“Reuters” agentliyi fotoqraflardan bu il çəkilmiş ən təsirli fotolarının tarixçəsini öyrənib.
Publika.az bitməkdə olan ildə çəkilmiş ən təsirli fotoları izahı ilə birgə təqdim edir.
“Bu qorxunc peyzaja baxan insanın nə hisslər keçirdiyini təsəvvür etmək çətindir. Braziliyada yaşadığım 4 il ərzində çox şey görmüşəm. Buraya on aylarla davam edən San-Paulo ətrafında quraqlığı da əlavə etmək olar. Yağış qıtlığından Cənubi Amerikanın ən böyük şəhərini su ilə təmin edən Kantareyra su anbarı quruyub. Suyun səviyyəsi son on ildə minimuma enib. Vertolyotdan çəkilmiş su anbarının şəklinə baxdıqda mən onu əziyyət çəkən qadına bənzədirdim. Foto daha çox Edvard Munkun “Haray” tablosunu xatırladır. Mənim fikrimcə isə, bu, kömək istəyən ana təbiətdir”.
“Bəzilərinə elə gələ bilər ki, kerlinq oyunları darıxdırıcı ab-havada keçir. Lakin bu heç də belə deyil. Oyun zamanı fasilədə pivə içən iki rahibəyə rast gəldim. Bütün oyun boyu gözümü onlardan çəkə bilmirdim. O zaman rahibələrin xəbəri olmadan onları çəkmək qərarına gəldim”.
“Çaupadi – bu, qadınların aybaşı vaxtı təcrid olunması ayindir. Bu vaxt qadın natəmiz hesab olunur, o, evdə ola və məbədə gedə bilməz, yuyuna, ev heyvanlarına və insanlara toxuna bilməz. Gecələr isə onlar pəncərəsiz və adyalsız pəyədə yatmalıdırlar. Nepalın bəzi rayonlarında bu adət uzun əsrlərdi ki, qorunub saxlanılır. Şəkli çəkən zaman pəyədə saxlanılan çoxlu qıza rast gəldim. Onların arasında 14 yaşlı Uttara Saud da vardı. Qızın sözlərinə görə, aybaşı zamanı o, məktəbdə dərslərindən də geri qalır. Çaupadi bəzən qadınların ölümünə də səbəb olur. Qadınlar ilan sancmasından, vəhşi heyvanların hücumundan və soyuqdan həlak olurlar. Pəyədə qızınmaq üçün od qaladıqda isə yanğın və tüstü onların dünyasını dəyişməsinə səbəb ola bilər. Bəzən də olur ki, qadınlar bu vəziyyətdə zorlanmaya da məruz qalırlar”.
”1995-ci ildə 8 min insanın qətlə yetirildiyi Srebrenitsa soyqırım qurbanlarına ucaldılmış heykəli ziyarət edən Ancelina Colini çəkirdim. Bundan sonra Coli Bosniya müharibəsi zamanı zorlanmış qadınlarla görüşməli idi. Bir çox fotoqraflar onu çəkməyə hazırlaşırdılar. Mənsə Colinin göz yaşlarını çəkməklə Bosniya müharibəsinin dəhşətlərini dünyaya çatdıra bildim”.
“Mən Lima şəhər milli teatrının konsertində idim və tenor Xuan Dieqo Floresin çıxışını gözləyirdim. O, uşaq xoru ilə birgə çıxış etməli idi. Təsadüfən uşaqlardan birinin ürəyi bulandı. Görünür, qız bərk həyəcan keçirmişdi. Uşaq xorunun digər üzvlərini çıxışını davam etdirdiyi halda, o, səhnəni tərk etdi”.