"Qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur!"
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.
O vurğulayıb ki, bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsələlərinin ön plana keçdiyi şəraitdə sərhəddə dövləti maraqları müdafiə edən sərhədçilərimiz onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər:
"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev DSX-nin hərbi hissə və bölmələrinə 41 dəfə səfər edib. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir".
DSX rəisi vurğulayıb ki, şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə qaldırdığımız hər bir məsələyə Azərbaycan Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb:
"Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, "Sərhədçi" İdman Mərkəzi, Abşeron rayonunun Goradil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti inşa edilib, Dövlət Sərhəd Xidmətinin Aparatının binası əsaslı təmir edilib. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları inşa olunub, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. Respublika miqyasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib".
"Azərbaycan sərhəd mühafizəsinin bütün şəxsi heyəti dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edir və gələcəyinə inamla baxır. Bu inam Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır. Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur! Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq-sayıq duracaq!", - o bildirib.