Ötən gecə Moskvada vəfat edən Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Teleqraf.com xəbər verir ki, R.İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər görülür.
* * *
16:42
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Rüstəm İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib.
Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.
İlk həyat yoldaşı Şöhrət İbrahimbəyovadan 1972-ci ildə rejissor Fuad İbrahimbəyov dünyaya gəlib.
İkinci həyat yoldaşı xalq artisiti Lyudmila Duxovnayadan 1974-cü ildə rejissor Fatimə İbrahimbəyova doğulub.
Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
Onun Nikita Mixalkovla daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Regis Vaqner olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Allah rəhmət eləsin!