İki vacib məsələyə toxunmaq istəyirəm. Birincisi, paytaxt Bakıda tıxac problemidir. Bununla bağlı təklif səsləndirmək niyyətindəyəm. İnsanların bundan zülm çəkdiyi, dövlət qurumlarının isə problem qarşısında aciz qaldığı ortadadır. Yol infrastrukuru düzgün çəkilmədiyi üçün tıxaclar yaranır, insanlar 1-2 saat yollarda qalmalı olur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa səsləndirib.
Deputat təklif edib ki, şəffaf tenfder keçirilsin, Malaziya, Monqolustan və ya başqa bir ölkənin şirkəti bu məsələnin həllini üzərinə götürsün və təkliflər hazırlayaraq versinlər: “Metro və avtobusda getmək mümkün deyil. İnsanlar fotolar paylaşır. Qatarların içərisində hərəkət etmək mümkünsüzdür. Bunun yolunu tapmalıyıq. Təcili tender keçirilməlidir”.
Deputat eyni zamanda ermənilərin dekabrın 25-də keçirilən mitinqi haqqında da danışıb: “Ermənilər Xankəndidə mitinq keçirdi. Bizim QHT-lər böyük iş görürlər, qəhramanlıq göstərir. Aksiya indi də davam edir. Dövlət qurumlarının da aksiyaya müsbət yanaşması müsbət haldır.
Məncə, biz ermənilər adekvat cavab verməliyik. Nədən Naxçıvanda mitinq keçirib yolun açılması tələbi ilə problemi dünyaya tirajlamayaq? Sanki elə bir mənzərə yaranır ki, ancaq Qarabağda yol məsələsi var. Dünyanın aparıcı mediası da diqqəti ancaq Xankəndi yoluna yönəldir. Hesab edirəm ki, Naxçıvanda da analoji mitinq keçirmək, Zəngəzur yolunun açılmasını tələb etmək lazımdır. Beləcə paralel prosesi aparmaq, təbliğatda uduzmamaq, diplomatiyaya da əlavə arqumentlər vermək mümkündür”.