Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi”nə müsahibəsini təqdim edir:
- Qüdrət bəy, “Milli Şura” Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısına piket təyin edib. Hazırda belə bir etiraz aksiyasının keçirilməsi nə qədər məqsədəuyğundur?
- Piketi təşkil edənlər aksiyanın keçirilməsini məqsədəuyğun hesab edirsə Konstitusiyanın 49-cu maddəsinə əsasən bu barədə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə piket düzəldə bilərlər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin IV və V bəndlərində toplantının hansı hallarda qadağan oluna bilməsi qeyd olunur. Həmin normaları olduğu kimi təqdim edirəm. 4-cü maddə - “Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər”.
5-ci maddə - “Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər”.
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü bəndində deyilir ki, yalnız müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan hüquq və azadlıqları qismən və müvəqqəti məhdudlaşdırıla bilər. 71-ci maddənin 6-ci hissəsində düzünə göstəriş var ki, “bu Konstitusiyanın insan hüquq və azadlıqları ilə bağlı tələbləri birbaşa hüquqi qüvvəyə malikdir”.
Ona görə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 4-cü və 5-ci bəndləri Konstitusiya ilə ziddiyyət təşkil etdiyindən tətbiq oluna bilməz.
Məhz bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti deyə bilməz ki, mən məqsədəuyğun hesab etmədiyim üçün piket düzəltməyi qadağan edirəm. Toplantının keçirilməsinin məqsədəuyğunluğunu onu təşkil edənlər müəyyən edir.
Azərbaycanda dövlət idarəetməsində savadlı hüquqşünaslara böyük ehtiyac var. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizdə cəmiyyətin sosial inkişaf indeksi, ictimai-siyasi münasibətlər sistemi yüksək Qərb standartlarına cavab verməsə də Konstitusiya və Qanunlar qəbul olunanda çalışırıq ki, bizdə də hüquq normaları Qərbdəki kimi olsun və biz də “qəşəng” qanunlarımızın olması ilə öyünək. Sonradan isə Konstitusiyaya zidd qanunlar qəbul edirik, Konstitusiyanın tələblərinin yerinə yetirilməsində problemlər yaranır və vətəndaşların qanunun aliliyinə, hüququn üstünlüyünə inamı sarsılır. Ona görə də cəmiyyət üçün hamı tərəfindən əməl olunan “pis” qanunlar icra olunmayan yaxşı qanunlardan daha faydalıdır. Çünki ən azından vətəndaşlara qanunların aliliyinə hörmət ruhu aşılayır.
- Yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Düşünürəm mövcud reallıqlara uyğun yeni konstitusiya qəbul olunmalı və o zamanla, cəmiyyətin inkişafına uyğun olaraq təkmilləşdirilməlidir.
Hazırda iqtidarın təhlükəsizliklə bağlı narahatlığı varsa, sərbəst toplaşma azadlığı ölkəmizin müharibə vəziyyətində olmasına görə məhdudlaşdırıla bilər. Kimsə deyə bilər ki, Ermənistanla atəşkəs elan olunub. Amma biz görürük ki, az qala hər gün sərhəddə atışma olur, Ermənistan çalışır dünyaya göstərsin ki, münaqişə bitməyib. Biz, sülh sazişi imzalanmayana qədər Ermənistanla faktiki müharibə vəziyyətindəyik. Rəsmən müharibə elan olunmaması faktiki vəziyyəti dəyişmir. Bu gün Rusiya və Ukrayna arasında gedən müharibə də rəsmən elan olunmayıb.
Sizin birinci sualınıza qayıtsaq, mən də hazırda kütləvi etiraz aksiyalarının keçirilməsini məqsədəuyğun saymıram. Konstitusiyanın 24-cü maddəsinin 3-cü hissəsində qeyd olunur ki, “hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir”.
- Bəs piketin məhz indi elan olunmasında məqsəd nədir?
- Açıqdan-açığa hiss olunur ki, hazırda bu cür piketlərin elan olunması təxribat xarakterlidir və Azərbaycan dövlətinə təzyiq məqsədilə xaricdən sifariş olunur. Qanuna görə piketlərdə maksimum 50 nəfər iştirak edə bilər. Amma biz nəyi müşahidə edirik, təşkilatçılar hər dəfə əhaliyə çağırış edirlər ki, piket keçirilən yerə gəlin və kənardan piketə dəstək verin. Tutaq ki, onların çağırışı ilə ora 10 min adam gəldi, təhlükəsizlik isə 50 nəfərə görə təmin edilib və orada ictimai qayda pozulsa və kütləvi iğtişaşlar baş versə,insanların həyatı təhlükə altına düşərsə, onların sağlamlığına, mülkiyyətinə zərər vurularsa buna görə kim məsuliyyət daşıyacaq? Hələ mən dövlətin təhlükəsizliyini demirəm. Əslində təşkilatçılar xahiş etməlidirlər ki, piketdə iştiraka adlı dəvət almayan şəxslər piket keçirilən əraziyə gəlməsin. Baxın, iqtidarı qanunları pozmaqda ittiham edən, qanunların aliliyi uğrunda mübarizə apardıqlarını bəyan edən bu adamlara necə inanmaq olar. Hesab edirəm müvafiq dövlət orqanları bu məqama xüsusi diqqət yetirməlidirlər.
İndi elektron informasiya vasitələri ilə etirazı daha geniş kütlələrə çatdırmaq mümkündür. Görün, sərhədlərimizdə İran hansı təxribatlarla məşğuldur, Rusiyada nələr baş verir, Qərbin ermənipərəst dairələri dövlətimizə hansı təzyiqləri edir, bunlar isə ölkə daxilində təxribatlara yol aça biləcək hərəkətlərdən çəkinmirlər. Bütün gücləri ilə sülh danışıqlarında Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar. Gah deyirlər Ermənistanın torpaqlarını işğal etmişik, gah Rusiyanın bölgəni qarışdırmaq oyunlarında iştirak etdiyimizi bəyan edirlər, indi isə Azərbaycanda insan hüquqlarının pozulduğunu nümayiş etdirmək istəyirlər.
Amma əminəm ki, belə həssas məqamda xalqımız keçən dəfə olduğu və özlərinin də etiraf etdiyi kimi onların çağırışlarına yenə də əhəmiyyət verməyəcək, müvafiq dövlət orqanları isə ölkədə sabitliyin pozulmasına yönələn istənilən təxribatın qarşısını alacaq.