Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilmiş faciə ilə bağlı sənədli film hazırlayıb.
Teleqraf.com-a AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Başlıbel: mühasirə gündəliyi” filmi erməni silahlılardan qaçaraq dağlara sığınmış 29 azərbaycanlının xatirləri əsasında lentə alınıb. Rayonun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin onlar cəmi 17 gün gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni quldurlar qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb.
Bu insanlar cəmi iki ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurlar 27 nəfəri güllələyib, 1 nəfəri diri-diri yandırıb, ruhi xəstəlikdən əziyyət çəkən 1 kənd sakinini işgəncə ilə qətlə yetiriblər. 19 kənd sakini isə girov götürülüb.
Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib, günlərlə kahalarda ac-susuz qalıblar. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda qalıb.
Filmdə düşmən əlindən sağ qurtulmağı bacaran azərbaycanlılar yenidən həmin yerlərə qayıdır, qorxu dolu günlərinin keçdiyi kahaları tapır, özlərindən qalma əşyalara baxır və həmin dəhşətləri danışırlar.
Filmin ssenari müəllifi Elxan Salahov, rejissoru Pərviz Həsənovdur. “Başlıbel: mühasirə gündəliyi” sənədli filmi 31 oktyabr, 1, 2, 3 noyabr tarixlərində saat 21:00-da AzTV-də yayımlanacaq. Filmi AzTV-nin sosial şəbəkə hesablarında da izləyə bilərsiniz.