Ötənlərdə şəxsi kolleksiyamıza qiymətli bir eksponat daxil oldu. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusan üzvlərinə parlamentin açılışı münasibətilə təqdim edilən bu xatirə əşyası dövrün yadigarlarındandır. Əşyaya keçmədən öncə parlamentin açıldığı zamankı ruh yüksəkliyi, qurucuların düşüncələri, insanların sevinci barədə...
Dövrün rəsmi qəzet funksiyasını həyata keçirən “Azərbaycan” qəzeti parlamentin açılışından bir gün sonra – 8 dekabr 1918-ci il tarixli sayında bu şəkildə yazmaqdadır: “Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis və Azərbaycan fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır. Ümumiyyətlə ruh yüksəkligi hökmfərmadır”.
Bu ruh yüksəkliyi səbəbsiz deyildi. 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Cümhuriyyəti elan edildiyi zaman ilin sonuna qədər Bakıda parlamentin açılacağı təsəvvür də edilməzdi. Bakı işğalda idi, Gəncə istisna olmaqla, demək olar ki, ölkə ərazisində milli qüvvələrin hökmü yox idi. Hökumətin əlində tək çıxış yolu vardı. Yanvar ayından etibarən danışıqların aparıldığı Osmanlı dövlətindən yardım istəmək. Nəticədə Osmanlı ilə Batum müqaviləsi imzalandı və Azərbaycanda Qafqaz İslam Ordusu formalaşdırıldı. 15 sentyabrda Bakı ingilis, rus, erməni qüvvələrdən azad edildi və beləliklə hökumət əsas paytaxtına köçdü.
Rəsulzadənin müraciəti
Amma yenə də parlament haqqında danışmaq tez idi. I Dünya müharibəsi hələ yekunlaşmamışdı, güc balansları hər an dəyişməkdə idi. Nəticədə Osmanlı məğlubiyyətə uğradı, Mudros müqaviləsini imzalayaraq Azərbaycandan çıxmağa məcbur oldu. Müqavilənin şərtlərinə uyğun olaraq 1918-ci ilin noyabr ayının 17-də Britaniya qoşunları Bakıya gəldi. Artıq müharibənin taleyi bəlli idi, ona görə də Çar Rusiyasının dağılması nəticəsində istiqlaliyyətini elan etmiş dövlətlər özlərini tanıtmaq üçün tək yolun Paris Sülh Konfransında iştirak etmək olduğunu başa düşürdü. Parisdə isə bir xalqı ancaq bütün kəsimləri tərəfindən qəbul edilmiş qanunverici orqanı olan dövlət təmsil edə bilərdi. Bu işi həyata keçirəcək tək qurum isə Məhəmmədəmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası idi.
1918-ci il noyabrın 29-da M.Rəsulzadə “Bütün Azərbaycan əhalisinə” adlı müraciətnamə dərc edir. Həmin müraciətdə parlament haqqında çox yüksək fikir ifadə edilir: Parlament yurdun sahibi olacaqdı! Eləcə də parlamentdə qeyri-müsəlmanların da təmsilçilərinin olacağı vəd edilir: “Bu ayın 19-da qəbul elədiyi qanunnaməyə görə, Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan halına gələcəkdir. Bu Məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mühafizə edəcəkdir”.
Gələcək parlamentin hər kəsi təmsil edəcəyi fikri müraciətnamədə indidən vəd edilir, amma əsas vəzifənin Azərbaycan türklərinə düşəcəyi haqlı olaraq bildirilir: “Bütün Azərbaycan vətəndaşları bilafərqi-millət və məzhəb bir vətənin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər. Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə, bittəb, Azərbaycanın türklərinə, müsəlman camaatına düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar”.
Parlamentin açılışı
Parlamentin açılışı dekabrın 3-nə nəzərdə tutulsa da, dörd gün sonra baş tutur. Həmin gün saat 13-13:30-da mesenat Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında Məclisi-Məbusan fəaliyyətə başlayır, açılış nitqini də təbii olaraq Milli Şuranın sədri M.Rəsulzadə edir. O, çıxışında birləşdirici mövqe sərgiləyir: “Zaman ağır, gedəcəyimiz yol çok tikanlı və arizəlidir. İləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və səri-mənzili-məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çok fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqət qalan qərəzlər atılmalı, Vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.
