“İrəvan yazıları” 7
“İrəvan yazıları” layihəmizdə ötən əsrdə Qarsda Milli Şura hökuməti quraraq tarixdə iz qoyan şəxslərdən bəziləri haqqında məlumat vermişdik. Dr. Əsəd Oqtay, Yusif Yusifzadə, Əhməd Karaçanta kimi İrəvan bölgəsində doğulanların həyat hekayəsinə nəzər yetirmişdik. Bu dəfəki yazımızda Qars hökumətində maliyyə naziri olmuş Məhəmməd bəy haqqında məlumat verəcəyik. Bəzi mənbələrdə Məhəmməd Hüdayibəyoğlu kimi də keçən Məhəmməd Sultan oğlu Xudadadbəyoğlu haqqındakı yazının müəllifi mərhum tədqiqatçı Fəxrəddin Kırzıoğludur.
***
Dr. Fəxrəddin Kırzıoğlu
Məhəmməd bəy Xudadadbəyoğlu
Məhəmməd bəy 1885-ci ildə əskidən Qarsın Şörəyel sancağına bağlı olan Gümrüdə doğulub. Atası Şörəyel, Ağbaba və Çıldırda ticarətlə məşğul olan, xeyirxahlığı ilə məşhur, xalqın hüsnü-rəğbətini qazanan Sultan bəydir. İbtidai təhsilini Çıldır qəzasının mərkəzi Zurzunadakı rus məktəbində, orta təhsilini Gümrüdə alıb. Fəqət ruslar bu əsnada baş verən 1904-1905-ci il rus-yapon müharibəsi nəticəsində həyata keçirilən inqilabdan türklər istifadə etməsin deyə erməni komitə və dəstələrini müsəlmanların üzərinə saldıqları üçün təhsilinə davam edə bilməyib.
Məhəmməd bəy 1914-cü ildə Cahan hərbi başlayana qədər Gümrü mütəsərrifliyində türkcə tərcümanlıq edib. Sarıqamış fəlakətinin ardınca 1915-ci ilin əvvəllərində rusların qəsəbə və kəndlərdəki bir qrup türk əhalini çoluq-çocuqla qətl etməsindən sonra köməyə gedən Bakı İslam Xeyriyyə Cəmiyyətinin buralarda açdığı şöbələrdə və qurduğu təşkilatda vəzifə alaraq çalışıb. 1917-ci ilin sonlarında Tiflisdə idarəçiliyə başlayan Seym hökuməti zamanında Gümrüdəki türklərin nümayəndəsi olaraq sancaq idarəçiliyində iştirak edib. 1918-ci ildə ordumuzun gəlişinə qədər Məhəmməd bəyin gördüyü ən mühüm xidmətlər bunlardır: Sarıqamış fəlakətində əsir düşən əsgərlərimizin rus ixtilalından sonra ermənilərin əlinə keçməsi əsnasında yüzlərlə məhmədciyi Qars və Gümrüdəki düşərgələrdən müxtəlif vasitə ilə qurtarmaq və ya türk kəndlərinə yerləşdirmək, doğulduğu yerə yolçu etmək xüsusundakı qeyrət və fədakarlığı; bundan başqa ermənilərin məğlub olaraq Ərzurum və Qarsdan çəkildikləri zaman türk kəndlərini yandırıb qətliam törədərkən yanlarında qaçırdıqları bir qrup zavallı müsəlman qadın və uşaqlardan bir çoxunu rəsmi səlahiyyətinə dayanaraq açıq və ya digər vasitələrlə xilas edib Tiflis və Bakıdakı Cəmiyyəti-Xeyriyyə mərkəzlərinə təslim etmək. Onun bu xüsusdakı milli xidmətləri hər zaman xeyirlə yad edilməsinə səbəb olub.
15 may 1918-ci ildə erməni kolordusu ilə etdiyimiz Gümrü müharibəsində silahlı olaraq ordumuza fədakarcasına xidmət və yol göstərdiyi üçün Ənvər paşanın imzası ilə 5 oktyabr 1918-ci il tarixli 59 saylı vəsiqə ilə “Qırmızı şəritli hərb medalı” ilə təltif edilib. Atəşkəsə görə ordumuz Şərqdən geri çəkilərkən ailə fərdləri ilə birlikdə Qarsa gələrək 1918-ci ilin noyabr ayında burada təşəkkül edən Milli İslam Şurası adlı məhəlli hökumətdə fəal vəzifə tutub.
17-18 yanvar 1919-cu ildə Qarsda baş tutan Milli Şura Qurultayında bu hökumət Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqəti Milliyyəsi adını alıb, seçkilərdən sonra Məhəmməd bəy bu milli mücadilə hökumətində maliyyə müməssili olub. 13 aprel 1919-cu ildə ingilis qüvvətləri Qarsı basqınla işğal edib hökumət ərkanını Maltaya sürgün edincə maliyyədəki pulu ələ keçirmək və Qarsın sərvət qaynaqlarını öyrənmək məqsədilə Məhəmməd bəyi nəzarət altına alıblar, sürgün etmək təhdidi ilə sıxışdırıblar. Vilayətimizin idarəçiliyi İrəvandakı erməni hökumətinə tərk edilincə adı keçən xüsuslardan dolayı çox sorğu-suala çəkilib. Həyatına təhlükə görən Məhəmməd bəy Azərbaycana qaçmağa müvəffəq olub.
1920-ci ilin yayında ermənilər təkrar Qars kəndlərindəki türkləri qırmağa başlayarkən Gürcüstan hüdudu içərisindəki yerlərə qaçan türkləri mühacir olaraq Azərbaycana aparmaq üzərə Axısxaya gəlib. Burada təşkilat hazırlığı və sövq işləri ilə məşğul olarkən epidemiya şəklini alan tifə yaxalanaraq 1920-ci ilin payızında Axısxada vəfat edib, orada da dəfn olunub. Məhəmməd bəyin qardaşı 1919-cu ilin aprelindən sonra ingilis işğalı altında türk, erməni, rum və sairədən qurulan Qars Vilayəti Hökumətində türk heyətinin ümumkatibi, son illərə qədər Qars Ticarət Odasının sədri olan tüccardan Haşim Pekinsel bəydir.
“Kars Eli” jurnalı, sayı 16, 1965