Mərkəzi Bankın sədri Elman Rüstəmov Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkədə makroiqtisadi vəziyyət, bank sektorunun inkişafı, maliyyə sabitliyi, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
Görüş zamanı Elman Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, ölkənin xarici ticarət mövqeyi, eləcə də maliyyə-bank sistemi, o cümlədən Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, aparılan islahatlar, bankların kapitallaşması kimi məsələləri nümayəndə heyətinin diqqətinə çatdırıb.
O, iqtisadiyyatın şaxələnməsi və maliyyə sektorunun gücləndirilməsinin ölkənin prioritet istiqamətlərindən olduğunu qeyd edərək ölkəmizin iqtisadi inkişaf tarixinə, maliyyə-bank sisteminin quruculuq mərhələlərinə, bu sahədə aparılmış islahatlara, həmçinin Azərbaycanın gələcək inkişaf prioritetlərinə dair geniş məlumat verib.
Çarlz Hendri Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə, eləcə də Mərkəzi Bankla yaxından tanışlığına məmnun olduğunu bildirib.
O, Azərbaycan Mərkəzi Bankının fəaliyyətini, bank quruculuğu sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən bank sistemi sahəsində əməkdaşlıqda, ticarət əlaqələrinin daha da genişlənməsi və qeyri-neft sektorunda əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə həmçinin Azərbaycan ilə Böyük Britaniyanın bank sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı ticarət və investisiya münasibətlərində maliyyə institutlarının, xüsusilə də bankların rolunun gücləndirilməsi məsələləri, eləcə də bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib.
Naibə QURBANOVA