26 Dekabr 2014 17:01
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il dünyada 60 jurnalist qaynar nöqtələrdə peşə fəaliyyətini yerinə yetirərkən ölüdürülüb. Öldürülən jurnalistlərin böyük əksəriyyəti hazırda münaqişə ocaqları hesab olunan İraq, Suriya, Əfqanıstan, Ukrayna və Fələstinin payına düşür. Jurnalistika qloballaşan dünyada ən riskli peşə olaraq qalır. Azərbaycan da müharibə şəraitini yaşayan ölkə hesab olunur.

Davamlı olmasa da, Azərbaycanın işğal olunan Dağlıq Qarabağ və daha yeddi rayonunda qanunsuz hərbi bazalar quran erməni silahlı qüvvələri daima təmas xəttində gərginlik yaratmağa əl atırlar. Başa vurduğumuz 2014-cü ilin yayında cəbhə xəttində intensiv atışmaların baş verməsi fonunda onlarla jurnalist cəbhə xəttindən reportaj hazırlamaq, real vəziyyətə dair xəbərlər verməyə tələsmişdi.


Cəbhə bölgəsinə gedən jurnalistlərlə söhbətdən bəlli olur ki, onların heç biri sığorta şirkətlərinə müraciət edərək sığorta paketi əldə etmək haqqında düşünməyib. Müasir çağırışlar isə jurnalist, reportyor peşəsi nümayəndələrinə həyat sığortasından yararlanmağı qaçılmaz edir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin qızışdığı dövrdə jurnalistlərdən Çingiz Mustafey, Salatın Əsgərovanın məhz peşə fəaliyyətini yerinə yetirərkən öldürülməsi, bu peşə sahiblərinin sığorta imkanlarından istifadə etməsinin nə dərəcədə vacib olduğunu göstərən faktdır. Paytaxtımızda da jurnalistlər təhlükəli hadisələrin baş verdiyi nöqtələrdən reportaj hazırlayırlar. Lakin Bakıda və regionlarda peşəjakar jurnalistlərlə apardığımız sorğulardan bəlli olur ki, hazırda “həyat sığortası”, “tibbi sığorta” paketlərini əldə etmək anlayışları jurnalistlər üçün əlçatmaz və ya maraqsız mövzu olaraq qalır.

Qanunvericilik nə deyir?

Qanunvericilik hər bir redaksiya heyətinin, eləcə də jurnalistlərin fərdi şəkildə istənilən sığorta agentliyi ilə müqavilə bağlamasını tanıyır. Bu halda tərəflər müqavilə bağlayır, müqavilənin müddəti 1 il və ya bir neçə il ola bilər. Bu daha çox tərəflərin razılaşmasından asılıdır. Normal halda jurnalisti işə qəbul edən şirkət onu bir il müddətinə təhlükəsizlik sığortası paketi ilə təmin etməlidir. Əgər bu yoxdursa, reportyor fərdi şəkildə də sığorta agentliklərindən paket əldə edə bilər. Düzdür, ölkəmizdə Sığorta Məcəlləsi qəbul edilməyib. Lakin Mülkü Məcəllənin 334-cü maddəsinə əsasən, tərəflər (Sığorta edən və etdirən) həyat, təhlükəsizlik, əmlak, sağlamlıq sığortası əldə edə bilər.

“Vətənpərvərliyə alışdığımdan, sığorta aglıma gəlmirdi...”

Bu ilin yayında cəbhədə atəşkəs rejiminin qəfil pozulması səbəbindən iki dəfə cəbhəyə səfər edən jurnalist İsmi Qurbanov deyir ki, onun sığortası olmayıb: “Cəbhədə hərbi vəziyyət kəskinləşdiyi üçün iki dəfə cəbhə bölgəsinə getməli oldum. Agdamda, Tərtərfə, Füzulidə və Goranboyda oldum, reportaj hazırladım, videoçəkilişlər etdim. Ancaq sığorta şirkətləri ilə nə onda, nə də hazırda müqaviləm yoxdur. Atəşkəs qəfil pozulduğundan vətənpərvərlik hissi güclü idi və sığorta sözü belə yadıma düşmürdü”.

Son illər bir çox xarici münaqişə ocaqlarından reportajlar hazırlayan jurnalist Səbuhi Məmmədli də mətbuata açıqlamasında qeyd edib ki, Pakıstan və Suriyaya getdiyi zaman sığortası olmayıb.


