Abşeron yarımadasında yerləşən Böyükşor gölünün bərpasının ilkin mərhələsi başa çatmaq üzrədir.
Teleqraf.com xəbər verir ki, layihənin icrasına başlamazdan əvvəl gölə axıdılan 76 kanalizasiya mənbəyinin sayı 44-ə qədər azaldılıb və digər çirklənmə mənbələrinin qarşısı alınıb. Eyni zamanda qədim Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib. Gələcəkdə həmin ərazinin və gölün şimal sahilinin neftlə çirklənmiş torpaqlardan təmizlənməsi nəzərdə tutulur.
Hollandiyadan gətirilən müasir avadanlıqlar köməyə gəlir
Uzun illər gölə axıdılan və artıq onun dibinə çökərək qalın təbəqə əmələ gətirən tullantıların təmizlənməsi üçün Hollandiyadan xüsusi avadanlıq gətirilib. Bu avadanlıq dayaz sularda işləyə bildiyindən gölün dibi onunla təmizlənir. Ümumilikdə 2,8 milyon kubmetrədək hesablanan dib çöküntülərinin 1 milyon kubmetri indiyədək qazılaraq çıxarılıb. Qurğunun gölün dibindən çıxardığı çöküntülər nasos vasitəsilə 4,5 kilometr aralıdakı 3 anbara vurulur. Bu çöküntülər ətraf mühitə və insan sağlamlığına ziyan vurmadan zərərsizləşdirilir.
Təmizləndikdən sonra gölün əsas su mənbəyi qurunt suları və yağış olacaq. Həmçinin kanalizasiya sularının bir hissəsi gölə axıdılacaq, lakin təmizləndikdən sonra. Onu da bildirək ki, gölün su tərkibinin və dibinin təmizlənməsində adıçəkilən ölkənin "Witteven+Bos" şirkəti nəzarət işlərini həyata keçirir. Su hövzələrinin təmizlənməsi və bərpası üzrə dünyanın ən təcrübəli məsləhətçi şirkətlərindən sayılan bu şirkət eyni zamanda Xorvatiyada, Türkiyədə, Hindistanda və başqa ölkələrdə bir çox layihələr icra edib.
Gölün kompleks bərpasının birinci mərhələsi Avropa Oyunlarınadək başa çatacaq
İki mərhələdə həyata keçirilən gölün kompleks bərpasının birinci mərhələsi I Avropa Oyunlarınadək yekunlaşaçaq. Hazırkı mərhələdə işlərin sürətlə getməsi üçün ərazi müvəqqəti olaraq bəndlə digər hissədən təcrid edilib. Olimpiya stadionu inşa edilən ərazinin, yəni gölün şərq hissəsini əhatə edən 300 hektara yaxın sahənin bərpası işi birinci mərhələ çərçivəsində - 2015-ci ilin may ayınadək tamamlanacaq. Artıq gölün Olimpiya Stadionu olan sahilində bulvar salınır. Gəzinti ərazisi tamamilə betonlanıb. 2015-ci ilin əvvəlində bulvar hazır olacaq və burada fontanlar quraşdırılacaq. Bulvarın uzunluğu 1 kilometr, eni isə 60 metrdən 100 metrədək olacaq. Beləliklə, Böyükşor bulvarı Bakının ikinci bulvarı olacaq. Gölün Ziya Bünyadov prospekti tərəfi, yəni cənub sahilində isə park salınacaq.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələnin 2015-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə görüləcək işlər isə I Avropa Oyunlarından sonra başlanacaq və bütün ərazini əhatə edəcək. Birinci mərhələdə əsası qoyulan və yekunlaşan işlər həm də ikinci mərhələnin başlanması deməkdir. Artıq 2015-ci ilin sonunda istifadəsi nəzərdə tutulan Böyükşor gölünün üzərindən keçəcək 8 xətli magistral yol üçün bəndin kənar xətləri inşa olunub. Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirəcək yolun 1570 metrlik torpaq bəndinin inşası da qrafik üzrə icra olunur və işin yarısı başa çatıb. Bənd 2015-ci il fevralın sonunda tam hazır olacaq. Ümumilikdə sahil xəttində yollarla birləşmə və asfalt örtüyünün vurulmasına da I Avropa Oyunlarından sonra başlayacaq.
Hazırkı vəziyyəti və yaxın gələcəkdə yaradılacaq şəraiti qorumaq məqsədilə gölün ətrafında mühafizə zonası yaradılıb. Gölün mühafizəsinin təşkil edilməsi, eləcə də gölə çirkli, lay və mədən sularının axıdılmasının, bərk tullantıların atılmasının, həmçinin ərazidə qanunsuz olaraq tikinti işlərinin qarşısının alınması məqsədilə "Təmiz Şəhər" ASC tərəfindən gölün ətraf ərazilərində 11 mühafizə məntəqəsi qurulub və onların maddi-texniki bazası təmin edilib. Hazırda gölə bərk tullantıların atılmasının qarşısı tamamilə alınıb.
Rüstəm