Xaricdə yaşayan azərbaycanlılar ana dilini öyrənməklə bağlı böyük çətinliklə üzləşiblər.
Belə ki, Almaniyada yaşayan Abuzər Manafzadə həyat yoldaşının Azərbaycan dilini öyrənməyə çalışdığını yazır: “Dilimizi alman dilindən öyrənmək üçün yazılmış bir doğru-düzgün kitab yoxdur. Heç ingilis dilindən öyrənmək üçün də yazılmış mükəmməl bir kitab, sözlük yoxdur. Təəssüf ki, hər biri çoxlu səhvlərlə doludur. Bir dostum “Azleks.az” saytını tövsiyə etdi. Sayta girmək olmur. Telefona yüklədik, qeydiyyat vacibdir yazılıb, amma qeydiyyatdan keçmək olmur. Bu nə böyük bir problemdir. Nəyə görə dilimizi öyrənmək üçün bu qədər problemlərlə üzləşirik? Axı dil çox vacibdir. Təəssüflər olsun bu hala... Hansısa bir Avropa dilini, hətta Afrika dillərini öyrənməyə çalışsanız yüzlərlə, minlərlə kitab tapmaq mümkündür, amma bizim dilimizdə... Çox heyf...”
Teleqraf.com məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin fikirlərini öyrənib.
Professor bildirib ki, Dilçilik İnstitutunu Elmi-Tədqiqat İnstitutu olsa da, sözügedən problemlə bağlı müəyyən təşəbbüsləri olub: “Ümumiyyətlə, dərsliklərin yazılması, hazırlanması ilə Azərbaycan Dillər Universiteti məşğul olur. Azərbaycandan köçüb Almaniyada yaşayan soydaşımız Rasim Sadıqov bu sahədə çox peşəkar şəxsdir. O, Almaniyada yaşayanlar üçün xüsusi dərsliklər yazır. Bu, yeni bir mərhələdir. Rasim Sadıqov Almaniyada universitetlərin birində dərs deyir. Yüksək intellektli bir şəxsdir. Onun yazdığı sanballı bir əsəri Dilçilik İnstitutunun elmi şurasından keçirdik. Amma maddi durumu imkan vermir ki, həmin əsəri böyük tirajla çap edib həm ölkəmizdə, həm də Almaniyada yaysın. Bu kitab üçün bizə müraciət edənlər olur. Bilirsiniz, maddiyatın üzərində çox şey dayanır. Əgər müraciətlər çox olarsa, Rasim müəllim Almaniyada Azərbaycan dilini öyrənən adamlar üçün bu dərsliyi buraxa bilər”.
Nadir Məmmədli deyir ki, Azərbaycanda oturub Alman dili dərsi keçmək mümkün deyil: “Son 30-40 il ərzində Almaniyada əlifbada, canlı danışıq dilində müəyyən dəyişikliklər baş verib. Yəni gedən proseslər Azərbaycanda oturub Almaniya üçün dərslik yazmağa imkan vermir. Bu işləri ancaq Almaniyada yaşayan azərbaycanlıların qüvvəsindən istifadə etməklə görmək olar. İndi qapılar açılıb, bizim xariclə əlaqələrimiz yaxşıdır. İnsanları sözü yox, əşyanı göstərib sözü öyrətmək lazımdır. Bu cəhətdən Almaniyada yaşayan ziyalı soydaşlarımız dərsliklərindən istifadə etmək lazımdır.
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri, professor Kərim Şükürov Almaniyada və digər xarici ölkələrdə Azərbaycan tarixi ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabların yazılmasına razılıq verib. Biz də Dilçilik İnstitutunun elmi şurasında belə bir dərsliyin mütləq çıxmasına icazə vermişik. Təbii ki, maddi cəhətdən dəstək olsa, yaxşı olar.
Azərbaycanda oturub bunu cür dərsliklərin hazırlanması effektiv olmaz. Yazılar, amma ortaya çıxan kitab ancaq nəzəri cəhətdən hazır olmuş sayılar. Bu cür dərslikləri praktik insanlar yaza bilər. Ədəbi dilin üslubu ilə danışıq dilinin üslubunu qarışdırmaq olmaz. Hələ danışıq dili üslubu ilə orfoepiyanı qarışdırmaq olmaz. Praktik danışıq kitabçasını yazmaq üçün orada yaşayıb, öyrənmək lazımdır”.
Naşirdən praktik danışıq kitabçalarının və lüğətlərinin hazırlanmasında diaspor təşkilatlarının maraqlı olub-olmadığını da soruşduq. O, diaspor təşkilatlarının bir dəfə də olsun bu məsələ ilə maraqlanamadığını bildirib: “Niderlandda yaşayan bir soydaşımız Bakıda olarkən praktik dərslik hazırlamışdı. Hətta Diasporla İş üzrə Dövlət Komitəsi həmin kitabın maliyyələşməsinə kömək etmişdi. Zaman ötdü, Niderlanddan soydaşlarımız Azərbaycana gələndə həmin kitabı gətirib göstərdilər ki, bu səviyyədə dərslik yazmaq olarmı?! Kitab başdan ayağa səhv idi.
Azərbaycan dili çox qədim dildir. Bundan irəli gələrək ana dilini öyrənməyin müəyyən çətinlikləri var. Sözlər o qədər inkişaf edib ki, yeni mənaları əmələ gəlib. Məsələn, əcnəbi “getmək” sözünü “addımlayaraq irəli getmək” kimi başa düşür. Amma bu gün Azərbaycan dilində “getmək” sözünün bəlkə də 35 mənası yaranıb. Yola getmək, ərə getmək, fikrə getmək və s. Bunların hamısını əcnəbiyə başa salmaq lazımdır.
Bu cür nümunə çoxdur. Ölkənin adını çəkməyəcəm. Bir azərbaycanlı Bakıda oturub iki dildə praktik bir lüğət və danışıq kitabçası yazıb aid olduğu ölkəyə göndərmişdi. Bu nəşrlər böyük qıcıq doğurmuşdu. O vaxtı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov idi. Həmin ölkədən gələn soydaşlarımız Komitəni bu kökdə kitabların çapına icazə verdiyi üçün qınayırdı. Demək olar ki, kitabdakı fikir və cümlələrin hamısı səhv idi.
Ona görə bu kitab və dərsliklərin hazırlanmasını xaricdə yaşayan azərbaycanlıların özünə həvalə etmək lazımdır, Azərbaycanda da mütəxəssislər ona rəy verməlidir”.