Martın 10-da Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin rəhbərliyi ilə agentliyin bir neçə məsul şəxsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Teleqraf.com-un məlumatına görə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşən qonaqlar ikitərəfli əməkdaşlıqla bağlı perspektivli layihələr və yeni hədəflərlə bağlı fikir mübadiləsi aparıblar.
Rektor, professor Mustafa Babanlı qonaqlara ADNSU-nun fəaliyyəti, universitetdəki HPC mərkəz haqqında məlumat verib. Bildirib ki, universitet tədrisin və təhsilin keyfiyyətini qaldırmaqla elmi nəticələr əldə edir, həmçinin, xalqımız və dövlətimiz üçün savadlı kadrlar yetişdirməyi təmin etməyə çalışır. Son illər bu istiqamətdə xeyli nailiyyətlər əldə olunduğunu qeyd edən rektor, professor Mustafa Babanlı ADNSU məzunlarının işlə təmin olunma göstəricisinin ürəkaçan olduğunu deyib: "İnsanlarımızın məşğulluq səviyyəsinin yüksəlməsi və gənclərin uyğun işlə təmin olunması istiqamətdə Dövlət Məşğulluq Agentliyi kifayət qədər müasir, yeni yanaşmalarla bir çox nailiyyətlərə imza atıb və universitet olaraq agentliklə əməkdaşlıqda marağlıyıq və bu əməkdaşlığın yüksək nəticələr verəcəyinə ümidvarıq".
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli belə bir ali təhsil ocağı ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb və agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında məlumat verib.
O bildirib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımı mütəxəssislərin hazırlanması, məşğulluq səviyyəsinin yüksəldilməsində səmərəli nəticə verir. Agentlik rəhbəri, o cümlədən ADNSU ilə həm istehsalat, həm də peşə hazırlığı istiqamətində əməkdaşlığın inkişafından danışıb və əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün perspektivli olacağını qeyd edib.
Qarşılıqlı fikir mübadiləsi, əməkdaşlıq perspektivləri müzakir olunduqdan sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.