17 İyun 2022 18:43
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Ötən yazılarımızda Azərbaycan Cümhuriyyətinin işğalından sonra İrana mühacirət edən dörd mühacirin həyatı haqqında məlumat vermişdik. Budəfəki yazımızda İrandakı mühacirlərin fəaliyyətindən və bəzilərinin həyat hekayələrindən bəhs edəcəyik.

Professor Musa Qasımlının ÇeKa raportlarına əsasən yazdığına görə, 1922-1926-cı illərdə Müsavatın İrandakı əsas ocağı Tehran şəhərində yerləşib. Onlar “Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyəti” adı altında fəaliyyət göstəriblər. Cəmiyyət mühacirlərə maddi-mənəvi dəstək olmaq, onlara iş tapmaq, xəstəxana ehtiyaclarını qarşılamaq, mədəni fəaliyyətləri təşkil etmək və s. kimi işlərlə məşğul olub. Qurumun qeyri-rəsmi fəaliyyəti isə İran-Azərbaycan sərhədinə dirənişçi dəstələr yığmaq, bolşeviklər əleyhinə təbliğat aparmaq idi. Cəmiyyətin rəhbəri Məhəmmədəli Rəsulzadə, onun ən yaxın silahdaşı isə Qulamrza Şərifzadə olub. Qulamrza bəy Cümhuriyyət dövründə teatr müdiri olsa da, İranda dövlətin inşaat işlərində çalışıb, Rza şahla da münasibəti vardı. Daha sonra İstanbula köçərək orada vəfat edib. Cəmiyyətdə İran ordusunda xidmət edən Kəlbalı xan Naxçıvanski, Mirəziz Bədirxanov da vardı. Tehrandakı yığıncaqlar isə Kərbəlayi Əlioğlunun evində təşkil edilib.

Bu illərdə Müsavatın Rəşt şəhərindəki qanadında Ağabala Əlizadə, Sultan bəy Qulubəyov, Doktor Axundov, Mirəziz Seyidov, Əliağa Əlizadə təmsil olunublar. Onlar Azərbaycan Azadlıq Komitəsini qurublar. Doktor Axundovun açdığı əczanədə dərnək quraraq fəaliyyət göstəriblər. Onlara İran ordusunda xidmət edən Məhəmmədhüseyn xan dəstək olub. Rəştdəki mühacirlərin ən tanınmışlarından biri Kazım Dadaşov idi. O, bir müddət İranda mühacir olaraq yaşayan Mirzəbala Məhəmmədzadənin yaxın adamı olub. Ağabala Əlizadə isə Rəştdəki Türkiyə konsulluğunda çalışıb.

İranda yaşayan Cümhuriyyət deputatlarından din xadimi Hacı Mirzə Səlim Axundzadə də bu dövrdə bolşeviklərə qarşı təbliğat aparıb, Ənzəli imam-cüməsinin yaxın dostu idi. Rəştdəki mühacirlər arasında tacir Məhəmməd Bəkir Əliyev, karvansaray sahibi Seyid Həsən Həmzəyev, Məhəmmədcavad Sadıxov, Dadaş Tomirov, Cümhuriyyət zabitlərindən Yəhya xan və Cəfər xan da vardı. Ənzəlidəki müsavatçıların ən güclü təmsilçisi isə Bakının tanınmış qoçularından Əlibala İsmayılov olub.

Müsavatın Astara qanadı isə iki hissəyə bölünmüşdü. Birinci qrupda ötən yazımızda haqqında bəhs etdiyimiz Cəfər Cəfərli, Məhəmməd Həsənzadə, Əhməd bəy Rəsulov, Kərbəlayi Şahverən, ikinci qrupda isə Əsəd xan Talışinski, Əjdər Eminov, Rəşid Rəşidov, Səməd Səmədov təmsil olunublar.

