“İrəvan yazıları” 6
“İrəvan yazıları” layihəmizdə növbəti məqalənin müəllifi Dr. Budak Demiraldır. Azərbaycan əsilli ailənin övladı olan Demiral Qars Xalq Evinin sədri olub, “Kars eli” jurnalında Qarsla bağlı müxtəlif yazılar qələmə alıb. Qarsda muzeyin də qurulmasının öncüllərindən olan Demiral İsveçrədə vəfat edib.
“Qarsdan İsveçrəyə anılarım” adlı əsərin müəllifidir.
Onun “Kars eli” jurnalında Qars Milli Şurasının üzvlərindən olan Əhməd Karaçanta ilə bağlı yazısı dövrün tarixinin öyrənilməsi baxımından önəmlidir.
Qeyd edək ki, Qaraçanta kəndi haqqında “Wikipedia”-da bu şəkildə məlumat verilib: Qars vilayətinin Qars qəzasında Amasiya rayonunda kənddir. Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Xalqın “Hulley” adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür.
Toponim Qaraçanta nəsil adı əsasında yaranıb. Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı Əzizbəyov olaraq dəyişdirilib. Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulub. Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. "Duzdağ", "Qapılızağa", "Ömərdərəsi", "Arpaçayı", "Hülleydağ", "Ortatəpə", "Üçgözələr", "Məmmədağa", "Daşdərə", "Göybulaq", dağ, dərə, bulaq adlarıdır. 1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib. 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşayıb.
1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər, 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfər, 1987-ci ildə 1600 nəfər yalnız azərbaycanlı yaşayıb. 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk edib. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1750 nəfər olub.
***
Dr. Budak Demiral
Qarsın qurtuluşunun 44-cü ildönümü münasibətilə Milli Şura sədri və Ortakapu məhəllə muxtarı Əhməd Karaçanta
Yeni Türkiyədə ilk milli mücadilə cəbhəsinin Qarsda başladığı bir çoxlarımıza məlumdur. Birinci Dünya müharibəsinin ağır atəşkəsindən beş gün sonra, yəni 5 noyabr 1918-ci ildə ilk Müdafiəyi Hüquq Milliyyə Təşkilatı olaraq sonradan adı Milli Şura olan Qars İslam Şurası qurulmuşdu. İbrahim bəy Cahangiroğlunun rəisliyində bu hökumət bir il yarım Qars və civarını erməni və gürcü istilasına qarşı əzmlə qorumuşdu.
Milli Şuranın 12 hökumət üzvündən indi ancaq bir neçəsi (hörmətli Dr. Əsəd Oqtay Ankarada, hörmətli Kazım Muğan Ərdəhandadır) həyatdadır. Onlardan biri də ozamankı dövlət dəmiryolları naziri hörmətli Əhməd Karaçantadır. Milli mücadilənin civarımızdakı bu ilk cəsur şəxslərinin bir çoxlarının həyatları haqqında indiyə qədər bilgi verilməməsi hər halda böyük bir nöqsandır. Çünki onların başlarına gələnlərin bu gün də gündəlik həyatımızda bizlərə nümunə olması baxımından olduqca çox maraqlı tərəfləri vardır. Növbəsi gəldikcə onları anmaq çox faydalı olar. Bizə təvazökarlıq və fədakarlıq dərsi verən hörmətli Əhməd Karaçantanın həyat hekayəsini birlikdə təqib edək:
Əhməd Hacıoğlu 1877-ci ildə o zamanlar rusların idarəçiliyinə düşən Qarsın Ağbaba qəsəbəsinin Qaraçanta kəndində (bu qəsəbə və kənd hələ də Rusiyanın tərkibindədir və hüdudumuza yaxındır) dünyaya gəlib. İbtidai məktəbə bu kənddə gedib, orta məktəbə Gümrüdə davam edib. Həyata atılınca ticarətlə məşğul olub, tez-tez Qarsa gedib. Fəqət hər hərəkətində rus idarəçiliyində doğulub-böyüməsinə rəğmən türklük milli hissləri özünü göstərib, ətrafına da təsir edib. Buna görədir ki, Qarsda Milli Şura qurulan kimi ona dövlət dəmiryolu naziri vəzifəsi verilib. 1918-ci ilin noyabrından 1919-cu ilin aprelinə - ingilislərin Milli Şura üzvlərini Maltaya sürgün etməsinə qədər bu vəzifəni böyük əzm və fədakarlıqla yerinə yetirərək ermənilərin Qarsı dəmiryolu vasitəsilə istilasının qarşısını alıb. Gürcülər Axısxa-Ərdəhan cəbhəsindəki Milli Şura qüvvətlərini məğlub edib Ərdəhana girdikləri əsnada Qarsda müsafir olan bir ingilis alayı eyni gecə - yəni, 12 aprel 1919-cu ildə indi vali köşkü olan ozamankı parlament binasına basqın edərək Milli Şura hökuməti üzvlərini həbs ediblər.
Əhməd Karaçanta bir yolunu tapıb o gecə ingilislərin əlindən qurtulsa da, ertəsi günü təkrar tutulub. O da digər yoldaşları kimi Maltaya sürgün edilmək üçün Batuma aparılsa da, orada da fürsət tapıb Azərbaycana keçib. O zamankı müsavatçı azərbaycanlılarla təmasa keçib və oraya iltica edən qarslı mühacirləri hər baxımdan idarə edib.
Kazım Qarabəkir paşanın 30 oktyabr 1920-ci ildə Qarsı təkrar Ana Vətənə qəti surətdə birləşdirməsindən bir neçə ay sonra Əhməd Karaçanta yurduna qayıdıb. Paşa bir neçə dəfə onu məqamına dəvət edib vəziyyətini, bir arzusu olub-olmadığını soruşsa da, Milli Şura naziri buna yalnız təşəkkürlə cavab verib. Yenə 1925-ci ildə böyük qurtarıcımız Atatürkün Qarsa gəlişində onu qarşılayanlar və gecə toplantısında olanlar arasında Əhməd Karaçanta da vardı.
O, daha sonra həyatını bir tərəfdən ticarətlə təmin edib, digər tərəfdən də könüllü xidmətlər göstərib. Uzun illər böyük bir dürüstlük və dəqiqliklə Qars bələdiyyə üzvü olduqdan sonra bir neçə il əvvələ qədər Ortakapu məhəlləsi muxtarı vəzifəsini könüllü şəkildə həyata keçirib.
Bir ildən bəridir ki, yaşlılıq xəstəlikləri səbəbindən evində yatmaqda olan Karaçantanı arabir ziyarət edib həm dərdlərini, həm də xatirələrini dinləyirəm. Ən qəribə tərəfi Milli Şura nazirliyindən və ya məhəllə muxtarlığından bəhs edərkən üzündə eyni təvazökarlıq ifadəsini müşahidə etməyimdir. Böyüklüyün, təvazökarlığın və könüllü xidmət eşqinin canlı nümunəsi olan Milli Şuranın naziri və Qars Ortakapu məhəlləsinin muxtarı hörmətli Əhməd Karaçantanı və onun timsalında Qarsın xilaskarlarını 44-cü qurtuluş ildönümündə hörmətlə anır, həyatda olan digər silahdaşları ilə birgə ona uzun ömür arzulayıram.
“Kars eli” jurnalı, sayı 4, 1964-cü il