“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Vitse-spiker Ziyafət Əsgərov deyib ki, qanun 2011-ci ildə qəbul edilib. Onun sözlərinə görə, dəyişikliklər əsasən, uçot, qeydiyyata alınma məsələlərini özünü ehtiva edir: "Dəyişikliklərdə texniki və redaktə xarakterli məsələlər də var".
Onun sözlərinə görə, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə əsasən, hərbi qeydiyyat Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.
Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.
Qanuna əlavə edilən 28.6-cı maddəyə görə isə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycanın işğal edilən torpaqlarının azad edilməsi hərbi yolla mümkündür: "Ermənistanın militarist mövqe tutur, status kvonun bu cür qalmasına çalışılır. 20 ildir davam edən sülh prosesini şübhə altına alır. Biz əlbəttə ki, silahlı qüvvələrimizi inkişaf etdirməliyik. Prezidentin bu istiqamətdə atdığı addımlar dəstəklənir. Son zamanlar yeni təyin olunan Zakir Həsənovun kabinet nazirindən əsgər nazirinə çevrilməsi də göstərir ki, ordu ciddi inkişaf edir. Bunu bu ilin avqustunda baş verən hadisələr, ordunun düşmənə layiqli cavabı təsdiq etdi. Ziyafət müəllimin qeyd etdiyi təkliflər də bu siyasətin davamına xidmət edir. Bu dəyişiklik müdafiə olunmalıdır".
Millət vəkili Qənirə Paşayeva isə sərhədyanı bölgələrdə insanların müqavilə əsasında hərbi hissələrdə işə qəbul olunmasını müsbət qiymətləndirib: “Çünki bu insanlar bölgəni yaxşı tanıyır, bəzi parametrlərə cavab verirlər. Ora əsgərlərin deyil, məhz işçilərin cəlb olunması çox yaxşı haldır. Əlavə müqavilə ilə hərbi hissəyə işçilərin götürülməsi ayrı bir məsələnin də müsbət həllinə yardımçı olardı. Bu da magistratura təhsilini almaq üçün möhlət hüququnun verilməsi ilə bağlıdır. Əlbəttə, hər kəs xidmətini çəkməlidir, heç kimə güzəştə getmək olmaz. Amma gənclərimizin elmə, təhsilə yönəldilməsi də vacibdir".
Q.Paşayeva həmçinin orta məktəblərdə hərbi dərslərin xarakterinin dəyişilməsinin vacib oludğunu da vurğuladı: "Biz formal dərslərdən reallığa keçməliyik. Fiziki, psixoloji hazırlıq olmalıdır. Bu, Təhsil və Müfaiə nazirlikləri arasında iş birliyi çərçivəsində həll olunmaldıır. Bu işbirliyi hərbi hazırlığın keyfiyyətinin yüksdəlməsinə kömək etmiş olardı”.
Fazil Mustafa isə deyib ki, hərbi rütbələrin vaxtında verilməməsinə görə məsuliyyət nəzərdə tutulmalıdır: "Əgər göstərilən müddətdə rütbə verilmirsə, onda demək vəzifə səlahiyyətindən sui-istifadə olunur”.
Deputat bildirib ki, bu gün Milli Məclisin qaşısında toplaşan müharibə əlilləri, şəhid ailələri var: “Konstitusiya Məhkəməsinin qərarı səbəbindən hamı Milli Məclisin üstünə gəlir. Bu qanun əsasında məhkəmə qərar çıxarır, amma icra olunmur. Dövlət müəyyən mənada təminat verməlidir ki, bu il neçə nəfərə sığorta pulu verilməlidir. Biz sığorta şirkətinin yox, insanların tərəfində olmalıyıq”.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Nemət