Ərdəbil qanadını da Əsəd xan Talışinski və Sultan bəy Qulubəyov idarə edib. Təbriz qanadında isə Kəlbalı xan Naxçıvanski, Hacı Dadaş Səfərov, Kərim bəy Qalabəyov təmsil olunublar. Təbriz mühacirlərinin arasında bir müddət Sultan bəy Sultanov da fəaliyyət göstərib. Onun qardaşı Xosrov bəy Sultanov da Xoy şəhərinə gələrək İrandakı mühacirlərlə görüşüb. Xoy şəhərində 300-ə yaxın mühacir yaşayıb.

İranda yaşayan müsavatçıların əsas fəaliyyətləri Azərbaycanla mütəmadi əlaqə saxlamaq, İstanbulda çıxan jurnal və broşürləri Bakıya keçirtmək, ölkə daxilindəki üsyanlara dəstək vermək, sərhəd məntəqələrində ruslarla mübarizə aparmaq və s. olub. 1920-1926-cı illər arasında bu fəaliyyətlər güclü şəkildə davam etdirilib.

İrandakı mühacirlər haqqında mühacirət mətbuatında da məlumatlar verilib. İstanbulda Abbasqulu Kazımzadənin çıxardığı “Bildiriş” qəzetinin 10 sentyabr 1931-ci il tarixli sayında Təbriz nəzmiyyələrinin Azərbaycan xalq qəhrəmanlarından Qabili öldürmələri barədə xəbər verilib. Məlumata görə, illərdən bəri Təbriz həbsxanasında yatan Qabil çox xəstə olduğunu və xəstəxanaya aparılmasını istəyib. Nəticədə onu xəstəxanaya apararkən yolda “qaçır” iddiası ilə qətl ediblər.

Məhəmmədəmin Rəsulzadənin Berlində nəşr etdiyi “İstiqlal” qəzetinin 44-cü sayında (15 oktyabr 1933) “İrandakı mühacirlərimiz” başlıqlı xəbər dərc edilib. Trabzondan göndərilən xəbərdə İrandakı mühacirlərin vəziyyəti haqqında məlumat verilib: “Təbrizdən gələnlərin anlatdıqlarına görə, İran Azərbaycanından geriyə - Qafqaz Azərbaycanına keçmək istəyən bir mühacir qafiləsi ilə İran hüdud mühafizləri arasında baş verən hadisə ilə əlaqədar olaraq illərdən bəri ailələri ilə Təbrizdə yerləşən bəzi millətçi azərbaycanlılar Təbriz nəzmiyyəsi tərəfindən həbs ediliblər. Amma hadisə ilə heç bir münasibətləri olmadıqları anlaşıldığı üçün azad ediliblər. İrana Azərbaycandan və Qafqazın başqa yerlərindən mühacir qafiləsi gəlməkdə davam edir. İnsanlar Araz çayını bir çox yerdən qafilə-qafilə keçərək İran hökumətinə sığınmaqdadırlar. Qış girənə qədər məmləkəti tərk edə bilənlər başlarını götürüb qaçırlar. Ümumiyyətlə, istər ilk mühacirət dövrü qaçqınları ilə son gələnlərin vəziyyətləri məmnuniyyətbəxş şəkildə deyildir. Təhsilini tamamlamaq üçün dünən İrandan Berlinə gələn tələbələrimizdən Ələsgər Teymur bəyin danışdığına görə, İrandakı mühacirlərimizin vəziyyəti son dərəcə acınacaqlıdır... Müşahidimiz yeni mühacirlərimizdən Türküstan yolu ilə İranın Xorasan vilayətinə qaçanlarla görüşüb söhbətləşmişdir. Bu mühacirlər Azərbaycanın sabiq tüccar və ya keçmişdə az-çox varlı zümrəsinə mənsub şəxslərdirlər... Ələsgər bəyə söylədiklərinə görə, İran-Türküstan hüdudunu keçdikləri zaman bəxtlərindən ÇeKanın əlinə keçməmişlər. Onların mühüm bir qismi Şimali İranın Məşhəd şəhərinə gəlmişlər”.

