31 Avqust 2022 13:12
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqvimlər dəyişsə də, təəssüf ki, ölkəmizdə bəzi hadisələrə baxış bucağı dəyişmir. Söhbət azyaşlı qızların zorla qaçırılmasından gedir. Tez-tez nikah yaşına çatmayan qızların qaçırılıb həyatlarının məhv olmasına şahidlik edirik. Ailələri sahib çıxmadığı üçün qızlar əksər hallarda onları qaçıran şəxslərə boyun əyməli olurlar.

Maraqlıdır, bu qızlar qaçırılma hallarında hansı addımlar atılmalıdır? Onların gələcək taleyi üçün hansı işlər görülə bilər?

Teleqraf.com mövzu ilə bağlı mütəxəsislərin fikirlərini öyrənib.

“Qanunların sərtləşdirilməsinə ehtiyac var”

"Azərbaycan uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə belə halların qanunazidd və cinayətin bir növü olduğunu deyib: “Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanunda da 18 yaşadək uşaqların evlənməsinin qadağan olunduğu qeyd edilib. Bu qanunun işləməsi üçün mexanizmlər də mövcuddur.

Deməzdim ki, bu mexanizmlər hərtərəflidir, amma var. Bu gün cəmiyyətdə mentallığı qanundan üstün tutanlar əsas gətirirlər ki, qız o evə gedibsə, orada qalması daha məqsədəuyğundur. Bu, qanunaziddir. Buna görə də cəmiyyət arasında mütəmadi maarifləndirmə, məlumatlandırma işləri aparılmalıdır. Ən azından ictimailəşən bir məlumatı sona qədər çatdırsalar, yəni hadisənin davamı necə oldu, nələr baş verdi, uşağın reabilitasiyası, inteqrasiyası istiqamətində ailə ilə hansı işlər görülməsi barədə məlumatı bütün prosesi ictimaiyyətə açıqlasalar, bəlkə ondan sonra bu insanların belə hallara münasibəti bir qədər dəyişər.

Amma düşünmürəm ki, tezliklə bütün işlər sahmana düşəcək. Qanunların sərtləşdirilməsinə ehtiyac var. Qaçırılmış, qaçmış, məcbur edilmiş 18 yaşı tamam olmayan qız birmənalı şəkildə sığınacağa yerləşdirilməli və yaxud ailəsinə qaytarılmalıdır”.

“Qız təzyiq altında qalaraq ifadə verir”

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin fikrincə, hansı məqsədlə qaçırılmasından asılı olmayaraq bu, adam oğurluğudur: “Ölkəmizdə nikah yaşı 18 yaşdan başlayır. Əgər burada evlilik məqsədi varsa, qanunvericilik müstəsna hallarda 17 yaşından nikaha girməyi qəbul edir. Bu isə müvafiq icra hakimiyyətinin rəyi ilə bağlıdır.

Ötən həftə rayonlardan birində azyaşlı qızın qaçırılması baş vermişdi. Qışqırıq səsini qonşular da eşitmişdilər. Belə hallarla bağlı cinayət işi açılmalıdır.

Amma bəzi məqamlarda qız biabr olmaqdan çəkindiyi üçün mentaliteti, cəmiyyət qınağını nəzərə alaraq könüllü qaçdığını bildirir. Ölkəmizdə də təəssüf ki, belə qızların sonradan ailə qurması problemli hal alır. İstintaq orqanları ciddi tədqiqatla aparılmalıdırlar. Araşdırılmalıdır ki, həmin qız təzyiq altında ifadə verir, yoxsa könüllü surətdə.

Zorla qaçırılan şəxslər ətrafın təzyiqi altında könüllü getməsi barədə ifadə verir. Hər bir halda cinayət işi açılmalıdır. Təəssüf ki, ölkəmizdə hələ də feodal yanaşmaları davam edir”.

“Qız yaşayış yerini sərbəst seçir”

Əliməmməd Nuriyevin sözlərinə görə, qızın harada qalması ilə bağlı qərarı o özü verə bilər: “Qanunvericiliyə görə, nikah könüllü razılıq əsasında baş verir. Bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Lakin sərbəst hərəkət azadlığı nəzərə alınaraq qız könüllü getdiyini iddia edirsə, getdiyi ailədə qala bilər, amma nikaha girə bilməz. 16 yaşında şəxsin sərbəst hərəkət hüquqi var, amma evlənməsinə qanun icazə vermir. Qız yaşayış yerini sərbəst seçir. Ola bilər ki, ifadəsinə deyəcək mən nikaha girmirəm, evlilik məqsədilə o evdə qalmıram. Bu səbəblə ciddi araşdırılma aparılmalıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər