Heç bir dərman diabeti tam müalicə etmir. Əgər dərman maddəsi diabeti müalicə etsəydi, bu gün 30-35 ilin diabet xəstəsi olmazdı. Dərman xəstənin problemini tam həll etmir, amma onu stabilləşdirmək, normada saxlamaq üçün vasitədir. Dərman odur ki, qısa müddətdə ondan istifadə edib, sağlamlığımızı bərpa etməliyik. Əgər bir dərman otuz il diabetə təsir edə bilmirsə, deməli, diabeti heç bir dərman müalicə edə bilməz. Hazırda internetdə, sosial şəbəkələrdə reklamı aparılan dərmanlar heç bir sertifikata malik deyil və belə dərmanlardan uzaq qaçmaq lazımdır. Diabetin əsas müalicəsinə gəldikdə, bunun yeganə yolu fiziki aktivlik və pəhrizdir.
Bunu Teleqraf.com-a sosial şəbəkələrdə şəkərli diabet dərmanları ilə bağlı yayılan iddiaları şərh edən endokrinoloq Vəfa Əsgərli deyib.
Daha bir məsələ cərrahi üsulla şəkərli diabetdən qurtulmaqla bağlıdır. Vəfa Əsgərlinin fikrincə, elmi ədəbiyyat sübut edib ki, karbohidratların həzmi ağızda başlayır:
“Əgər diabetdən əməliyyatla azad olmaq istəyirlərsə, xəstənin bağırsağını yox, başını kəsmək lazım gələrdi. Çünki birinin qan şəkəri aşağı düşəndə biz xəstəyə ilkin tibbi yardım kimi dilinin altına qənd qoymasını tapşırırıq, səbəb isə dilin altının kapillyarlarla zəngin olmasıdır.
İnsan orqanizmi kimyəvi laboratoriyadır. Orqanizm ona nə yediyini demir, onu molekul, karbohidrat olaraq görür. Bu proses ağızda baş verirsə, bağırsağı kəsməklə diabetdən necə azad ola bilərik? Cərrahi əməliyyatda nə baş verə bilər? İlk olaraq bağırsaq əməliyyat olunur. Birinci ongünlükdə xəstə pəhriz saxlayır. Ona görə də qan şəkəri düşür. Bağırsaq əməliyyatına görə yox, pəhriz saxladığına görə...
Amma bir aydan sonra heç kim on beş, iyirmi min verib təkrar əməliyyat olunmur. Olunanlar isə yeyib-içmək istəyir. Fikirləşir ki, mən müəyyən qədər pul vermişəm və istədiyim kimi qidalanmalıyam. Bu zaman başlayır yeyib-içməyə, əvvəl şəkər 500-600 olurdusa, indi düşür 300-də dayanır. Çünki bağırsaqda bir nahiyə var, ordan şəkər geriyə sovurulur. Həmin nahiyə kəsilir, amma bu funksiya ağızda və mədədə qalır. Qidanın sorulması isə mədədə gedir. Ona görə də bu müalicə mümkünsüzdür”.