Mühacirət mətbuatında geniş olmasa da, İranda yaşayan mühacirlərin fəaliyyətlərinə, adlarına rast gəlinir. M.Rəsulzadə ilə Şəfi bəy Rüstəmbəyli arasındakı mübahisələr zamanı Tehranda yaşayan müsavatçıların birincini dəstəkləyən məktubları yer alıb. Bu məktublardan İranda yaşayan bu mühacirlərin adlarına rast gəlirik: Əjdər Babazadə (onun haqqında ayrıca məqaləmiz olacaq), H.Kazımzadə, M. Dadaş oğlu, S.H. Rzazadə, S.A. Rzazadə, H.B. Qafari, H. Axundzadə, A.A. Babazadə, K. Feyzizadə. Yenə Rəsulzadəni dəstəkləmək üçün 1934-cü il iyunun 2-də Təbrizdən göndərilən məktubda bu şəhərdə yaşayan istiqlalçıların adları qeyd olunub: Mehdizadə H. Cabbar bəy, Babazadə Əsgər bəy, Talışxanlı Məhəmmədxan, Hüseyn Cavad.

İrandakı mühacirlər Avropadakı Azərbaycan siyasi xadimlərinin fəaliyyətlərini də izləyiblər. 22 dekabr 1934-cü il tarixli məktublarında Təbrizdə yaşayan bir qrup mühacir Parisdə vəfat edən Əlimərdan bəy Topçubaşının vəfatı münasibətilə “Qurtuluş” jurnalına başsağlığı göndəriblər.

“Qurtuluş” dərgisinin 12-ci sayında (oktyabr, 1935) Tehranda yaşayan mühacirlərdən Hüseynbala Qafarzadənin 65 yaşında vəfat etdiyi bildirilib.

Qəzənfər Zülqədər kimdir?

İranda yaşamış mühacirlər haqqında ÇeKa raportlarında məlumatlar verilib. Bəzi bilgilər isə mühacirət mətbuatındadır. “Qurtuluş” jurnalının 1935-ci ildə çıxan 4-cü sayında həmin mühacirlərdən Qəzənfər Zülqədər haqqında bilgi təqdim olunub:

“8 ildən bəri Təbrizdə həkimlik edən gənc doktor Qəzənfər Zülqədər ötən ayın 5-də sabah saat 11-də qəfil vəfat edib... Gözlənilməz ölüm xəbəri oradakı azərbaycanlılarla yanaşı Təbriz xalqı arasında da dərin üzüntü yaradıb. Mərhumun cənazə mərasimində kişili-qadınlı 3 mindən çox adam iştirak edib, 200-dən çox maşın cənazəni məzarlığa qədər müşayiət edib. Cənazəyə qatılanlar arasında mühüm miqdarda əcnəbilər də olub. Bu ani ölüm səbəbi ilə mərhumun həkim kimi çalışdığı Culfa hökumət dəmiryolu idarəsi iki gün tətil elan edib... 36-37 yaşında ikən aramızdan ayrılan mərhum Azərbaycanın tanınmış Zülqədərlilər ailəsinə mənsub idi. Bolşevik işğalından sonra xaricə çıxıb, min bir məhrumiyyət və müşkülata rəğmən 1927-ci ildə Münxen Universitetinin tibb fakultəsini bitirib. Mərhum bu diplomu ilə yetinməyərək məsləyinin elmi sahəsində də irəliləmək məqsədilə zəka və çalışqanlığı sayəsində doktorluq elmi dərəcəsini də almağa nail olmuşdu. Əcnəbi məmləkətdə, həm də mühacirət şəraiti içərisində elmi sahədə çalışmaq imkanından məhrum olunca öz işində çalışmaq üçün 1927-ci ildə İrana gəlir. Bir müddət Tehranda qaldıqdan sonra məsləyi ilə bağlı məmur kimi Təbrizə gəlir, ölənədək burada yaşayır...”.


Müəllif: Dilqəm Əhməd