Fransada işgüzar səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Parisdə bir sıra görüşlər keçirib. Fransa şəhər, gənclər və idman naziri Tierri Brayarla görüşdə son vaxtlar ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən idman sahəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.
Teleqraf.com-un məlumatına görə, A.Rəhimov diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini fransızlara daha yaxından tanıtmaq məqsədilə Parisdə və Fransanın digər regionlarında tədbirlər keçirir. Vurğulanıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycanda idmanın inkişafına xüsusi diqqət yetirilir, ölkəmizin bütün regionlarında müasir idman kompleksləri inşa olunaraq istifadəyə verilir.
Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan A.Rəhimov ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsinin heç də təsadüfü olmadığını qeyd edib. Bildirilib ki, ölkəmizin idman həyatında mühüm rol oynayacaq bu oyunların təşkilat komitəsinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sədrlik edir. Fransalı nazir Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına ölkəsinin xüsusi önəm verdiyini deyib. O, hazırlıq işlərində fransız şirkətlərinin iştirak etməsinin ölkələrimiz arasında əlaqələrin inkişafının təzahürü olduğunu vurğulayıb.
Sonda Azad Rəhimov fransalı həmkarını Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə dəvət edib.Fransa Milli Olimpiada və İdman Komitəsində keçirilən görüşdə qurumun sədri Denis Masseglia Azərbaycana səfər etdiyini, ölkəmizlə tanışlığın onda böyük təəssürat yaratdığını deyib, Azərbaycanın 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazır olduğunu diqqətə çatdırıb. Fransanın da bu oyunlara yüksək səviyyədə hazırlaşdığını deyən sədr qeyd edib ki, ölkəsi Bakıda keçiriləcək oyunlarda 350 idmançı ilə təmsil olunacaq. Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in icraçı direktoru Azad Rəhimov Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Avropa Oyunları idmanın 20 növü üzrə keçiriləcək.
Bu oyunlardan 16-nın olimpiya, dördünün isə qeyri olimpiya oyunları olduğunu diqqətə çatdıran nazir 39 ölkənin nümayəndəsinin Avropa Oyunları komitəsində çalışdığını vurğuladı. Görüşdə azərbaycanlı idmançıların yarışlarda iştirakından və Avropa Oyunlarının keçiriləcəyi idman qurğularından bəhs edən film nümayiş olunub. Sonda Fransanın kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına ətraflı cavab verilib.