“Azərbaycan” qəzeti ilk iclasdan hazırladığı materialda Rəsulzadənin fikirlərinə yer verib: “Nəhayət saat ikinin yarısında iclas açılıyor. İclası Məhəmmədəmin Rəsulzadə cənabları nitqi-iftitahilə açaraq Azərbaycan istiqlalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından incimiş, zənciri-əsarət altında əzilmiş və bittəbii bundan dolayı rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan türklərinin rus milləti və rus mədəniyyətinə qarşı məhəbbət və dostluqdan başqa bir fikri olmadığını qeydlə nəhayət Azərbaycanın yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin amal və gedəcək yolları bir olduğunu göstərərək bu gün bu binada qaldırılmış olan bayrağın enmiyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların şüarı olaraq istiqlal və hürriyyət uğrunda göstərdikləri və göstərməgə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin də münasibat və rəftarını qeydlə diyor ki, vicdani-bəşər heç vəqt böylə zülmü işləməz ki, bizi bu səadətdən məhrum qılsın”.
Qəzetin redaktoru Üzeyir bəy Hacıbəyli isə məqaləsində parlamentin mahiyyətini ifadə edən gözəl bir ifadə işlədib: “Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”.
İlk iclasda Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Əlimərdan bəy Azərbaycanı İstanbul və ardınca Parisdə təmsil etdiyinə, işğaldan sonra isə mühacirətdə yaşadığına görə heç bir zaman sədrlik kürsüsündə əyləşə bilmir.
Parlamentdən qalan xatirələr
İndi isə parlamentin yadigarlarından bəhs edək. Üzeyir bəy Hacıbəyli ilk iclas ilə bağlı “Təəssürat” adlı məqaləsində parlamentin daxili görünüşü ilə bağlı maraqlı bilgilər verib: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar degil idi - bəlkə fiyatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi. Məhəmmədəmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək” amalı əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endirilməz!” - dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Parlamentin açılış günündən qalan yeganə fotoşəkildə sədarət kürsüsünün üstündə iki bayrağın olduğunu görürük. Həmin bayraqlardan biri parlamentin steneoqraflardan Mirzəbala Məhəmmədzadə tərəfindən mühacirətə aparılıb, onun vəfatından sonra gənc silahdaşı Eldəniz Qurtulana verilib. Sonuncu isə bayrağı İstanbulda təhsil almış sosioloq Əfqan Vəliyevə Azərbaycana vermək üçün əmanət edib. Nəticədə həmin bayraq Cümhuriyyətin 100-cü ildönümü ərəfəsində - 2018-ci il mayın 24-də Əfqan Vəliyev tərəfindən o zamankı Baş nazir Novruz Məmmədova təqdim olunub. Hazırda parlamentin yadigarı olan bayraq Dövlət Bayrağı muzeyində sərgilənir.
Parlamentin digər yadigarları iclasların steneoqramları, möhürü, iclaslardan qalan bir neçə fotoşəkil və tarixi binadır. Parlamentin möhürü hazırda Ədliyyə nazirliyinin muzeyində qorunmaqdadır.
Bizim əldə etdiyimiz xatirə jetona gəldikdə isə ehtimal edilir ki, həmin jeton bütün Məclis üzvlərinə verilib. Hazırda həmin jetondan iki ədədi Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Bizdəki nüsxə ilə birlikdə 4 ədədi isə şəxsi kolleksiyadadır. Muzeydəki nümunədə üzərində Azərbaycan bayrağı rənglərində lent də mövcuddur.
Jetonun bir üzündə ay və səkkiz guşəli ulduz, digər üzündə isə parlamentin təsviri verilib. Bürünc materialdan ibarət jetonun diametri 3,8 sm-dir.
Arxa üzündə parlamentin başında bayraq, üstündə isə günəş şüaları var. Həmin hissədə parlamentin açılış tarixi qeyd olunub: 7 kanuni-əvvəl. Ay-ulduz olan qismində isə əski əlifba ilə “Azərbaycan Cümhuriyyəti parlamentinin açılmasına yadigar” ifadəsi qeyd olunub.