1 Oktyabr 2022 09:38
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiya illərlə çəkə bilməz. Ya öldürdüyünü öldürüb zəifləyir, ya da təbiətən ölüdürücülük qabiliyyətini itirir. Koronovirus da zəifləməlidir, hesab edirəm ki, sona doğru gedir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, koronovirus siyasiləşdirilmiş bəladır: “Pandemiya yeni başlayanda ABŞ-ın prezidenti tez-tez COVID-in müalicəsində hansı dərmanlardan istifadə edilməsindən, eləcə də virusdan qorunmaq barədə təbirlərdən danışırdı. Halbuki pandemiyanın tibbi aspektləri barədə həkimlər məlumat verməlidir. Bu bəlanı çox siyasiləşdirdilər. Axı, siyasətçinin dərmanla, virusla nə iş var? O desin ki, sərhədi bağlayırıq, iqtisadi vəziyyət ağırdır, əhaliyə kömək edəcəyik və sair.

Dünyanın gözü ABŞ-dadır. Orada çox güclü elmi mərkəzlər var. O alimlər susub, amma prezident danışır. Sağ olsun, Co Baydeni, indi də deyir ki, pandemiya bitib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bütün dünyada irad obyektidir. “Artır”, “qorxuludur”, “təhlükəlidir” kimi açıqlamaları ilə üç il hamını gərginlikdə saxladı. Buna baxmayaraq iki həftə öncə açıqlama verdi ki, pandemiyanı bitmiş hesab edə bilərik. Pandemiyanı idarə edən ÜST-nın rəhbəri deyirsə ki, pandemiya bitib, bu, insanlara psixoloji baxımdan çox pozitiv təsir edir”.

Vaqif Qarayev koronovirusun həddindən artıq qorxulu bir bəla olduğunu qeyd edib: “Çünki öyrənilməmiş virusdur, tədricən öyrənilməyə başladılar. Bu gün deyilən fikir sabah təkzib olunurdu. Tutaq ki, bu gün təyin edilən dərmanın yaxşı olduğu deyilir, sabah bunu əksin söyləyib, başqa bir dərman məsləhət görürdülər”.

Həkim virusla bağlı dünya üzrə statistik məlumatları hər gün izlədiyini də vurğulayıb: “Deyə bilərəm ki, son günlər həyəcanverici, təşviş yaradan dəhşətli rəqəmlərə rast gəlinmir. Daha çox qonşu ölkələrin - Türkiyə, Rusiya, Gürcüstan, qonşu olmasa da Ukraynanın statistikasını izləyirəm. Çünki Azərbaycana ən çox gediş-gəliş bu ölkələrdəndir. Quru sərhədlərimiz bağlı olsa da, hava yolları açıqdır. Hər nə qədər quru sərhədlər bağlı olsa da, gediş-gəliş varsa, bu xəstəlik yayılacaq. Ən çox istinad etdiyimiz Türkiyədir, artıq onlarda da statistik məlumatlar görmürəm. Əhali bu xəstəliyin varlığına da, sönməyə doğru getdiyinə də öyrəşib.

Tarixən dünyada çox ölümcül viruslar olub. Amma bu, illərlə çəkə bilməz, sönəcək. Məsələn, “İspan epidemiyası” adlı çox dəhşətli epidemiya milyonlarla insanı öldürmüşdü. Eynilə koronovirus da zəifləməlidir, hesab edirəm ki, sona doğru gedir”.

Vaqif Qarayev hazırda uşaqlar arasında anacaq mövsümi xəstəliklərin müşahidə edildiyin də qeyd edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər