Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 31 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxıb. Qeyd edib ki, 366-cı motoatıcı alayın iştirakı ilə erməni-daşnak millətçiləri tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktı XX əsrin ən böyük cinayətlərindən biridir. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdıran Akademiya rəisi baş vermiş soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət veriləcəyinə əmin olduğunu bildirib.
Baba Salayev Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, sözügedən qanlı hadisənin soyqırımı kimi tanınması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.
Bildirilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun böyük xidmətləri vardır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır.
Mərasimdə çıxış edən yazıçı-publisist, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova Xocalıda baş verən dəhşətli gecə barədə acı xatirələrini bölüşüb. Vurğulayıb ki, bu faciə zamanı Xocalı yerlə-yeksan edilib, uşaq, qadın, qoca bilmədən insanlar vəhşicəsinə qətlə yetirilib, əsir alınaraq olmazın əzab və işgəncələrinə məruz qalıblar. S.Cəfərova müəllifi olduğu Xocalıda qətlə yetirilmiş 70 ahıl insanın faciəvi taleyindən bəhs edən “Geriyə baxma” kitabını Akademiyanın kitabxanasına hədiyyə edib və bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımından bəhs edir. Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını deyib.
Sonda Səriyyə Cəfərovanın “Xocalı – zülmət bir gecə” filminin nümayişi keçirilib. Səriyyə Cəfərovanın layihəsi olan film Xocalı soyqırımı zamanı ermənilərin girovluğunda olan soydaşlarımızın ağlasığmaz işgəncələrə məruz qaldığı onların özü tərəfindən nəql edilir.