Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Bəxtiyar Nəcəfov Həcc ziyarəti ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Bəxtiyar bəy, Həcc ziyarətinə 65 yaşdan yuxarı şəxslərin müraciətinə qadağa qoyulub. Bu, nə ilə bağlıdır?
- Həcc ziyarətinə 65 yaşdan yuxarı şəxslərin gedişinə qadağa qoyulması Səudiyyə Ərəbistanının Həcc Nazirliyinin qərarıdır. Qərar bütün dünya müsəlmanları üçün keçərlidir. Qərarın qəbul olunma səbəbi COVID-19 pandemiyasıdır. Hazırda pandemiya şəraiti davam edir. Xəstəlik tam bitmədiyinə görə Səudiyyə Ərəbistanı ehtiyat tədbirləri görməyə məcburdur.
- Bu il Həcc ziyarətinə nə qədər insanın gedəcəyi gözlənilir?
- Məlumdur ki, son 2 ildə pandemiya səbəbilə həcc ziyarəti həyata keçirilmədi. Əvvəlki illərdə 2, yaxud 4 milyon arasında ziyarətçi qəbul olunurdu. Lakin bu il ilk dəfə Səudiyyə Ərəbistanı 1 milyondan artıq Həcc ziyarətçisi qəbul edəcək. Hər dövlətin vətəndaşlarının sayına görə limit ayrılıb.
- Ölkəmizdən ziyarət üçün müraciətlər başlayıbmı?
- Həcc ziyarətinə müraciət edənlər var. Amma ölkələr üzrə konkret say limiti hələ ki, təyin olunmadığı üçün müraciətlər qeydə alınmır. Yaxın günlərdə ziyarət üçün tərtib olunan limit əlimizdə olacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək.
- Bir nəfər üçün Həcc ziyarətinin nə qədər məbləğə başa gəlir?
- Bu barədə danışmaq tezdir. İki ildir ziyarət təşkil olunmur. Qaydalar dəyişib. Ölkəmizdən qəbul olunacaq ziyarətçi sayı əlimizdə olduqda bunu bildirə bilərik.