Dünyanın ən yaxşı universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə kimya mühəndisliyi üzrə bakalavr səviyyəsinə qəbul olan 16 yaşlı Dəniz Səttarlı Teleqraf.com-un həmsöhbəti olub.
Dəniz eyni zamanda MIT-ə Azərbaycandan bakalavr üzrə daxil olan iki məktəbli qızdan biridir.
“Bəzən akademik bacarıqları yüksək olanlar belə kənarda qalır”
Martın 14-dən 15-nə keçən gecə saat 02:28-də MIT-ə daxil olmağımla bağlı xəbəri alanda reallıq hissini itirmişdim. İnana bilmirdim... Çünki mən 13 universitetə müraciət eləmişdim. Onların arasında qəbulu çətin, orta və asan olan universitetlər var idi. MIT bunların ən çətini idi. Dünya reytinqində birinci olduğu üçün bu universitet xarici tələbələrdən 1.41 faiz ehtimalla qəbul edir. Çünki 100 xarici ölkədən 136 tələbəyə yer ayırır.
Bura qəbul olunmaq həm də şans işidir. Yer sayı limitli olduğu üçün akademik bacarıqları yüksək olan tələbələr bəzən gözdən qaça, kənarda qala bilir. Ona görə MIT-ə qəbul olunduğum üçün özümü çox şanslı hesab etdim. Həm də üzərimə yeni və böyük məsuliyyətin düşdüyünü anlayıram.
“Onları görüb həvəsləndim, mümkünsüz deyilmiş”
6-cı sinifdən Amerikada təhsil almağı arzulayırdım. Amma eşitdiklərim məni məyus edirdi. Deyirdilər, Amerikaya qəbul olunmaq mümkünsüzdür, oxumaq üçün yüksək maddi vəsait lazımdır. Amma təqaüd almaq mümkünsüz deyilmiş. Çünki mən keçən il beynəlxalq olimpiada komandasının tərkibində yer alanda yalnız mən 10-cu sinfi təmsil edirdim. Qalanlar 11-ci sinif şagirdləri idi. Onların üçü də dünyanın top 12 reytinqində yerləşən universitetlərinə qəbul olunublar: Salman Hüseynov MIT-də, Nəriman Şirinli, Məhsəti Piriyeva isə Sinqapurda "top 10"da olan universitetlərdə təhsillərini davam etdirəcəkdilər.
Onları görüb həvəsləndim və düşündüm ki, əgər komanda yoldaşlarım bunu bacarıblarsa, demək, məndə də alına bilər. Beləliklə, özümü sınamaq qərarına gəldim və 6-ci sinifdəki arzumu reallaşdırmağa çalışdım. Ötən ildən xaricdə təhsil üçün lazım olan sənədlərimi hazırladım, prosedurları yerinə yetirdim.
“MIT üçün yalnız yüksək bal kifayət deyil”
Seçilmək üçün yaşıdlarımızdan fərqləndirən nəticələrə ehtiyacımız var. Xarici universitetlərə girmək üçün sadəcə qiymət və yüksək bal kifayət deyil. Biz həmçinin fərqli özəlliklərə sahib olmalıyıq. Onlardan biri dünya olimpiadaları nəticələridir, sonra start-up və digər şərtlərdir. Bununla yanaşı, özünütəqdimat önəmli rol oynayır. Çünki motivasiya məktubları yazmalıyıq. Və orada bizə ünvanlanan suallara cavab verib, özümüzü ən yaxşı şəkildə təqdim etməliyik.
Eyni zamanda müəyyən imtahanlar veririk: IELTS və digər. Bu imtahanlar bizim portfoliomuzu təşkil edir və bunu paket şəklində universitetlərə göndəririk. Növbəti mərhələdə intervüdür. O mərhələni uğurla tamamladıqdan sonra qəbula adlayırıq. İntervü yaxşı keçməyəndə şans azalır.
“Əgər mənə bu şansı veriblərsə, deməli...”
Əslində MIT-in intervüsündən gözləntim çox deyildi. Çünki ən çətin universitetdir və düşünürdüm ki, mənə "top 50"də olan universitet məqbuldu. Hədəfimi o qədər də yüksək qoymamışdım. Amma MIT-in intervüsündən sonra fikrim dəyişdi. Düşündüm ki, əgər mənə bu şansı veriblərsə, deməli, potensialımı görüblər. İntervünü uğurla tamamladım, fikrimi özgüvənli şəkildə ifadə etdim və ora qəbul oluna biləcəyimə daha çox inanmağa başladım. Bu inam özünü doğrultdu.
Amma yenə də o fikirdəyəm ki, insanın potensialı varsa, əzmkarlıqla xəyallarının arxasınca gedə bilirsə, "top-50"də olan universitetlərin hər hansı birinə düşmək böyük uğurdur. Çünki onların reytinqləri arasında böyük mənada fərq yoxdur. Hamısı çox keyfiyyətli universitetlərdir.
