27 May 2022 12:01
348
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara yararsız yük gəmisində aparılan doğrama işləri ilə əlaqədar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektin ərazisi, doğrama işləri aparılan sahələr neft və mazut tullantılarından təmizlənməyib;
- açıq alovun tətbiqi ilə işlər icra edilərkən yanar konstruksiyaları qığılcımlardan qorumaq üçün obyektin ərazisi gəzdirilən çəpərlərlə hasarlanmayıb;
- açıq od ilə icra edilən iş yerləri, qaynaq aqreqatları və transformatorların qurulduğu yerlər 5 metr radiusda hər cür yanar materiallardan təmizlənməyib;
- obyektin ərazisində elektro-qaz qaynaq işləri zamanı nasaz cihazlarla işləmək qadağan edilməyib;
- obyektin ərazisində yanğın baş verdikdə zəruri davranış qaydaları və yanğının söndürülməsinin təşkilinə dair tədbirlər görülməyib;
- obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimatla) yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektdə elektrik enerjisinin kəsilməsi halları nəzərə alınaraq, xidməti heyət ehtiyat elektrik generatoru ilə təmin edilməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara yararsız doğranmaqda olan yük gəmisində işlərin dayandırılması barədə Qərar qəbul olunub.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər