8 İyul 2022 12:21
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra işğaldan azad edilmiş əraziləri ziyarət edənlərin ardı-arası kəsilmir. Onların arasında yerli sakinlərlə bərabər diplomatik mümayəndələr, dünyanın aparıcı kütləvi informasya vasitələrinin əməkdaşları, ictimai-siyasi xadimlər, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları da var. Bu–günlərdə Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərimizə növbəti səfər təşkil olundu. Həmin səfərin iştirakçılarından biri –Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə görüşüb səfər təəssüratları barəsində danışmasını xahiş etdik. O dedi:

– Bir neçə gün öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə Cəbrayıl və Zənğilan rayonlarına səfər etdik. Əvvəlcə, Cəbrayıl rayonu ərazisində Azərbaycan Mina Təmizləmə Agentliyinin nümayəndələri ilə qarşılaşdıq. Onlarla görüş zamanı işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesinin necə təhlükəli olduğunu bir daha dərk etdik. Zəngilanda isə Böyük Qayıdışın rəmzi olan Ağalı kəndində “ağıllı kənd” və “yaşıl enerji” layihələri ilə tanış olduq. Həkəri çayına 3 min xüsusi növ balığın buraxılmasını müşahidə etdik . Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət etmək necə də qürurverici idi.

Bu səfərdə ölkəmizdə fəaliyyət göstərən 40 siyasi partiyadan 46 nümayəndə, həmçini 6 tanınmış politoloq , siyasi şərhçi və 19 jurnalist iştirak edirdi. Bəzi siyasi partiyaların nümayəndələrinin səfərdə iştirak etməməsi məni təəccübləndirdi. Axı siyasi baxışlardan fərqli olaraq bu Vətən hamımızındır. Bu torpaqlara 30 il idi ki, həsrət qalmışdıq. Həmin ərazilərin azad olunması üçün dualar etmişik . Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz bu torpaqları işğaldan azad edərək xalqımızı arzusuna qovuşdurdu və bununla da uzun sürən həsrətli günlərə son qouyldu. Niyə biz bu ərazilərimizi ziyarət etməyək? Siyasi ambisiyalar buna yol vermirsə, ona nə ad verək?

–Sizə elə gəlmirmi ki, bəzi radikal qüvvələr sanki bu Qələbədən sevinmirlər?

– Bəzi radikal qurumların işğaldan azad edilmiş ərazilərimizə təşkil olunmuş səfərlərdən, habelə siyasi dialoqdan imtina etmələri belə düşünməyə əsas verir. Mən bu məqsədlə kiçik bir araşdırma apardım. Bəzi siyasi partiya rəhbərləri üzürlü səbəbdən bu səfərə qatılmasalar da, AXCP, Müsavat Partiyası və özünü Milli Şura adlandıranların bu sırada olmamalarının səbəbini öyrənməyə çalışdım. Sən demə, Müsavat Partiyasının rəhbərliyi ölkədə iki ildən artıqdır ki, yeni bir siyasi konfiqurasiyanın reallaşdığı bir zamanda öncə iqtidar-müxalifət dialoqunda iştirak etmək istədiyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə bu prosesə qoşulmaqdan boyun qaçırmağa üstünlük verib. Odur ki, müsavatçılar bu səfərdə də iştirak etmədilər. AXCP rəhbərliyi isə iqtidar-müxalifət dialoqunu ən yaxşı formada reallaşdıran Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə deyil, yalnız Prezident İlham Əliyevlə görüşmək istədiyini bildirmişdir. Əslində, bu tələbi irəli sürənlərin özləri də yaxşı bilirlər ki, onlar hələ Prezidentlə bir masa arxasında oturmaq səviyyəsində deyillər. Ona görə də belə gülünc iddiada olmaları onların özlərini gülüş hədəfinə çeirir. Bunun isə yalnız bir adı var: Cığallıq.

Əgər ölkə Prezidenti məhz həmin şöbə vasitəsilə müxalif partiyalara ofis verirsə, bayramlarda onlara təbriklər göndərirsə, koronavirusa tutulmuş ictimai-siyasi xadimləri və siyasi partiya sədrləri ilə əlaqə saxlayaraq, onların ailə üzvlərini də xəstəxanaya yerləşdirirsə, bunun nəyi pisdir? Tədbirlərdən boyun qaçıran, düşmən üzərindəki tarixi Qələbəmizə sevinməyən Milli Şura isə ümumiyyətlə, radikalizm mövqeyindən əl çəkmir.

– Adı olub, özü olmayan Milli Şura hazırda başsızdır...

– Bəli, əslində, bu qondarma qurum hazırda başsız qalıb və qurumun sədri bu gün xarici ölkələrdə öz şəxsi işləri ilə məşğuldur . Görünən budur ki, Milli Şura özünə yeni sədr axtarışındadır. Son hadisələr təsdiqləyir ki, bu postu indi də Gültəkin Hacıbəyli ələ keçirmək iddiasındadır. Ona görə də kimlərəsə fəal görünmək üçün ölkəmizin əleyhinə ağlasığmaz yalan və böhtanlar söyləyir. Onun bugünlərdə sosial şəbəkələrdə ayrı-ayr təşkilatları, bloqerləri, jurnalistləri, ictimai fəalları mitinqə çağırmğının da məqsədi budur. O, iddia edir ki, guya, xalq Milli Şuradan mitinq keçirilməsini tələb edir. Halbuki, adı olub, özü olmayan Milli Şuranı tanıyan yoxdur. Gültəkin Hacıbəyli deyir ki, xalqın onlardan mitinq tələb etməsi sevindiricidir. Görəsən, bu adam xalq deyəndə kimi düşünür? Ətrafındakı 5-10 nəfərimi? Onun iddiasına görə, guya, hamı güc mərkəzinin doğru ünvanını etiraf edir. Əslində, Hacıbəyli bu statusu ilə özünü gülünc vəziyətinə qoyub. Çünki adı olub, özü olmayan qurumdan kim nə umub-küsə bilər? Milli Şura nəyə qadirdir və xalqın hansı istək və arzularını yerinə yetirmək iqtidarındadır? Görəsən, Gültəkinin dediklərinə özü inanırmı?

– Görünür, Gültəkin Hacıbəyli sifarişi xaricdəki ağalarından alıb.

– Düzü, Gültəkin Hacıbəylinin savadına mənim heç vaxt şübhəm olmayıb. Ancaq məntiqdən həmişə geri qalıb. Elə bu statusu, sosial şəbəkələrdəki çıxışları da bunu təsdıqləyir. Bugünlərdə onun YouTube kanalındakı son çıxışında Ermənistanla Azərbaycanı müqayisə etməsi adamda ikrah hissi oyadır. “Siyasətçi xanımın” dediyinə görə, Ermənistanda sosial durum bizim ölkəmizdən yüksəkdir. Maaşların, pensiyaların, sosial müavinətlərin də bizdəkindən çox olduğunu deməsi məni çox təəccübləndirdi. Axı, Ermənistanın ictimai-siyasi xadimləri, hətta dövlət rəsmləri dəfələrlə bəyan ediblər ki, bu gün ölkələri aclıq və səfalət içərisində çapalayır. Onlar Azərbaycandakı hazırkı vəziyyətin Ermənistandakından qat-qat yaxşı olduğunu etiraf edirlər. Bunu beynəlxalq ekspertlər də dəfələrlə etiraf ediblər. Görəsən Gültəkin Hacıbəylinin bu yalanları, uydurmaları haradan qaynaqlanır? İnsanlar arasında çaşqınlıq yaratmaq kimin sifarişidir?

Bu gün dünya ictimaiyyəti Azərbaycanın öz ordusunun gücü ilə Ermənistanın işğalçılıq siyasətinə son qoymasını yüksək qiymətləndirir. Bizim radikal müxalifət isə sanki Ermənistanın məğlub olmasının qisasını iqtidardan almaq istəyir. Öz ölkəsinə qənim kəsilənlərə demək istəyirəm ki, radikalizmdən uzaq olsunlar. Radikalizm həmişə iğtişaş və qurbanlara gətirib çıxarır. Fərqli fikir və düşüncələri dialoq şəklində bildrmək daha yaxşı olardı. Bu gün siyasi dialoqa geniş meydan verilib, müxalif partiyaların sədrləri hakimiyyət tərəfindən qəbul edilir, onların təklifləri diqqətlə dinlənilir. Belə bir vaxtda radikal müxalifətin fərqli düşüncə və fikirlərini düşmənçiliyə çevirib görülən işlərə ləkə vurmaq ermənipərəstlərə xas olan xüsusiyyətdir.

Siyasi partiya nümayəndələri və politoloqların işğaldan azad edilmiş ərazilərimizə növbəti səfəri zamanı fürsət tapıb Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə söhbət etdim. “Dialoqdan qaçan , tədbirlərə və səfərlərə dəvət edilib gəlməyənlərə qarşı münasibət dəyişibmi? – sualıma Ədalət müəllim belə cavab verdi: “Xeyir, dəyişməyib. Qapımız hər kəsin üzünə açıq olaraq qalır”.

Bu, dövlətin mövqeyidir. Mən isə hesab edirəm ki, bu gün dövlətin yeritdiyi siyasətə qarşı yalan və böhtanlarını tirajlayan radikal müxalifət çirkin niyyətlərindən əl çəkərək öz mövqeyini, düşüncələrini, təkliflərini masa arxasında danışıqlar yolu ilə hakimiyyət nümayəndələrinə təqdim etməklə daha çox dividend əldə edə bilərlər, nəinki insanları çaşdırmaq, könül bulandırmaq, yalan və böhtan atmaqla və mitinqə çağırmaqla.

Radikal müxalifət nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə gedənləri avtobus müxalifəti adlandırırlar. Bəs dövlətimizin, dövlətçiliyin əleyhinə yalan və böhtan danışmaqla anti–Azərbaycan qüvvələrin, ermənipərəst dairələrin sifarişlərini yerinə yetirərək özlərini müxalifət adlandıranlara hansı adı verək? Belə “liderlərin” diqqətinə çatdırıram ki, işğaldan azad olunmuş ərazilərimizə səfər edən ictimai- siyasi xadimlər, partiya sədrləri, QHT rəhbərləri hər bir məsələdə fərqli düşünürdülər. Onların bəzi məsələlərdə öz mövqeyi, təklifləri var idi. Lakin bizi birləşdirən bir amal var: Vətən hamımızındır. İşğaldan azad olunan torpaqlara, həmin ərazilərə gətirilən yeni həyat, yeni nəfəs hamımızın əməyi və zəhməti nəticəsində baş verə bilər. Elə bu səfərlər də həmin məqsədlərə xidmət edən tədbirlərin tərkib hissəsidir.//Xalqqazeti.com


Müəllif: Teleqraf.com