“Alternativ enerji mənbələri maraq dairəmdədir”
Start-up layihələrində iştirak etməmişəm. Sadəcə yönləndirən olmayıb. Ona görə kiçicik ixtiram da yoxdur. Amma bir dəfə 10-cu sinifdə oxuyanda qrup halında “Texnofest”ə qatılmışdıq. Birinci mərhələni uğurla keçdik. Batereya hazırlamağa çalışırdıq, ilkin olaraq ideyamızı göndərdik, bəyənildi.
İkinci, üçüncü mərhələdə onu artıq texniki olaraq nümayiş etdirməliydik. Buna isə gücümüz çatmadı, təəssüf ki, davam edə bilmədik.
MIT-də kimya mühəndisliyi sahəsində oxuyacam, vaxtımın çoxunu laboratoriyada keçirmək, araşdırmalarla məşğul olmaq istəyirəm.
Ətraf mühiti araşdıran sahələr, alternativ enerji mənbələri maraq dairəmdədir. Bu barədə araşdırmalar da aparmışam. İnanıram ki, MIT-də alacağım təhsil bu sahədə görmək istədiyim işlərdə çox faydalı olacaq.
MIT-in əsas prinsipi qrup işidir. Biz gördüyümüz işlərlə sadəcə öz inkişafımıza deyil, həmçinin dünyamızı inkişaf etdirməyə çalışmalıyıq.
Mən magistr, doktarantura təhsilini orda tamamlamaq istəyirəm. Edəcəyim kəşflər, ixtiralar, araşdırmalarla ölkəmin adını yüksəklərə qaldırmaq mənim üçün ən ali məqsəd olacaq.
Azərbaycanda ilk
Sevinirəm ki, mənimlə barəbər Fidan da (Fidan Qarayeva-red.), hətta keçən il Özbəkistanda keçirilən Mendeleyev olimpiadasında tanış olduğum qazaxıstanlı qız da MIT-də oxuyacaq. Onu orada görəcəyimə çox şadam. Bu il həmin universitetə MDB ölkələrindən cəmi üç nəfər qəbul olunub: ikisi azərbaycanlı, biri qazax.
“Anam intizam tərəfdarı, atam isə...”
Anam coğrafiya müəllimidir. O, mənim disiplinli, intizamlı biri olaraq yetişməyimi istəyib. Aşağı siniflərdə oxuyanda belə mənə heç vaxt güzəşt etməyib. Bütün tapşırıqları yerinə yetirəndən sonra mənə dincəlməyə icazə verirdi. Hətta yay tətilində də bədii kitablar oxuyurdum.
Atam isə başqa yöndən – daha çox sevdirərək bunu edirdi. Anam da sevdirirdi, amma o, daha çox məcburiyyətə üstünlük verirdi. Çünki elmi nə qədər sevərək öyrənsək belə bir o qədər disiplin, məsuliyyət, məcburiyyət önəmlidir. 5-6 saat elmlə məşğul olmaq üçün sadəcə sevmək bəs eləmir.
Atam tərcüməçidir. O, mənim ingilis dilinə yaxşı yiyələnməyimi, ingiliscə səlis danışmağımı istəyib. Bağça dövrlərimdə mənə ingilis dilində cizgi filmlər izlədirdi. Yadımdadır, üçüncü sinifdə oxuyurdum, BBC kanalını açırdı və deyirdi, buna bax və qulağın öyrəşsin.
O, sadəcə qrammatikaya deyil, inşa yazmağa, danışmağa, fikrimi ifadə etməyə çox önəm verirdi.
Ailəm hər baxımdan mənə dəsktək olub. Sizin vasitənizlə də onlara təşəkkür edirəm. Hələ nənə-babamı demirəm...
Azərbaycanda əksər insanlar düşünürlər ki, qız uşaqlarının xaricə getməsi təhlükəlidir. Bu qərarı atam-anam nənə və babama deyəndə onlar çox sevindilər. Dedilər ki, qoyun uşaq inkişaf etsin, orda elmi araşdırmalar aparsın, gələcəkdə alim olsun.
“Rəqabətdə onlara üstün gəlmək üçün daha çox çalışmaq lazım idi”
Mən çox gec - 9-cu sinifdən olimpiadalarda iştirak etməyə başladım. Amma 7-ci sinifdən başlayanda daha uğurlu nəticələr əldə etmək mümkündür.
Məndən daha tez başlayan, öndə olan uşaqlar var idi ki, rəqabətdə onlara üstün gəlmək üçün daha çox çalışmalıydım. Mən respublika olimpiadasından ilk dəfə qızıl medal qazandım. Sonra beynəlxalq olimpiadalara hazırlaşdım. Orda artıq biz dünyanın ən güclü gəncləri ilə yarışırdıq. O səviyyədə olmaq üçün gündə 9-10 saat çalışmaq lazımdır.
10-cu sinif 11 illik təhsil dönəmində ən çox məşğul olduğum, ən çox çalışdığım il oldu. Həmin il beynəlxalq olimpiadada bürünc medal, respublikada isə ikinci dəfə qızıl medal qazandım. 11-ci sinifin əvvəlində ingilis dili imtahanlarını verəndən sonra isə daha çox özümə, istirahətimə vaxt ayırdım. Dostlarımla görüşməyə şəxsi inkişafıma - bədii kitab oxumaq, filmə baxmaq, kurslara, seminarlara yazılmaq üçün daha çox vaxtım qaldı.
Bu da çox vacibdir. Çünki disiplin və məsuliyyət nə qədər önəmli olsa da beynimizə və orqanizmimizə kifayət qədər istirahət verməsək, müəyyən zamandan sonra bizim dediyimizi yerinə yetirməyəcək.
İstirahət zamanı bədii ədəbiyyat oxumağı çox sevirəm. Xüsusən macəra kitablarını, həmçinin klassik romanları - Ceyn Ostin, Paulo Kuelyo, Frans Kafka və başqalarını qeyd edərdim.
Bu il filmlərə də çox baxdım. Əsasən ailə ilə baxıla biləcək gözəl, mənalı filmlər seçdim. Bu sahədə həm dünyagörüşümü artırdım, həm də qardaş-bacımla, ata-anamla daha çox vaxt keçirmiş oldum.
“Selçuk Bayraktar MIT məzunudur və onun dronları...”
Çox maraqlıdır ki, MIT-dəki professorların 70 faizi Nobel mükafatçısıdır. Bu, orada oxuyan tələbələrin gələcək inkişafına çox müsbət təsir göstərir, çünki bizim rol-modellərimiz olurlar. Onlara baxıb inanırıq ki, biz də münbit şəraitdə o mərtəbələrə çata bilərik.
ABŞ prezidentləri, bir çox siyasətçilər “Harvad”da oxuyub, Amerikanın və dünyanın öndə gedən elm insanları, mühəndisləri isə MIT-in məzunu olublar. MIT məzunu Selçuk Bayraktarın icad etdiyi dronlar 44 günlük müharibədə bizə çox kömək olmuşdu. Həqiqətən böyük adamdır, Türkiyədə sayılıb- seçilənlərdəndir. Ona baxıb həvəslənirəm, eyni zamanda qürurlanıram ki, MIT-i qurtaran insanlar dünyaya, ölkələrinə fayda verə bilirlər.
Mən hər zaman öndə olan insanlara baxıb stimul almağı sevirəm. Onların həyat tərzini, çalışma metodlarını nümunə götürürəm. Böyük fəxrlə adını çəkdiyimiz Lütfi-zadə... O, Berkli universitetinin professoru idi. Səhv etmirəmsə, həmin universitetdə yeganə azərbaycanlı professor idi.
Həmçinin kimya sahəsi üzrə türk Nobel mükafatçısı Əziz Sancar da mənim stimul qaynağıdır. Elm sahəsində Nobel alan ilk və tək türkdür.
“Əziz Sancarın mənə dediyi söz həyatım boyu mənə kömək olacaq”
Əziz Sancar Bakıya gələndə onu canlı görə bildim. Hətta ona beynəlxalq olimpiadalarda iştirak etdiyimi deyib, soruşdum ki, kimyanı daha da dərindən mənimsəmək üçün nələr etməliyik... O da təvazökarcasına cavab verib dedi ki, uğurlarına görə səni təbrik edirəm, amma sənin yaşında olanda mənim olimpiadalara qatılmaq şansım yox idi, sən məndən çox öndəsən, ona görə sənə ağıl verəcək durumda deyiləm. O vaxt bu video geniş yayılmışdı.
Mən bilirəm ki, o, çox böyük alimdir. Bu cavab onun nə qədər sadə və lovğalıqdan uzaq biri olduğunun sübutudur. Onun bu sözü mənə böyük stimul verdi. Düşündüm ki, Nobel mükafatçısı, böyük alim mənə bu qədər inanırsa, demək, həqiqətən böyük şeylər bacara bilərəm. İnanıram ki, bu motivasiya bütün həyat yolumda mənə kömək olacaq, məni irəliyə aparacaq.
Əgər insan öz gördüyü işlərlə, elmi fəaliyyəti ilə insanların həyatına, taleyinə müsbət mənada toxuna bilirsə, bu, böyük xoşbəxtlikdir. Ümid edirəm ki, mən də o xoşbəxtliyə çatacam.