25 Noyabr 2014 11:16
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edilməsi ilə bağlı qərarını açıqladı.

Teleqraf.com-un məlumatına görə, qərara əsasən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na 22.1-1-ci bəndi əlavə edilib. Həmin əlavəyə görə, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qeyd edib ki, məhsulların satışı zamanı standartlara cavab vermədikdə cərimələr tətbiq olunur: “Satış ticarətinin bizə aidiyyəti yoxdur. Amma kənd təsərrüfatı məhsullarının bazar, yarmarka kimi qeydiyyatı varsa, şübhəsiz ki, buraya fiziki şəxslər tərəfindən gətirilən balıqlara hər zaman tam nəzarət edilib və bu qərardan sonra da nəzarət olunacaq. Satışlar standartlara cavab vermədikdə cərimələr tətbiq olunur. Bunun üçün də İnzibati Xətalar Məcəlləsi var. Bu məcəlləyə görə, baytarlıq sanitariya tələblərinə cavab verməyən, xəstəlik yayma məqsədi ilə gətirilən məhsullara görə, fiziki şəxslərə 22 manat, hüquqi şəxslərə isə 150 manat cərimələr tətbiq olunur”.

Y. Xanvəli əlavə edib ki, cərimələrin artırılması üçün Dövlət Baytarlıq Xidməti müvafiq qurumlara müraciətlər ünvanlayıb: “Cərimələrin artırılması barədə aidiyyəti qurumlara, Ədliyyə Nazirliyinə və digər orqanlarına nazirlik tərəfindən müraciətlər olunub. Hazırda bu məsələyə baxılır. Güman edirik ki, İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən baytarlıq cəhətdən tələblərə cavab verməyən, xəstə məhsulların satışını həyata keçirən, qeyri-qanuni emalla məşğul olan insanlara tətbiq edilən cərimələrdə dəyişiklik edilərək artırılacaq. Ümumiyyətlə, əgər satışa çıxarılmış balıqların yararsız olması aşkarlanarsa, bu məhsulun başqa bir yerə aparılıb satılmaması üçün zərərsizləşdirilir və məhv edilir”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər