11 Fevral 2023 11:55
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Nosivive Mapisa Nqakula ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinədən məlumat verilib.

Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa Nqakula Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, dəvəti qəbul edib bu ölkəyə səfər etdiyi üçün Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Milli Assambleyanın sədri prezidentin xalqa müraciətinin onlar üçün mühüm hadisə olduğunu qeyd edərək, Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirakını yüksək qiymətləndirib.

Görüşdə Nosivive Mapisa Nqakula ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını deyib, ikitərəfli münasibətlərn genişləndirilməsində qarşılıqlı səfərlərin və təmasların rolundan danışıb.

Parlamentlər arasında münasibətlərin gücləndirilməsində dostluq qruplarının əhəmiyyətini vurğulayan Milli Assambleyanın sədri bu istiqamətdə səylərini artıracaqlarını qeyd edib.

Nosivive Mapisa Nqakula Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakıda keçirilmiş birinci Konfransının işinin yüksək səviyyədə təşkil olunduğunu, Konfransda qəbul olunmuş sənədlərin vacibliyini vurğulayıb. Xanım Nqakula Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bildirib ki, Qoşulmama Hərəkatı CAR-ın müstəqil və demokratik inkişafına böyük dəstək verib. Ona görə də CAR bu təşkilata böyük əhəmiyyət verir və onun Parlament Şəbəkəsində iştirakı vacib hesab edir. Qeyd olunub ki, artıq təşkilatda Milli Assambleyanın nümayəndə heyəti formalaşdırılıb.

Assambleya sədri qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu söyləyib, deputatlarımızın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının əhəmiyyətindən bəhs edib. O, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğını, xüsusilə, təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib və Azərbaycanın bu sahədə təcrübəsinin onun ölkəsi üçün yaxşı bir örnək olduğunu, Azərbaycanın təcrübəsini öyrənmək istədiklərini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfərə dəvətə görə təşəkkürünü ifadə edərək, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Spiker, Milli Assambleyanın sədri ilə ötən il həm Bakıda, həm də İndoneziyanın paytaxtı Cakartada keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, bu cür görüşlərin və qarşılıqlı dialoqun parlamentlərimiz arsaında əlaqələrin daha da dərinləşməsinə imkan verdiyini bildirib.

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolundan danışan spiker Sahibə Qafarova Milli Məclisdə Cənubi Afrika Respublikası ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini bildirib. O, həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın vacib olduğunu deyib, bununla yanaşı, parlament komitələri arasında əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin sədri, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi uğurlu fəaliyyəti, bu qurumun ölkəmizdə təşkil olunmuş mötəbər toplantıları barədə danışıb. Milli Məclisin sədri dövlətimizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərlə çıxış etdiyini və bu təşəbbüslərin beynəlxalq birlik tərəfindən dəstəkləndiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, qurumun Parlament Şəbəkənin yaradılması, onun təsis toplantısı, Bakıda keçirilən birinci konfransı, bu konfransda qəbul olunan mühüm əhəmiyyətli sənədlər, qarşıda duran vəzifələrdən bəhs edib.
Milli Məclisin sədri görüşdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunmasını da diqqətə çatdıraraq, qeyd edib ki, bu da gənclər arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Sahibə Qafarova xatırladıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələrə təhsil qrantları ayrılır. O, deyib ki, Cənubi Afrika Respublikasından olan gənclər bu qrantlardan faydalanırlar və bu imkandan daha aktiv yararlanmağa dəvət edirik.
Spiker Sahibə Qafarova, Cənubi Afrika Respublikasının nümayəndə heyətinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Madriddə keçirilən təsis konfransında və Bakıda keçirilən birinci Konfransında iştirakını məmnunluqla qeyd edərək, vurğulayıb ki, Parlament Şəbəkəsi parlamentlərimiz arasında əməkdaşlığın genişləndirilməsinə imkan verən yaxşı platformadır.

Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsindən, öz ərazi bütövlüyünü bərpa etməsindən bəhs edib. O, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ərazilərimizin işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun müddət icra olunmadığını, nəhayət 2020-ci ildə Azərbaycanın öz gücünə həmin qətnamələrin yerinə yetirilməsini təmin etdiyini bildirib. O, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrin bəzi hallarda dərhal icra olunduğunu, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edən qətnamələrin isə 30 ilə yaxın həyata keçirilmədiyini diqqətə çatdırıb. Spiker buna beynəlxalq münasibətlər sistemində hökm sürən ikili standartların səbəb olduğunu deyib.

Milli Məclisin sədri hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini, yeni infrastrukturların yaradıldığını, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması istiqamətində lazımi tədbirlərin görüldüyünü söyləyib. Torpaqlarımızda Ermənistan tərəfindən minaların basdırıldığı və bunun aparılan quruculuq işlərinə maneələr törətdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. O, Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında iki ölkə arasında sülh sazişinin imzalanmasını təklif etdiyini, lakin Ermənistanın danışıqlarda destruktiv mövqe nümayiş etdirdiyini təəssüflə qeyd edib. Sahibə Qafarova Azərbaycanın regionda davamlı sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunmasında hər zaman səylərini əsirgəmədiyini bildirib.

Söhbətdə parlamentin sədri cari il yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında da danışıb. O, bu terror hücumu nəticəsində səfirliyimizin bir əməkdaşının həlak olduğunu, iki əməkdaşının yaralandığını söyləyib. Milli Məclisin sədri deyib ki, biz bunu terror aktı kimi qiymətləndiririk və bu hadisənin ədalətli araşdırılmasını, cinayətkarların cəzalandırılmasını tələb edirik. O, qeyd edib ki, beynəlxalq ictimaiyyət bu terror hadisəsini pisləməli və buna layiqli qiymət verməlidir.

Milli Assambleyasının sədri Nosivive Mapisa Nqakula bu hadisə ilə bağlı başsağlığını ifadə edərək, deyib ki, terrorizmin bütün formaları qəti şəkildə pislənilməli və qınanmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər