15 Fevral 2023 21:48
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün Çekanın tanınmış əməkdaşlarından biri İmanla görüşmək, onu mücadilədən vaz keçirmək istəyir. Təyin edilən yerdə partizanlıq ənənəsinə uyğun olaraq müəyyən şərtlərlə görüş baş tutur. Həmin Çeka mənsubuna İman deyir: “Hanı siz Azərbaycana hürriyyət gətirəcəkdiniz? Azərbaycana istiqlal verəcəkdiniz? Qırmızı ordu ölümdən, qandan, aclıq və səfalətdən başqa Azərbaycana heç bir şey gətirmədi. Qırmızı rus ordusu Azərbaycandan çəkilsin, o zaman mən və mənim kimi yüzlərlə partizan mücadilədən vaz keçər”. İman Çeka mənsubunun təklifini rədd edir.

Əvvəli burada

İmanın silahının yetdiyi Borçalı bölgəsində kəndli ailələri, gəlinlər, qızlar sərbəst şəkildə kənd, ev işlərində çalışmaqda, bağlarına azad surətdə gedib gəlməkdəydilər. Bu gəlin və qızlara nə İmanın dəstəsindən, nə də kənd əhalisindən kimsə təcavüz edə bilərdi. Hər kəs İmandan çəkinərdi. İmanın partizanlıqda mühüm hesab etdiyi bir prinsipi də vardı: “Mən yoldaşlarımın vurulduğunu görməyim, fəqət yoldaşlarım mənim vurulduğumu görərlərsə, zərər yoxdur”. Bu qaydalarla İman üç il qırmızı ruslarla savaşır. İman daim yanında iki tapança daşıyardı. Ona “niyə iki tapança daşıyırsan?” deyə soruşulduğu zaman demişdi: “Bu tapançanın birini düşmənə qarşı istifadə edirəm, digərini düşmənə əsir düşməyərək özümə qarşı istifadə etmək üçün daşıyıram!”.

Bir gün bir dağ yamacında İman və döyüşçüləri Gül xanım adlı Aşağı İrbasan nahiyəsi müdiri olan qadın kommunistlə qarşılaşırlar. Gül xanımın yanında da mühafizləri vardı. Gül xanım İmanın onları öldürəcəyini zənn edərək yalvarır: “Ey dilimizin əzbəri, çölümüzün aslanı, qəlbimizin sevgilisi, məclisimizin yaraşığı, tökmə qanları, kəsmə yolları, tərk et bu Vətəni”. İman döyüşçüləri ilə birlikdə Gül xanımın üzünə baxmadan yoluna davam edirlər. Bir gün İmana Faxralı kəndindən məlumat gəlir ki, biri atası Təhməsquludan xəbər gətirib, onunla görüşmək istəyir. İman gələn adama deyir: “Mən atama qarşı məhcubam, onun üzünə baxa bilmərəm, bir zamanlar zavallı atam mənim ucbatımdan Çeka qapılarında süründü, indi də yenə mənim üzümdən Çeka bölükləri kəndimi və evimi basır, ixtiyar atamı pərişan edirlər”. Artıq İmanın dəstəsinin taqəti də tükənməkdə idi.

Nəhayət, ata həsrətinə dözə bilmir, kəndinə gedir. O zaman qırmızı ordu gücləndirilmiş, ətrafdakı başqa partizan dəstələrinin çoxu dağıdılmışdı. İman bir yoldaşını yanında götürərək gecəyarı kəndindəki evinə gedir. Atası ilə görüşür. İmanın məhcub vəziyyətini görən atası ona xitabən: “Oğlum, sən mənim qarşıma ağ üzlə çıxırsan. Mən səninlə iftixar edirəm. Sən dinimiz və millətimiz üçün ruslarla savaşırsan” deyir. Bəzi məsələləri danışdıqdan sonra ayrılarkən atası İmana: “Sənə son vəsiyyətimdir, oğlum, ruslarla savaşda sıxışsan, əsla təslim olma, özünü öldür!” deyə son sözünü söyləmişdir. Ata ilə oğul qucaqlaşaraq ayrılmışlar və bu ayrılıq son olmuşdur. Bədbəxt atanı İman Türkiyəyə sığındıqdan sonra ruslar güllələmişlər.

1930-cu ildə İmanın 10 döyüşçüsü ilə ana vətənə sığınması çox dramatik olmuşdur. İman yoldaşları ilə Türkiyə hüdudunu keçərkən ilk işi yerə qapanaraq müqəddəs ana vətən torpağını öpmək olur. Ondan sonra hüdudboyu bölük komandanı olan bir yüzbaşı ilə qarşılaşırlar. Bölük komandanı İman və yoldaşlarından silahlarını təslim etmələrini istəyir. İlk olaraq İman silahını çiynindən çıxararaq öpər və “Səni çiynimə saldığım zaman ya Vətənimin istiqlalına, yaxud da bir dosta təslim edəcəyimə əhd eyləmişdim. Vətəni düşmənə təslim etdim, səni daşımağa layiq deyiləm. İndi səni bir dosta əmanət edirəm” deyir və gözləri dolur. Silahını yüzbaşına təhvil verir. Bu mənzərə qarşısında İmanın silahını təslim alan yüzbaşı ağlayır. Eyni şəkildə İmanın döyüşçüləri də silahlarını hüdud komandanına təhvil verirlər.

İmanın tragediyası burada bitmir. Öz doğma yurdu Borçalıda buraxdığı arvadı Bala xanıma İkinci Dünya müharibəsi əsnasında, rusların yaşadıqları çox kritik dövrdə bir rus taqımı gəlir və yanlarında gətirdikləri şəxslə evlənməsini təklif edirlər. Bala xanım bu gələn rus taqım komandanından soruşar: “Əvvəlcə mənə deyin görüm, İman sağdırmı?..” Taqım komandanı İmanın sağ olduğunu, Türkiyədə yaşadığını söyləyir. Bala xanım rus taqım komandanının evlənmə təklfini rədd edir. Taqım komandanı Bala xanıma düşünməsi üçün 24 saat möhlət verir. Eyni günün axşamı Bala xanım Faxralı kəndində qeyb olur. Yaxınları və əqrəbaları uzun axtarışdan sonra Bala xanımı Faxralı kəndinin yaxınlığından axan bir çayda koma halında tapırlar və ertəsi günü Bala xanım ölür.
Azərbaycan istiqlal mücadiləsinin minlərcəsindən biri olan və xalqın içindən çıxan İmanın bu həzin tragediyası Azərbaycan partizan savaşlarının əxlaqi durumunu, əsalətini göstərmək üçün bir nümunə olaraq yazdım. Bizim lumumbacılar... Vyetnam partizan savaşlarını öyərək anladır və dastanlar qoşurlar. Halbuki Vyetnam partizanlarının arxasında yuxarıda da ərz etdiyim kimi Qırmızı Çin və Sovet Rusiyası kimi bu savaşı maddi və mənəvi şəkildə hər yöndən dəstəkləyənlər vardır. Vaxtilə Moskvada yetişdirilən Şimali Vyetnamın kommunist lideri Ho Şi Min Amerikaya qarşı mücadilə apararkən zavallı bədbəxt Vyetnam xalqının mənfəəti üçün deyil, onu yetişdirən Moskva və Pekinin imperialist əməlləri üçün mücadilə etməkdə, öz xalqını bada verməkdədir. Sovet və Qırmızı Çinin partizan zabitləri tərəfindən təlim görən və ən son silahlara təmin edilən Şimali Vyetnam partizanlarının vaxtilə Roma imperatorlarının öz sadist zövqlərini tətmin etmək üçün təlim verərək ölüm üçün hazırladıqları qladiatorlardan heç bir fərqi yoxdur. Bu bədbəxt, zavallı şimali vyetnamlılar onlara təklif edilən partizanlıq təlimini rədd etsələr, zatən öldürüləcəklərini bilirlər. Yeganə çıxış yolunu cəbhədə amerikalılarla döyüşərək ölməkdə görürlər.

Bütün dünya bilməlidir ki, Vyetnam savaşı Vyetnam xalqının istiqlalı və hürriyyəti savaşı deyildir. Bu savaş Sovet Rusiyasının Qırmızı Çin divini Sakit okean adalarına itələyərək və çıxararaq Amerikanın başına yuvarlamaq, Amerikanı məhv etmək və Qırmızı Çin bəlasından qurtulmaq savaşıdır. Amerika üçün ölüm-dirim məsələsi olan bu Vyetnam savaşı Qırmızı Çini Sakit okeana çıxarmamaq və qocaman Çin divinin geopolitik vəziyyətin gərəyincə və vaxtilə çar Rusiyasının qismən Çin imperatorluğundan zəbt etdiyi Dış Monqolustana, Sibirə, Qazaxıstana və Türküstana itələməkdir. Unutmamaq lazımdır ki, Dış Monqolustanda bir milyon monqol əhali yaşamaqdadır, ancaq 28.000.000 böyük baş heyvan vardır. Bura Sovet Rusiyasının ət anbarıdır. Bu ölkə Türkiyənin üç misli böyüklükdədir. 11.000.000 əhalisi olan Qazaxıstan Sovet Rusiyasının buğda anbarıdır. Bu ölkə də Türkiyənin üç misli böyüklüyündədir. Sovet Rusiyasının son illərdə qərbə göstərdiyi iltifatlarında özünəməxsus gizli planlarından başqa bu Qırmızı Çin divinin dünya siyasətində oynamağa başladığı və bundan sonra da oynayacağı siyasətin böyük payı vardır.
Qars səfərində keçmiş Azərbaycan partizanlarının mənə danışdıqları qırx il öncəki Azərbaycan istiqlal mücadiləsi xatirələrini yazarkən sərhəd boyunda ön sipərdə olmanın müqəddər cəfalarını çəkmiş Qars və çevrəsi ilə cəfakar Qars xalqının dərdlərini gözlərimlə gördüm və bu yazıya qismən mövzu seçdim.

“Türk kültürü”, sayı 64, 1968-ci il.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər