3 Mart 2023 19:59
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi "Novruz mühazirələri"nə start verilib.

Teleqraf.com xəbər verir ki, "Azərbaycan Cümhuriyyətinin təhsil siyasəti" mövzusunda ilk "Novruz mühazirəsi" professor Ədalət Tahirzadənin təqdimatında keçirilib. Mühazirədə ADPU-nun professor-müəllim heyəti, tələbə və magistrantları ilə yanaşı təhsil ictimaiyyətinin nümayəndələri də işitak ediblər.

Ustad dərsində giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bu ictimai mühazirələrin əhəmiyyətinə diqqət çəkərək, Pedaqoji Universitetin kitabxanasının yenidənqurmadan sonra bu cür elmi-kültəvi tədbirlərin mərkəzinə çevirildiyini xüsusilə vurğulayıb. Prof. C.Cəfərov prof. Ə.Tahirzadənin Azərbaycan təhsil tarixinin araşdırılmasındakı böyük xidmətlərindən söz açaraq, bu mühazirənin əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, 2016-cı ildən keçirilən layihə müxtəlif regionlarda, ali təhsil müəssisələrində ictimai mühazirələrin təşkili yolu ilə populyar elmi diskussiya mühiti yaratmaq məqsədi güdür.

Daha sonra auditoriya qarşısında çıxış edən professor Ədalət Tahirzadə Azərbaycan Cümhuriyyətinin yarandığı dövrdə Çar Rusiyasının apardığı siyasət nəticəsində müsəlman Azərbaycan xalqının təhsil almaqdan məhrum olunmaları nəticəsində ölkədə ciddi kadr çatışmazlığının olduğunu, ana dilində təhsilli şəxslərin yox dərəcədə olduğunu diqqətə çatdıraraq, belə şəraitdə Cümhuriyyətin qarşısında duran ən vacib məsələlərin dövlət dili və ana dilində təhsil haqqında qərarlar qəbul etmək, müəllimlər yetişdirmək, müxtəlif sahədə kadrlar hazırlamaq olduğunu vurğuladı:
“Cümhuriyyət bunun üçün əvvəlcə bir neçə cəhd etdi. Tiflis Politexnik İnstitutuna tələbələrin göndərilməsi, Zaqafqaziya Universitetinin Bakıya köçürlüməsi və s. Lakin bu cəhdlər nəticə verməyəndə, Cümhuriyyət parlamenti eyni gündə - 1 sentyabr 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması və 100 tələbənin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi haqqında qərar qəbul etdi. Bu tələbələrin təhsili üçün 140 min frank məbləğində maliyyə ayrılmışdı ki, o dövr və ölkənin maliyyə imkanları nəzərə alınanda bu olduqca böyük məbləğ idi.”

Alim qeyd edib ki, “Azərbaycan Cümhuriyyəti tələbələri” adlı irihəcmli tədqiqat əsərində bu tələbələrin hər biri haqqında ətraflı araşdırma aparılıb. Bildirilib ki, ümumilikdə xaricə gedən 102 nəfərdən 46-sı sonrada vətənə qayıtdı, lakin onların əksəriyyətini sovetlər güllələdi, çünki bu şəxslər Cümhuriyyətin milli kadrları idi.

Mühazirədə vurğulanıb ki, qısa vaxt ərzində və məhdud resurslarla aparılan məqsədyönlü milli təhsil siyasəti nəticəsində Cümhuriyyət tərəfindən milli müəllim kadrları hazırlayan 9 kişi müəllimlər seminariyası, 1 qadın müəllimlər seminariyası, 360-a qədər orta məktəb yaradıldı, 12 yeni dərslik tərtib olundu, Türkiyədən 50-yə qədər müəllim gətirildi.

Mühazirənin sonunda qeyd olunub ki, əgər Cümhuriyyət qurulmasaydı, onun dil, təhsil siyasəti olmasaydı, bu gün bizim müstəqil ölkə kimi mövcud olmamız, ana dilimizdə danışmağımız, ana dilinin dövlət dili olması sual altında olardı.
Daha sonra mühazirə prof. Fikrət Rzayev, prof. Şahlar Əsgərov və başqalarının, tələbələrin sualları ətrafında diskussiya şəklində davam etdirilib.

Sonda alim müəllifi olduğu kitablardan ADPU-nun kitabxanasına hədiyyə edib, həmçinin ADPU-nun 100 illiyi münasibəti ilə hazırlanmış və universitetin 100 illik tarixinin müxtəlif aspektlərini özündə əks etdirən kitablar professora hədiyyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər