13 Avqust 2022 09:06
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son həftələrdə ölkədə un qıtlığının müşahidə olunması ilə bağlı məlumatlar yayılıb. Xüsusilə bu hal paytaxtdan kənarda, bölgələrdə müşahidə olunur.

Yaşanan problemlə bağlı Sabirabad rayonunun sakinləri Teleqraf.com-a müraciət ediblər.

Sakinlərin sözlərinə görə, rayonda kommunal problemlərin yaşanması azmış kimi, bir həftədən artıqdır ki, un qıtlığı ilə üzləşiblər. Bildirirlər ki, rayonda un tapa bilmədikləri üçün Şirvan şəhərinə üz tutsalar da, orada nəinki un, heç çörək də tapa bilməyiblər: “Hətta kəndlərdən rayon mərkəzinə də gedirik, amma un tapa bilmirik. Bəlkə kimlərsə öz marağına görə gizlədilibdir? Hökumət orqanları, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edib ki, qıtlıq olmayacaq. Çörək satışında da gecikmələr olur. Bəs bu kasıb kənd camaatı nə etməlidir? Su yoxdur ki, torpaqlarmızda taxıl əkib becərək. Pul yoxdur gedib xarici ölkədən un alıb gətirək”.

Sakinlər məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə, İqtisadiyyat Nazirliyinə də müraciət ediblər.

Sakinlərin sözlərinə görə, un qıtlığından rayon icra hakimiyətinin də məlumatı var. Lakin heç bir tədbir görmək istəmirlər.

Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının birinci müavini Həsən Həsənov səslənən iddiaların əksini bildirdi: “Sakinlərdən belə bir müraciət daxil olmayıb. Mən özüm bu səhər mağazadan çörək almışam. Heç bir un və ya çörək qıtlığınan söhbət gedə bilməz”.

Sosial şəbəkələr də rayonlarda un qıtlığının olması xəbərini təsdiqləyir. Bəs bu nə ilə əlaqədardır?

İqtisadçı ekspert Rəşad Həsənov bu durumun təchizat zəncirində yaranan problemdən qaynaqlana biləcəyi ehtimalını irəli sürüb: “Ukrayna taxılının dünya bazarlarına çıxarılmasından sonra taxılın qiyməti 24 fevraldan (Rusiya-Ukrayna müharibəsinin başlamasına qədər) əvvəlki səviyyəyə qayıtdı. Belə bir optimist prosesin başladığı şərtlər daxilində nə üçün Azərbaycanda taxılın qiyməti bahalaşsın? Dövlət un idxalı ilə bağlı subsidiyalaşdırma prosesini davam etdirir.

Düşünürəm ki, bu, hansısa formada daxili monipulyasiyadır. Bilirik ki, şirkətlər bazarda inhisarçıdırlar. Çox rahat şəkildə konkret sövdələşmələrə gedə bilirlər. Ola bilər, konkret sövdələşmələrin nəticəsində hansısa formada qiymət artımları istiqamətində hökümətə təzyiq etmək və yaxud da subsidiyaların məbləğlərinin artırılması ilə bağlı hökümətdən daha böyük dəstək almaq məqsədilə belə bir prosesə başlayıblar.

Fikrimcə, mövcud şərtlər daxilində ağlabatan ssenari təchizat zəncirində hansısa problemlərin yaranmasıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər