6 Avqust 2022 14:26
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti tərəfindən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı "Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğunlaşdırılıb.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya elmləri doktoru, professor Mehman Axundov bildirib.

O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq.

"Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək".

M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilanbalığının adının "Qırmızı Kitab"dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər