1 Dekabr 2014 13:09
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikandan 4 dildə nadir kitab ölkəmizə gətirilib

Millət vəkili, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva 11-18 noyabr tarixlərində İtaliyaya səfər edib. Səfər çərçivəsində G.Baxşəliyeva İtaliyanın aparıcı şərqşünaslıq mərkəzində - Neapol Şərqşünaslıq Universitetində olub.

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, ötən ilin fevralında Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə AMEA-nın Şərqşünaslıq İnstitutu və Neapol Şərqşünaslıq Universiteti arasında Bakıda imzalanmış qarşılıqlı anlaşma haqqında sazişdən irəli gələn tədbirlər çərçivəsində Neapolda universitetin rektoru Elda Morlikkio və həmin təhsil ocağının professoru Mikele Bernardini ilə görüş keçirilib.

Görüşdə qurumlar arasındakı əlaqələrin inkişafı, gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Söhbət zamanı hər iki qurumun alimlərinin şərqşünaslıq sahəsində birgə tədqiqatlar aparmasının, tələbələrin qısamüddətli staj keçməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyi diqqətə çatdırılıb.

Azərbaycanda şərqşünaslıq elminin dərin tarixi köklərə malik olduğunu deyən G.Baxşəliyeva bildirib ki, xalqımızın böyük mütəfəkkir və alimləri öz qiymətli əsərləri ilə Şərq xalqlarının inkişafına, dünya elminə əvəzsiz töhfələr veriblər.

Rəhbərlik etdiyi institutun yaranma tarixi və fəaliyyəti barədə məlumat verən G.Baxşəliyeva qurumun şərqşünaslığın müxtəlif istiqamətləri üzrə tədqiqat işlərinin aparıldığı şöbələrindən danışıb. Bildirib ki, institutda təkcə Azərbaycan üçün deyil, MDB-nin digər ölkələri, Türkiyə, İraq, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İran üçün də mütəxəssislər hazırlanır.

E.Morlikkio bildirib ki, Avropanın şərqşünaslıq elmi üzrə ən qədim təhsil ocağı sayılan Neapol Şərqşünaslıq Universiteti əvvəlcə çinşünaslıq sahəsində bir kollec kimi yaradılıb. Bu kollec Avropada çinşünaslıq sahəsində ilk təhsil müəssisəsi olub. Hazırda isə universitetdə şərqşünaslıq elminin bütün sahələri üzrə də tədris və tədqiqatlar aparılır.

Ölkələrimizin elm müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan E.Morlikkio Azərbaycan dilinin Neapol Şərqşünaslıq Universitetində tədris olunması təklifini irəli sürüb. Ötən il Bakıda qurumlar arasında qarşılıqlı anlaşma haqqında sazişin imzalandığını xatırladan professor bildirib ki, sənəd hər iki ölkədə elmin inkişafına töhfə verməkdədir.

Universitetin muzeyi və kitabxanası ilə tanışlıqdan sonra ali təhsil müəssisəsinin türkologiya fakültəsinin tələbələri ilə keçirilən görüşdə Gövhər Baxşəliyeva Azərbaycanın tarixi, ölkəmizdə müşahidə olunan sürətli inkişaf, dövlətimiz tərəfindən elm və təhsilə göstərilən diqqət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Səfər çərçivəsində G.Baxşəliyeva Vatikan Apostol kitabxanasında və İtaliyanın Milli kitabxanasında axtarışlar aparıb. Vatikan kitabxanasında bir çox xəritələrə baxış keçirərək, Azərbaycan və regionun tarixi coğrafiyasına aidiyyəti olan 18 xəritənin surətləri sifariş edilib. Surətlər bir ay ərzində sifarişçiyə göndəriləcək. Eyni zamanda alim tərəfindən Vatikanda saxlanılan, ərəb, fars və türk əlyazmalarının (bütövlükdə 4 cild) kataloqları alınaraq, ölkəmizə gətirilib. Hazırda onların üzərində ətraflı araşdırma aparılır. Milli kitabxanada axtarış aparan alimimiz burada bir sıra azərbaycanlı müəlliflərin əsərlərinin saxlanıldığını müəyyən edilib. Əslən Təbrizdən, Şirvandan, Bakıdan, Bərdədən və digər tarixi Azərbaycan ərazilərindən olan müəlliflərin əsərləri bizim üçün böyük maraq doğurur. Milli kitabxanada saxlanılan şərq əlyazmalarının kataloqları, təəssüf ki, bugünədək çap olunmayıb və onlarla yalnız kitabxananın özündə tanış olmaq mümkündür. 35 qalın cilddən ibarət şərq kataloqlarından zaman məhdudluğundan yalnız 9-u ilə tanış olmaq mümkün olub. Amma elə bu qısa tanışlıq da onu deməyə əsas verir ki, burada biz xalqımızın tarixi və mədəniyyəti ilə bağlı yeni materiallar tapa biləcəyik.

“Mən Azərbaycanın İtaliyadakı səfiri hörmətli Vaqif Sadıqovun fəaliyyətini, axtarışlarımda mənə verdiyi dəstəyi və gələcəkdə də bu işdə əlindən gələni əsirgəməyəcəyini xüsusi qeyd etmək istərdim,” - deyə G.Baxşəliyeva vurğulayıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər