələlərdən biri kimi qəbul olunduğunu xüsusi vurğulayıb.
Səfər davam edir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər