Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trasa başsağlığı məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli xanım Baş nazir,
Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqının parlaq siması idi.
Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafelərə ürəkdən bağlılığı, xalqına təmənnasız xidmət, dövlətə hədsiz sədaqət nümunəsi ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.
Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".