“Jurnalistlər ikiqat sığorta olunmalıdır”

Azərbaycan Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bu mövzuya olduqca həssas yanaşır. Liqa sədri hesab edir ki, hər bir peşənin sahibi sığortalanmalıdır: “Nəzərə almalıyıq ki, jurnalistka risqli peşələrdən sayılır. Ən çox öldürülən, təzyiqə məruz qalan, oğurlananlar məhz jurnalistlər olur. Bu baxımdan hesab edirəm ki, media nümayəndələri ikiqat sığorta olunmalıdır. Bir adi işçi kimi həyatı sığorta olunmalıdır, digər tərəfdən, istisna hal kimi riskli iş üçün sığorta olunmalıdır”.

Y.Məmmədli təəssüf hissilə bildirdi ki, Qarabağ müharibəsi zamanı həlak olan media nümayəndələri sığorta olunmamışdılar: “Hazırda müharibə şəraitində yaşayırıq. Mütəmadi olaraq, atəşkəs pozulur. Təmas xəttində olan jurnalistlər həyatlarını risqə ataraq xəbər hazırlayırlar. Hesab edirəm ki, jurnalistlər sığorta olunmalıdır”.


“Siğorta şirkətləri də jurnalistlərin sığortalanmasında maraqlı olmalıdır”

Media Hüququ İnstitutunun əməkdaşı, ekspert Xalid Ağaliyev deyir ki, hüquqi baxımdan jurnalisti işə qəbul edən şirkət onunla əmək müqaviləsi bağlamalıdır. Onun fikrincə, jurnalistlə əmək müqaviləsi ilə ilə yanaşı, tibbi və peşə sığortası müqaviləsi də bağlanmalıdır. Mütəxəssis hesab edir ki, jurnalistlərin özləri də fərdi şəkildə sığorta şirkətlərinə müraciət edə və sığorta paketi əldə edə bilərlər: “Hüquq fərdi şəkildə müqavilə bağlamağı tanıyır. Təbii ki, sığorta şirkətləri də bunda maraqlı olmalıdır. Jurnalistika, xüsusilə ekstremal jurnalistika ilə məşğul olmaq dünyanın hər yerində təhlükəlidir. Bu sahədə çalışan jurnalistlər hətta təkrar sığorta olunmalıdır. Ola bilsin ki, bizdə kimlərinsə sığortası var. Ancaq mən fəaliyyət göstərdiyim bu illərdə hər hansı bir jurnalistin sığortalandığı haqda məlumat eşitməmişəm. Bizdə daha çox tələb olunduğu halda formal sığorta olunma halları müşahidə edilir. Məsələn, hər hansı bir jurnalist xaricə tədbirə gedirsə, bu zaman sığorta müqaviləsi hökmən olmalıdır. Bir daha qeyd edirəm ki, jurnalistika təhlükəsiz sahə deyil. Siyasət, kriminal mövzulardan yazanlar, cəbhə xəttindən reportaj hazırlayanlar həm də maraqlara toxunurlar. Odur ki, onlar üçün hər zaman təhlükə ola bilər. Lakin bizdə nə jurnalistlərin kollektiv şəkildə, nə də fərdi şəkildə sığortalanması tendensiyası var”.

"20 manata bir illik sığorta paketi əldə etmək mümkündür”

İcbari Sığortalar Bürosunun hüquqşünası Nazilə Hüseynova isə deyir ki, jurnalistlər də digər peşə nümayəndələri kimi icbari həyat sığortasından yararlana bilər: “İstər jurnalist, istərsə də başqa sahədə çalışan şəxs öz həyatını sığortalaya bilər”.

“Qala Həyat” sığorta şirkətindən bildirdilər ki, təkcə jurnalistlərin deyil, günün 24 saatı ərzində dünyanın istənilən nöqtəsində çalışan digər peşə sahiblərinin də həyatını sığortalamaq mümkündür. Bunun üçün cəmi 20 manat ödəməklə bir il müddətində 10 min manat sığorta ödənişi ilə sığorta paketi əldə etmək mümkündür.


“İpək yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətindən də deyiblər ki, onlarda müxtəlif növ sığorta paketləri var və arzu edənlər bununla maraqlana bilərlər. Eyni zamanda qeyd olunub ki, ASC fəaliyyət göstərdiyi bu illər ərzində jurnalistlərdən heç vaxt müraciət qəbul etməyib.

Nemət


Müəllif:

Oxşar xəbərlər