18 May 2022 18:00
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında əlaqələrdən bəhs edən Komitə sədri bu istiqamətdə gömrük orqanlarının öz vəzifələrini layiqincə yerinə yetirdiyini, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini verir”, - deyə sözünə davam edən Komitə sədri gömrük orqanlarının bu istiqamətdə fəaliyyətindən danışıb, sahibkarlıq subyektlərilə səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

Komitə sədri aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək son illər ərzində istər fiskal sahədə, istərsə də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan uğurladan bəhs edib.

DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin gerçəkləşdirildiyini, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını vurğulayıb, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni layihələrlə bağlı məlumat verib.

Səfər Mehdiyev “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını vurğulayıb.

Qonaqlara DGK-nın elektron informasiya sistemləri ilə bağlı təqdimat da nümayiş etdirilib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədrinə təşəkkür edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan söhbət açan Qəri Counz gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək perspektivlərindən bəhs edib. Azərbaycan gömrüyünün xüsusilə informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onda çox böyük və xoş təəssüratlar yaratdığını deyən Qəri Cons bu uğurların davamlı olacağına əminliyini ifadə edib.

Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu və şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.


Müəllif: Teleqraf.com